Ana Sayfa > Siyasət > Nazir Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə görüşüb

Nazir Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə görüşüb


19-12-2021, 00:19. Yazar: admin

Nazir Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə görüşüb
Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 18-də Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi ilə görüşüb.
Vertikal.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Məhdum Şah Mahmud Qureşi Azərbaycan nümayəndə heyətini salamlayıb. Pakistan-Azərbaycan əlaqələrini iki dost və qardaş ölkə arasında münasibətlər kimi xarakterizə edən pakıstanlı nazir, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Həmçinin ikitərəfli ticarət, sərmayə, enerji sahələrində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.

Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişə ilə bağlı, eləcə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Pakistanın verdiyi birmənalı siyasi-mənəvi dəstəyi vurğulayıb və bunun Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib.

Nazir ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafı ilə yanaşı, üçtərəfli formatda davam edən əməkdaşlığa istinad edib, o cümlədən cari il ərzində Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşünü, həmçinin üç ölkənin parlamentlərinin spikerlərinin görüşünü qeyd edib.

Bu il ərzində iqtisadi komissiyanın növbəti iclasının, habelə iki dövlətin prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində görüşünün keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərindən danışan nazir Ceyhun Bayramov, bu ərazilərin minadan təmizlənməsi prosesində Pakistanın təcrübəsindən istifadə edildiyini və bu xüsusda dost ölkənin Azərbaycana dəstəyini minnətdarlıqla ifadə edib.

Nazirlər həmçinin Əfqanıstandakı humanitar vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Geri dön