Ana Sayfa > Siyasət > Moskva Qarabağda sülhməramlı missiyasını əbədiləşdirməyə hazırlaşır - Bakı və Ankara hazırlaşmalıdır
Moskva Qarabağda sülhməramlı missiyasını əbədiləşdirməyə hazırlaşır - Bakı və Ankara hazırlaşmalıdır11-09-2021, 08:57. Yazar: admin |
Ümumiyyətlə, Rusiyanın paytaxtında dəbdə olduğu kimi uğursuzluqlarınızı müvəffəqiyyət kimi elan etməyi bacarmaq lazımdır. Son zamanlar onlarda diplomatiyanın xüsusi nailiyyətləri ilə öyünməyə bir səbəb yoxdur. Ukrayna trekində vəziyyət pisləşir. Zelenskinin Vaşinqtona səfərinin nəticələri artıq özünü göstərir. Ukraynanın “ICTV” kanalında Baş nazirin müavini, müvəqqəti işğal edilmiş ərazilərin reinteqrasiyası naziri, Minsk danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbərinin müavini Aleksey Reznikov Kiyevlə Vaşinqtonun "Strateji Tərəfdaşlıq Xartiyası"nı yenidən yazmağa razılıq verdiklərini söylədi. Payızın ortalarında Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken bununla məşğul olacaqlar. Təxminən eyni vaxtda ABŞ müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı ilə hərbi və hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi ilə məşğul olacaq. Əgər bu deyilənlər Prezident Co Bayden ilə görüşdə Prezident Vladimir Zelenskinin uğursuzluğudursa, o zaman ümumiyyətlə uğur deyilən şey nədir? Moldovadakı vəziyyət Moskva üçün bundan heç də yaxşı deyil. Ukrayna, Polşa və Rumıniya prezidentləri ilə görüşdə Prezident Maya Sandu Avropa strukturlarına qoşulma addımlarını açıq şəkildə ifadə etdi və nəyisə Rusiyanın xeyrinə dəyişməkdən imtina etdi. Ukrayna sərhədçiləri Dnestryanı dövlət nömrə nişanlı avtomobillərə ərazisiniə keçidi dayandırdıqdan sonra bölgə bir növ mühasirədə qalıb. Kişinyovda bütün sürücülərə və motorlu nəqliyyat vasitələrinin sahiblərinə onları Moldovada qeydiyyatdan keçmək, müvafiq nömrələri və beynəlxalq standartdakı sürücülük vəsiqələrini almaq və sonra istənilən yerə getmək təklif edildi. Lakin Tiraspoldakı separatçı qurumlar bunu “müstəqilliklərinə” xələl gətirmiş hesab edir və məsələnin həllinə mane olurlar. Moskva böyük hiddətini bildirdi və bununla kifayətləndi. Moskvanın Dnestryanıdakı tərəfdarlarına kömək edəcək heç bir real mexanizmi yoxdur. Eyni zamanda, ən qızğın başlar problemin hərbi yolla həllindən danışmağa başladılar. Lap dəlisovlar isə Odessa bölgəsində bir dəniz desant hücumu və Moldavadan Dnestryanı istiqamətində bir irəliləyiş haqqında xəyal qururlar. Mövcud siyasi və hərbi-strateji vəziyyətdə bu, tamamilə cəfəngiyat kimi görünür, amma Rusiya paytaxtında hakimiyyətdə olanların çoxu bu xəstəlikdən əziyyət çəkir. Bu və digər uğursuzluqlar Kremldə ətrafındakı qonşulara qarşı aqressiya partlayışına səbəb olur. Qazaxıstana qarşı ərazi iddialarını təsadüfi adlandırmaq olmaz. Yenə də Moskvada, bolşeviklər tərəfindən milli respublikalar verilmək üçün kəsilmiş rus torpaqlarından, qazaxların heç vaxt öz dövlətçiliyinə malik olmadıqlarıdan və bütün müstəqilliklərinin Sovet hökumətinin anlaşılmaz siyasətinin bir növ bəhrəsi olduğundan danışmağa başladılar. Federal telekanallarda bu barədə olan bütün cəfəngiyatları sadalamayacağıq, ancaq Qazaxıstanda buna kifayət qədər ciddi yanaşdıqlarını və bunun üçün bütün səbəbləri olduğunu qeyd edirik. Keçən ilin noyabrında, Dağlıq Qarabağ uğrunda müharibə bitdikdən, müqavilənin imzalanmasından dərhal sonra Rusiyanın sözdə sülhməramlılar vasitəsi ilə Ermənistanın xeyrinə hərəkət edəcəyi və İrəvan üçün Qarabağın məlum bir hissəsini saxlamaq naminə hər şeyi edəcəyi aydın idi. Üstəlik, Moskva getdikcə daha çox müttəfiqi Ermənistanın tərəfini tutur. Bu, bəzən nisbətən əhəmiyyətsiz, bəzən də əhəmiyyətli məsələlərdə özünü göstərir. Bakı kifayət qədər kəskin reaksiya verir və bu, Moskvanı qıcıqlandırır. Burada Rusiyanın açıq ermənipərəst mövqeyinə bir nümunə var. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlardan sonra Sergey Lavrov Azərbaycanı əlavə şərtlər olmadan erməni “hərbi əsirləri” azad etməyə çağırdı. "Biz bu siqnalı [hamını hər kəslə dəyişmək üçün] azərbaycanlı həmkarlarımıza göndəririk, heç bir şərt olmadan hamını azad etməyə çağırırıq". Görünür, Lavrovun idarəsi məsələni qarışdırmaqla məşğuldur. Və bu heç də təsadüfi bir addım deyil, tamamilə uzunmüddətli bir plandır. Azərbaycanın xarici siyasəti, xüsusən də son müharibədəki qələbədən sonra Rusiyanın hakim dairələrinin getdikcə kəskin qıcığına səbəb olur. Bura Türkiyə ilə bütün sahələrdə, xüsusən müdafiə və hərbi-texniki sahədə sıx əməkdaşlığı da aid etmək lazımdır. Azərbaycan və Türkiyə ordusunun davam edən hərbi təlimləri nəinki Ermənistanı, hətta Rusiyanı da çox narahat edir. Beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Qriqori Trofimçuk öz “Facebook” səhifəsində Qarabağdakı vəziyyəti bu cür qiymətləndirir. “Türk ordusu Qarabağda hərbi təlimlər keçirir. Sakit və sərbəst şəkildə burada patronun kim olduğunu göstərir ... Bu təlimlər daha çox Moskva üçün bir sınaq, nümayiş kimi. Amma bu yalnız hələlik belədir... Və Qarabağ savaşının davam etməsi haqqında. Hər hansı bir əsas məsələlərdə aydınlıq yoxdursa, deməli, müharibə bitməmişdir ". Digər rusiyalı hərbi ekspert, birinci rütbəli kapitan, hərbi elmlər doktoru Konstantin Sivkov Moskvada nəşr olunan Ermənistanın "Noyev kovçeq" qəzetində tamamilə birmənalı şəkildə danışdı. “Azərbaycan açıq şəkildə sərt anti-Rusiya kursu nümayiş etdirir, Türkiyə ilə yaxınlaşaraq bölhəni türk ekspansiyası üçün platsdarma çevirmək istəyir. Azərbaycan ərazisində bir qrup terrorçu yerləşdirildi. Türkiyənin İdlib qazanından (Suriyada) Dağlıq Qarabağda müharibə aparmaq üçün göndərdiyi bir qrup terrorçu və bu gün də oradadır". Ekspert, bu və digər söylədiklərindən kifayət qədər aydın bir nəticə çıxarır. “Azərbaycan əlbəttə ki, Rusiyaya qarşı düşmən bir dövlətdir ... Düşünürəm ki, Rusiya rəhbərliyi bunun fərqindədir və Azərbaycana qarşı cavab tədbirləri görüləcək. Hələlik bir sıra şərtlərə görə Rusiya Azərbaycanın düşmənçilik fəaliyyətini yatırmaq üçün fəal addımlar ata bilməz. Amma düşünürəm ki, bu zaman məsələsidir". Rənglərin tündləşməsini müsahibənin Moskvadakı erməni qəzetlərindən birinə verilməsi ilə əlaqələndirmək olar. Fransızların dediyi kimi, “noblesse oblige” – yəni ki, vəzifə məcbur edir. Buna baxmayaraq, Sivkov yaxın və orta perspektivdə Rusiyanın Azərbaycana qarşı siyasətinin əsaslarını çox dəqiq təsvir etdi. Moskvanın təcavüzkarlığı praktiki olaraq sərhədlərinin bütün perimetri boyunca artır. Məsələ təkcə Gürcüstan, Ukrayna və Moldova ilə məhdudlaşmır. Növbəti sırada Orta Asiya dövlətləri, indi də Azərbaycan gəlir. Əvvəlcə informasiya və təbliğat hazırlığı gəlir. Əhəmiyyətli olmayan və çox yayılmayan medialarda oxşar müsahibələr verilir ki, onların da məzmununda bu və ya digər ölkə Rusiya dövlətinin düşməni kimi təqdim olunur və onu sülhə və dostluğa məcbur etmə tədbirlərindən başqa yol qalmadığı söylənilir. Bu cür addımların siyahısı hamıya məlumdur. Ukrayna və Qazaxıstan rusdilli insanları sıxışdırmaqda günahlandırılır, sonra keçmişin ərazi hədiyyələri, sonra da yanlış dövlətlərlə dost olmaları barədə ifadələr var. Son ittiham Rusiya təbliğatının arsenalında ən güclü vasitədir. NATO ölkələrinin hərbi bazaları haqqında danışılır və Azərbaycanın Alyansa üzv ölkə ilə sıx dost olduğu xüsusi olaraq vurğulanır, bu da “Hannibal ad portas” – “düşmən qapıdadır” olması deməkdir. Və nəticə birmənalıdır. Sivkovun dediyi kimi, müəyyən bir istiqamətdə aktiv addımlar atmaq lazımdır. Yaxın gələcəkdə Rusiyanın Azərbaycana qarşı birbaşa təcavüzü olmayacaq, amma Moskva Qarabağda sülhməramlı missiyasını əbədiləşdirməyə hazırlaşır. Açıq şəkildə 2025-ci ildə bu bölgəni tərk etməyəcəklərini söyləyirlər. Və bu birbaşa müharibə təhlükəsi deməkdir. Bakı və Ankara hadisələrin belə inkişafına hazırlaşmalıdır. Ukrayna təcrübəsi açıq şəkildə göstərir ki, Moskva ilə münasibətlərdə daim ayıq olmaq lazımdır. Ondan yaxşı heç nə gözləmək olmaz. Geri dön |