Ana Sayfa > Siyasət > Görüş alınmadı: Qarabağda gərginlik artır… – AKTUAL ŞƏRH
Görüş alınmadı: Qarabağda gərginlik artır… – AKTUAL ŞƏRH10-11-2021, 08:55. Yazar: admin |
Paşinyan da tərəddüd edir, Azərbaycan Müdafiə Nazirliyi də... 10 noyabr atəşəkəs bəyanatının ildönümü ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti sammiti gözlənilirdi, amma regionda tamamilə əks proseslər gedir. Xatırladaq ki, ötən ay Rusiyanın RİA Novosti agentliyi öz mənbələrinə istinadən liderlərin noyabrın birinci ongünlüyündə Moskvada görüşəcəyi barədə xəbər yayıb. İddia edilib ki, danışıqlardan sonra üçtərəfli bəyanatların imzalanması gözlənilir; sənədlərdən biri Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, digəri isə regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı olacaq. Növbəti üçtərəfli görüşü arxa plana atan hadisələrə gəlincə, Ermənistan müxalifəti dünən İrəvanın mərkəzində aksiya təşkil edib, Paşinyan hökumətini Azərbaycanla hər hansı razılaşmaya (sərhədlərin delmitasiyası və demarkasiyası, kommunikasiyaların açılması – red.) getməməyə çağırıb. Mitinqdə iştirak edən eks-prezident, “Hayastan” blokunun lideri Robert Koçaryan hakimiyyəti “barrikadalarla devirmək”lə hədələyib. Onun fikrincə, belə bir sənədin imzalanması həm Ermənistana, həm də Dağlıq Qarabağa təhlükə yaradır. Dünən Ermənistanın müdafiə naziri Arşak Karapetyan Xankəndinə səfərə gəlib, yerli separatçıların rəhbərləri, habelə qanunsuz silahlı birləşmələrin komandirləri ilə görüşlər keçirib. Bu səfər Azərbaycanda etirazla qarşılanıb, Müdafiə Nazirliyinin yaydığı bəyanatda nazirin səfəri, hərbi hissələrin döyüş hazırlığı barədə səsləndiriyi fikirlər hərbi-siyasi təxribat adlandırılıb: “…Bununla Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür”. Sənəddə vurğulanır ki, Ermənistanın hərbi rəhbərliyi 44 günlük İkinci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə, daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir: “Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan Respublikası ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir”. Bəyanatda yazılıb ki, Ermənistan silahlı qüvvələrinin müəyyən tərkibi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalmaqda davam edir: “Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək”. Bu gün separatçılar vəziyyəti gərginləşdirən daha bir açıqlama yayıb. Özünü “Dağlıq Qarabağın İstintaq Komitəsi” adlandıran qurum iddia edib ki, noyabrın 8-də saat 15:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin şəxsiyyəti hələlik məlum olmayan hərbi qulluqçusu Şuşa-Laçın avtomobil yolunda boru kəmərini təmir edən vətəndaşlara bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində Xankəndi sakini, 1998-ci il təvəllüdlü Martik Yeremyan başından güllə yarası alaraq hadisə yerində ölüb. Gevorq Melkumyan, Qaqik Qazaryan və Armen Sarkisyan isə yaralanıblar. Qeyd edək ki, bu barədə nə Qarabağdakı rus sülhməramlıları, nə də Ermənistan Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıblar. Azərbaycan tərəfi də bu informasiyanı şərh etməyib. Bütün bunlardan sonra bu gün isə Rusiya prezidentinin köməçkisi Dmitri Peskov bəyan edib ki, Qarabağda atəşkəs bəyannaməsinin imzalanmasının ildönümü ilə əlaqədar Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün konkret tarixi hələ müəyyən edilməyib. Xatırladaq ki, noyabrın 7-də baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində noyabrın 9-da keçiriləcək üçtərəfli görüşlə bağlı heç bir razılaşmanın olmadığını bildirmişdi. Erməni müxalifətinin etiraz mitinqi keçirilən gün Paşinyanın müdafiə nazirini Qarabağa göndərməsi təsadüfi deyil. Ötən həfət o, İctimai Televiziyaya müsahibəsində “konret qərarlar verməyin vaxtı çatıb, 10 noyabr və 11 yanvar bəyanatlarının arxasındayam” desə də Moskvada yeni sənədlərə imza atmaqda tərəddüd edir. Hazırda müxalifət Baş naziri satqınlıqda, Qarabağı Azərbaycana təhvil verməkdə suçlayır. Paşinyan isə manevr etməklə müxalifətin arqumentlərini neytrallaşdırmağa çalışır. Azərbaycan Müdafiə Nazirliyinin erməni nazirin Xankəndinə səfərinə etiraz bəyanatında bir neçə diqqətçəkən məqam var. Əvvəla, bəyanatın tonu əvvəlki açqlamalarla müqayisədə daha sərtdir. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatlarının keçirilə biləcəyi anons edilir. Bununla belə, bəyanatda Rusiya sülhməramlılarının məsuliyyət məsələsi qabardılmır. Halbuki, həmin dəstələrin ərazidə qalması, Laçın dəhlizi vasitəsi ilə silah, ərzaq təminatı və rotasiyasının həyata keçirilməsi bilavasitə Rusiyanın nəzarəti altında baş verir. Azərbaycan dəhlizə nəzarət edə bilmir, 10 noyabr bəyanatı ilə müvəqqəti olaraq bu missiya Rusiya hərbi kontingentinə verilib. Onlar isə Azərbaycanın suverenliyini açıq-aşkar pozaraq, bu tipli addımları davam etdirirlər. Müdafiə Nazirliyinin açıqlamasını şərh edən hərbi ekspert Ədalət Verdiyev xəbərdarlıqların dəfələrlə təkrarlandığını önə çəkir. “Bir dəfə də xəbərdarlıq etmədən bunu dediyiniz qaydada həyata keçirin. Xəbərdarlıq diplomatlara və siyasətçilərə aid funksiyadır. Hərbi qurum maksimum 1 dəfə xəbərdarlıq edər, 10 dəfə vurar. Bizdə tərsinə alınır. Müdafiə Nazirliyinin bu istiqamətdə fəaliyyəti Ali Baş Komandanın bəyanatlarına uyğun gəlmir. Erməni nazir bizdən icazəsiz Qarabağa gəlibsə, deməli, bizi saymır, ərazi bütövlüyümüzü şübhə altına alır. Vurun, düşünmədən vurun. Əks tərəf anlasın ki, siz 1 dəfə xəbərdarlıq etmisinizsə, bu, illərlə qüvvədədir”, – deyə o vurğulayıb. Hərbi ekspertin sözlərinə görə, əslində hərbi kəşfiyyat erməni nazirin Qarabağa səfəri barədə əvvəlcədən məlumata malik olmalı idi: “Bu xəbərdarlıq isə Arşakın səfərindən əvvəl səsləndirilməli, bunu əks tərəf diqqətə almadıqda, 3-5 canavar Arşakı qara rəngli “Land Cruser” ilə birlikdə Bakıya, Zakir Həsənovun kabinetinə gətirməli idi. Yoxsa, Arşak gələcək, seperatçılarla görüşəcək, yeyib-içib qayıdıb gedəcək, bundan sonra da “qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda” nə edəcəyimizi bəyan edəcəyik. Qarabağa yaxınlaşan erməni rəsmisinin ruhu dərhal bədənindən uçmalıdır. Qalanı əfsanədir”. pressklub.az Geri dön |