Ana Sayfa > Siyasət > Parlamentin “payızı”: Lazımsız təriflərə son qoyulmalıdır – ŞƏRH

Parlamentin “payızı”: Lazımsız təriflərə son qoyulmalıdır – ŞƏRH


31-08-2021, 11:23. Yazar: admin
Parlamentin “payızı”: Lazımsız təriflərə son qoyulmalıdır – ŞƏRH

Azərbaycanda hakimiyyətin qanunverici qanadı – ali qanunverici orqan Milli Məclis payız sessiyasına hazırlaşır.

Parlamentin fəaliyyətini tənzimləyən Konstitusiya müddəalarından, qanunlardan danışmayacağıq, texniki prosedur qaydalarını sadalamadan deyə bilərik ki, Milli Məclisin “payızı” deputatlardan gərgin zehni iş və düzgün təhlil etmə qabiliyyəti tələb edir.

Bir sıra qanun layihələri qəbul ediləcək, yarımçıq qanun layihələrindən bəziləri ya müzakirəyə çıxarılacaq ya da ki onun müzakirəyə təqdim edilməsi üçün təkliflər səslənəcək. Əvvəlki illərin təcrübəsi belə deməyə əsas verir, məsələn, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında” qanun layihələrinin adlarını çəkə bilərik.

Gözləmədə olan digər qanun layihələri də var, detallara varmadan ən vaciblərinin adlarını çəkməyi daha məqsədəuyğun hesab edirik.

Düşünürük ki, Milli Məclisin qarşısında duran digər məsələ Rəqabət Məcəlləsinin qəbuludur. Bu sənəd 14 ildir ki, ehtiyatda qalaraq mürgüləyir, lakin onu “oyatmaq” müşkülə çevrilib.

İndi ümid qalır ki, Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı parlamentin payız sessiyasının iş planına məsələ daxil edilsin, hərçənd ehtimal elə də böyük deyil.

Rəqabət Məcəlləsi qəbul edilərsə:

1. Azərbaycan iqtisadiyyatında sağlam rəqabət yaranacaq,

2. Monopoliya aradan qalxacaq (əgər qanunun icrası düzgün həyata keçirilsə),

3. Qiymətlərdə ucuzlaşma müşahidə edilə bilər.

Bu bəndlər Rəqabət Məcəlləsinin xarakter və ruhunun ümumiləşmiş təqdimatıdır.

Parlament payız sessiyasında 2022-ci ilin dövlət və icmal büdcələrinin qəbuluna da imza atacaq. Bu işdə deputatların üzərinə ağır yük düşür və onlar bunun öhdəsindən gəlməlidirlər. Ona görə ki, hökumətin hazırladığı büdcə sənədləri, orada əks olunan rəqəm və proqnozları süzgəcdən keçirmək parlamentin öhdəsinə düşür.

Yəni bir az da sadə desək, deputatlar büdcə müzakirələri zamanı hökumət nümayəndələrini sual yağışına tutmalıdır, düzgün və obyektiv mühakimə yürütməyi bacarmalıdır.

Büdcə müzakirələrində təriflər lazımsızdır, ən azından büdcənin optimal olması üçün təkliflər səsləndirilməlidir.

Bu proses xüsusi həssaslıq tələb edir, ən azından ona görə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yaranan yeni geosiyasi reallıq var. Büdcədə bunların nəzərə alınacağı şübhəsizdir, lakin daha düzgün və əhatəli olması üçün praqmatik təkliflər də önə sürülməli və onlar büdcə kriteriyalarına salınmalıdır.

Bundan əlavə, seçicisinin üzünü görməyən deputatlar bu vərdişə son qoymalı, fəallıq nümayiş etdirməli, şikayət və problemləri dinləməli, onun həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldırmalıdırlar.

Parlamentin payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-na qədər davam edir.
Geri dön