Ana Sayfa > Siyasət > Qərb Əliyev-Paşinyan görüşünün nəticə əsaslı olmasına çalışır – ŞƏRH

Qərb Əliyev-Paşinyan görüşünün nəticə əsaslı olmasına çalışır – ŞƏRH


6-12-2021, 10:42. Yazar: admin
Qərb Əliyev-Paşinyan görüşünün nəticə əsaslı olmasına çalışır – ŞƏRH
26 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Soçidə qəbul edilən birgə bəyanatın icrası səviyyəsini zamanlama etibarı ilə qənaətbəxş hesab etmək olar.

Görüşdən sonrakı 10 günlük periodda, dekabrın 4-də Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təqdim etdi. Azərbaycan isə bunun müqabilində saxladığı 10 erməni hərbçini təhvil verdi.

Bəyanatın digər bəndlərinin icrası üçün də danışıqlar davam etdirilir, amma İrəvanın qeyri-müəyyən mövqeyindəki ardıcıllıq prosesin müddətinin uzanmasına gətirib çıxarır.

Mina xəritələri ilə bağlı sonuncu məlumatda diqqət çəkən məqama gəlincə:

Bundan əvvəlki mina xəritələrinin Bakıya təqdim edilməsi ilə bağlı məlumatları Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayırdısa, bu dəfə Dövlət Təhlükəsizliyi Xidməti informasiyanı yaydı.

Bu o deməkdir ki, Azərbaycan bütün diplomatik korpusları, güc strukturlarını Ermənistana basqı yaratmaq üçün səfərbər edib.

Bundan əvvəlki mina xəritələrinin dəqiqliyi 25 faiz idi, görünür ki, DTX-nin prosesdə iştirakı həm də ona hesablanıb ki, Azərbaycan tərəfi xəta ehtimalı az olan mina xəritələrini alsın.

Bu o deməkdir ki, Soçi görüşündən sonra Bakı prosesi sürətləndirmək üçün sistemliliyi yeni müstəviyə daxil edib.

Ermənistan mətbuatında isə baş nazir Nikol Paşinyanın hansısa güzəştə imza atması barədə məlumatlar dövriyyədədir, elə mina xəritələrinin təqdimi də İrəvanın basqı altındakı qərarlar verməsinin göstəricisi kimi qəbul edilə bilər.

Niyə? Çünki üçtərəfli bəyanatın icrasında problemlər yaransa, burada Rusiyanın məsuliyyəti yaranacaq. Hazırda isə Moskva Qərblə rəqabət şəraitində imza atdığı sənədin yalnız nəzəri xarakter daşımasında maraqlı deyil.

Soçi bəyanatından sonra canlanmanın olması Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında dekabrın 15-də Brüsseldə keçiriləcək görüş üçün nəticə əsaslı qərarların olmasını şərtləndirir.

Yəni Qərb “biz də sülhyaratma prosesinə töhfə veririk” mesajını aydın şəkildə verməlidir, əks təqdirdə Moskvanın təşəbbüsü qarşısında neytral mövqedə görünəcək.

Ümumiyyətlə Moskva-Qərb xəttində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün diplomatik rəqabətin elə diplomatik tərzdə təzahürləri irəliləyiş üçün müsbət siqnallar kimi dəyərləndirilməlidir.

Postmüharibə dövründə Əliyev-Paşinyan görüşünün yeni məkana daşınması (müharibədən sonra liderlər ilk dəfədir ki, Qərb kuluarlarında görüşəcək) təmaslarda konkret nəticələrin hasil olmasına gətirib çıxaracaq.
Geri dön