Ana Sayfa > Siyasət > Paşinyanın "208 milyonluq büdcə" fırıldağı: Xankəndidə yaşayan ermənilər artıq çoxdan unudulub
Paşinyanın "208 milyonluq büdcə" fırıldağı: Xankəndidə yaşayan ermənilər artıq çoxdan unudulub28-03-2021, 16:33. Yazar: admin |
Ermənistanda Dağlıq Qarabağın artıq əlçatmaz və çox uzaqda olduğunu anlayırlar; Ermənilərin cəmisi 9 faizi bu mövzuya önəm versə də, baş nazir Nikol Paşinyan və onun siyasi rəqibləri seçki ərəfəsində bu məsələdən demək olar ki, sonuncu dəfə yararlanmaq istəyirlər... Ermənistanda növbədənkənar parlament seçkiləri artıq başlayıb. Ancaq təbliğat kampaniyasında hələlik yalnız özü şəxsən iştirak edir. Onun siyasi rəqibləri isə proses qeyri-rəsmi olduğundan hazırda oyundankənar vəziyyətdə qalıblar. Ermənistan baş naziri Nikol Paşinyan ölkənin əyalətlərinə səfərlər edir, seçicilərə müxtəlif vədlər verir. Eyni zamanda, yenidən avantürist addımlar da ataraq, özünün əleyhinə olanların da səslərini toplamağa çalışır. Və bu məqsədlə hətta dövlətin maliyyə resurslarını belə, istifadə etməkdən çəkinmir. Məsələn, onun erməni separatçıları ilə görüşündə qəbul etdiyi qərarlar əsl siyasi avantüradır. Çünki baş nazir Nikol Paşinyanın bu görüşdə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə yaşayan ermənilərin mənzil təminatı üçün 208 milyon dollarlıq büdcənin ayrıldığını bəyan etməsi yolverilməz davranışdır. Və bu niyyətin reallaşdırılmasına göstərilən istənilən cəhd Azərbaycanın suveren hüquqlarına növbəti kobud müdaxilə xarakteri daşıyır. Məsələ ondadır ki, bölgə müvəqqəti olaraq, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olsa da, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rəsmi Bakının icazəsi olmadan həmin ərazidə kimsə bir daşı, digər daşın üzərinə qoya bilməz. Və bu hüquqi reallıqdan yan keçmək cəhdləri regionda yeni gərginlik qaynağına çevrilə bilər. Digər tərəfdən, cəmisi bir neçə gün öncə erməni baş nazir əyalət görüşündə "Ermənistanda kim hakimiyyətə gəlsə, üçtərəfli anlaşmalara riayət etmək məcburiyyətindədir. Buna qarşı çıxmaq fəlakət olardı" demişdi. İndi nə baş verdi ki, erməni baş nazir birdən-birə Azərbaycan ərazisində mənzil tikintisi barədə qərar cəsarəti tapdı? Məlum olduğu kimi, üçtərəfli anlaşmada Ermənistanın Azərbaycan ərazilərində mənzil tikməsinə və ya hər hansı oxşar layihələrə büdcə ayırmaq hüququ barədə heç bir müddəa yer almır. Böyük ehtimalla erməni baş nazir də qəbul etdiyi qərarın və ayırdığı büdcənin üçtərəfli anlaşmalara zidd olduğunu bilir. Üstəlik, rəsmi Bakının ona belə bir imkan tanımayacağını da anlayır. Ancaq hakimiyyətini qorumaq instinkti onu hər cür avantüraya sürükləyir. Əslində, Ermənistanın belə iri məbləğdə maliyyə vəsaiti ayırmaq üçün qaynağı da yoxdur. Olsaydı, müstəqillik dövründə elə Ermənistanda mənzil tikərdilər. Halbuki bu müddət ərzində Ermənistanda demək olar ki, dövlət səviyyəsində daşı daş üstünə qoymayıblar. Ermənistan mətbuatında yer alan məlumatlara görə, 44 günlük savaşdan sonra isə ümumiyyətlə, belə məqsədlər üçün maliyyə qaynağı mövcud deyil. İndi Ermənistan əhalisinin sosial ehtiyaclarının ödənilməsi olduqca ciddi problemə çevrilib. Bütün bunlar onu göstərir ki, erməni baş nazir yenə daxili auditoriyaya yönəlik manevrlər edir. Erməni diasporunun və ölkənin virtual pullarını öz siyasi maraqlarına yönəltməyə çalışır. Və böyük ehtimalla hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bu mövzu seçkilərdən dərhal sonra unudulacaq. Əslində, Ermənistanda Dağlıq Qarabağ mövzusu artıq indidən tədricən unudulmaqdadır. Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə yaşayan ermənilərin sosial-iqtisadi problemləri hazırda kimsəni maraqlandırmır. Erməniləri müxtəlif vədlərlə aldadıb, həmin bölgəyə gətirsələr də, indi onlar yalnız rusların ümidinə buraxılıb. Yəni, Xankəndiyə göndərilən ermənilər Ermənistanın və separatçıların avantürist planlarının girovuna çevriliblər. Ona görə də, son vaxtlar Xankəndidə ermənilərin narazılığı artmağa başlayıb. Onlar hətta kütləvi etiraz aksiyalarına belə, başlamaq məcburiyyətində qalıblar. Ancaq kütləvi etiraz aksiyaları onların problemlərinin həllində çıxış yolu deyil. Çünki, Ermənistan və separatçılar Xankəndidə ermənilərin sosial problemlərini həll etməyə qadir deyil. Ermənilərin yeganə çıxış yolu kütləvi şəkildə Azərbaycan dövlətinə müraciət etməkdir. Azərbaycan vətəndaşlığını qəbul edib, ərazisində yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunsalar, hazırda üzləşdikləri sosial problemlər ən qısa zamanda öz həllini tapa bilər. Azərbaycan dövləti buna qadirdir. Ermənistandan yardım gözləməkdə davam edəcəkləri təqdirdə, onların sosial vəziyyətləri indikindən də ağır olacaq. Birincisi, rəsmi İrəvan Azərbaycan ərazisində hər hansı prosesə müdaxilə edə bilməz. Digər tərəfdən, Ermənistanda Xankəndidə yaşayan erməniləri artıq demək olar ki, unudublar. Bunu ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun son araşdırmasının nəticələri də təsdiqləyir. Araşdırmaya görə, Ermənistan əhalisinin təxminən 45 faizi ölkənin yanlış istiqamətə yönəldiyini düşünür. Rəyi soruşulanların 52 faizi isə seçkilərdə heç kimə səs verməyəcəyini bildirib. 48 faiz erməni özü üçün işsizliyi və sosial ehtiyacların ödənməsini əsas problem hesab edir. Ermənistan əhalisinin cəmisi 9 faizi Dağlıq Qarabağ mövzusunun, 5 faizi isə sərhəd məsələsinin önəmini ilk sırada görür. Göründüyü kimi, hazırda Ermənistanda hər kəs öz hayındadır. Dağlıq Qarabağ mövzusu ümumiyyətlə, kimsəni maraqlandırmır. Bu mövzu hazırda yalnız bəzi erməni siyasətçilərinin və separatçıların gündəmində qalmaqdadır. Hətta revanşist mövqeyi ilə diqqəti çəkən erməni siyasətçiləri belə, bu məsələyə artıq mümkün qədər ehtiyatlı yanaşmağa üstünlük verirlər. Ermənistan müxalifətinin liderlərindən biri olan və baş nazir postuna iddia edən Vazgen Manukyan da bu mövzuda pessimistdir. Onun fikrincə, Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı məsələ vətənpərvər deyil, siyasi mövzudur: "Biz bu addımı yalnız dostlarımızla münasibətlərimizin korlanmayacağına və tək qalmayacağımıza tam əmin olduqdan sonra ata bilərik". Hər şey aydındır. Ermənistanda Dağlıq Qarabağın artıq əlçatmaz və çox uzaqda olduğunu anlayırlar. Ona görə də, bu mövzu hazırda sadəcə, siyasi maraqlara bağlı müvəqqəti istifadə materialından başqa bir şey deyil. Baş nazir Nikol Paşinyan da daxil olmaqla, erməni siyasətçiləri seçki ərəfəsində bu məsələdən demək olar ki, sonuncu dəfə yararlanmaq imkanını əldən buraxmaq istəmirlər. Və baş nazir Nikol Paşinyan "Dağlıq Qarabağ bəhanəsi" ilə öz seçki kampaniyasına 208 milyon dollarlıq virtual büdcə ayırmaqla, rəqiblərini yenə də qabaqlayır. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu Geri dön |