Ana Sayfa > Siyasət > Azərbaycanın daimi nümayəndəsi BMT-nin baş katibinə məktub göndərib
Azərbaycanın daimi nümayəndəsi BMT-nin baş katibinə məktub göndərib10-02-2021, 16:32. Yazar: admin |
"Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və beynəlxalq hüququn sistematik surətdə pozulması ilə əlaqədar beynəlxalq mexanizmlərin 30 il davam etmiş fəaliyyətsizliyindən sonra hələ 1990-cı illərin əvvəlindən münaqişənin sülh yolu ilə nizamlanması variantlarını Ermənistana təklif edən Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə müvafiq tədbirlər görməyə və özünümüdafiə hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin implementasiyasını təmin etməyə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə məcbur olub". "Report" xəbər verir ki, bu fikirlər Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin qurumun baş katibi Antonio Quterreşə ünvanladığı məktubda əksini tapıb. Məktubda Dağlıq Qarabağ münaqişəsinin tarixi və onunla bağlı reallıqlar, Azərbaycan ərazilərinin işğal edilməsi faktları və Ermənistanın beynəlxalq hüquqa sistematik olaraq etinasızlıq göstərməsi faktları diqqətə çatdırılıb. Məktubda vurğulanıb ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə hələ SSRİ-nin mövcud olduğu dövrdə, 1987-ci ilin sonunda başlanıb. O vaxt Ermənistan Azərbaycanı Dağlıq Qarabağ Muxtar vilayəti barədə qeyri-qanuni və əsassız ərazi iddiaları irəli sürüb. Guya həmin bölgədə yaşayan ermənilərə qayğı göstərmək bəhanəsi ilə irəli sürülmüş bu iddialar əslində Azərbaycanın əzəli torpaqlarının ilhaq edilməsi, orada etnik təmizləmələr aparılması barədə çoxdan düşünülmüş planın bir hissəsi kimi azərbaycanlılara hücumların və onların həm muxtar vilayətdən, həm də Ermənistandan qovulmasının başlanğıcı oldu. Beləliklə, 1980-ci illərin sonunda o vaxt Ermənistanda yaşayan, sayı yarım milyona çatan bütün azərbaycanlılar oradakı əzəli torpaqlarından qovuldu. Bundan əlavə, həm Ermənistan, həm də Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni icmasının ekstremist əhval-ruhiyyəli elementləri SSRİ Konstitusiyasına zidd olaraq bu muxtar vilayətin Azərbaycandan birtərəfli qaydada ayrılması prosesinə başlamaq barədə bir sıra qərarlar, o cümlədən Ermənistan SSR Ali sovetinin 1 dekabr 1989-cu il tarixli Ermənistan SSR-in və DQMV-nin birləşdirilməsi barədə qərar qəbul edildi. Azərbaycanın dövlət müstəqilliyi elan edilən ərəfədə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsinə və ya Azərbaycanın razılığı olmandan DQMV-nin Azərbaycandan ayrılmasına yönəlmiş hər hansı cəhdlərin sovet hüquq sistemi çərçivəsində qeyri-qanuni olması ən yüksək konstitusion səviyyədə təsdiq edildi. Həm Ermənistan, həm də Azərbaycan müstəqillik əldə etdilər və SSRİ-nin müttəfiq respublikaları kimi malik olduqları sərhədlər daxilində beynəlxalq hüquqa uyğun olaraq müstəqil dövlətlər kimi tanındı. Buna müvafiq olaraq Azərbaycanın müstəqillik əldə etdiyi anda və tətbiq edilən hüquq çərçivəsində Azərbaycanın ərazisi birmənalı olaraq keçmiş DQMV-nin ərazisini də əhatə edirdi. Məktubda daha sonra bildirilib ki, 1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlayıb. Münaqişənin aktiv hərbi mərhələsi 1994-cü ilin may ayında atəşkəs rejimi elan olunana qədər davam etdi. O vaxt Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ, ona bitişik yeddi rayon və bəzi eksklavlar işğal edilmişdi. Ermənistan silahlı qüvvələrinin təcavüzü gedişində beynəlxalq humanitar hüququn hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımı aktlarına bərabər tutulan ciddi pozuntuları törədilib, nəticədə on minlərlə insan həlak olub, 700.000-dən çox azərbaycanlının yaşadığı, işğal olunmuş bütün rayonlarda etnik təmizləmə aparılıb, Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndi dağıdılıb və qarət edilib. Y.Əliyev qeyd edib ki, hər iki respublikanın müstəqilliyi elan ediləndən sonra, 1992-ci ilin fevral ayında Ermənistan Azərbaycana ilk silahlı hücum etdi. Bu hücum zamanı hərbi bölmələrdən və zirehli texnikadan istifadə edildi, Xocalı şəhəri işğal olundu. Xocalıya hücum erməni silahlı qüvvələri tərəfindən keçmiş SSRİ silahlı qüvvələrinin Sovet İttifaqı dağılandan sonra bu rayonda qalmış 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə həyata keçirilmişdi. Xocalıya hücum və onun işğal edilməsi nəticəsində Azərbaycanın 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirildi. Mindən çox insan yaralandı, Xocalının 1275 sakini girov götürüldü, 150 nəfər itkin düşdü. Beynəlxalq məhkəmələr və beynəlxalq təşkilatlar Xocalıda törədilmiş cinayətlərin ağırlıq dərəcəsini etiraf ediblər. Məktubda vurğulanıb ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərində “yandırılmış torpaq” siyasəti yürüdürlər. Ermənistanın Azərbaycana qarşı davamlı təcavüzünü, Azərbaycanın şəhər və kəndlərinin, o cümlədən Azərbaycanın mədəni paytaxtı olan Şuşa şəhərinin, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin işğalını əks etdirən hadisələrin ətraflı xronikası təqdim olunur. Müəllif vurğulayır ki, bu yaşayış məntəqələrinin bəziləri atəşkəs haqqında danışıqlar dövründə işğal edilib. Y.Əliyev qeyd edib ki, 1993-cü il avqustun 17-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, Azərbaycan Prezidenti səlahiyyətlərini icra edən Heydər Əliyev BMT Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq BMT Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) nömrəli qətnamələrinin yerinə yetirilməməsi ilə əlaqədar Şuranın iclasının çağırılmasını xahiş edib. ATƏM-in Minsk qrupu da erməni tərəfini ittiham etmişdi ki, o, Təhlükəsizlik Şurasının qətnamələrinə etinasızlıq göstərir və vasitəçilik səylərinə meydan oxuyur. Y.Əliyev daha sonra yazıb ki, ATƏM-in (sonradan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT) Minsk qrupunun və onun həmsədrlərinin mandatının əsasını təşkil edib, münaqişənin nizamlanmasının təməlini qoyub. Azərbaycan Respublikası Ermənistanın təcavüzü, bu təcavüz nəticəsində yaranmış qanunsuzluq və Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi ilə əlaqədar ardıcıl surətdə etirazını bildirir, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın qeyri-qanuni olmasının davam etməsi nəticəsində yaranan təhdidləri beynəlxalq birliyin nəzərinə çatdırırdı. Azərbaycanlı diplomat vurğulayıb ki, 1992-ci ilin mart ayından bəri Azərbaycan BMT Təhlükəsizlik Şurasına, Baş Assambleyaya, İqtisadi və Sosial Şuraya təqribən 570 dəfə məlumat göndərib, Birləşmiş Millətlər Təşkilatının həmin orqanlarında təqribən 200 dəfə bəyanatla çıxış edib, Baş Assambleyanın komitələrində və digər müşavirələrində, Birləşmişı Millətlər Təşkilatının beynəlxalq konfranslarında yüzlərlə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının yetmiş beşinci sessiyasındakı çıxışında deyib: “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!” Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin gedişində törədilmiş vəhşicəsinə cinayətlərə görə təqsirkar tərəf məsuliyyətə cəlb edilməlidir. Möhkəm sülhün təmin edilməsi, həqiqətin müəyyən olunması, təcavüz qurbanlarının hüquq və maraqlarının qorunması, barışığa nail olmaq üçün ilkin şəraitin təmin edilməsi zəruridir. Təəssüf ki, bu çağırışlar eşidilmədi. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində və həmin ərazilər ətrafında 2015-ci ildən bəri zorakılığın yenidən genişlənməsi müşahidə olunurdu. 2016-cı il aprel ayında və 2020-ci il iyul ayında Ermənistan cəbhə xətti və Ermənistan ilə Azərbaycan arasında sərhəd boyunca genişmiqyaslı döyüş əməliyyatlarına təhrik etdi, bu təhrikçilik Azərbaycanın mülki əhalisi və hərbi qulluqçuları arasında çoxsaylı tələfata, mülki infrastrukturun, şəxsi və dövlət mülkiyyətinin, o cümlədən yaşayış evləri, məktəb uşaq bağçalarının dağıdılmasına səbəb oldu. 2020-ci ilin iyul ayında Azərbaycanın işğal edilmiş ərazilərindən xeyli uzaqda yerləşən bölgələrdə döyüş əməliyyatları gözlənilməz insident deyildi, bu, regionda yeni gərginlik ocağı yaradılmasına, münaqişəyə üçüncü tərəflərin cəlb edilməsinə, Azərbaycanın çoxmillətli strateji enerji, infrastruktur və kommunikasiya meqalayihələri üçün təhlükə yaradılmasına yönəlmiş, əvvəlcədən ölçülüb-biçilmiş hərəkətlər idi. Ermənistan bu “sınaq” hücumunda uduzduğuna baxmayaraq təxribatı davam etdirir, yeni hücuma fəal hazırlaşırdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti təcavüz aktı onun 30 ildən çox istifadə etdiyi cəzasızlığın məntiqi nəticəsi idi. Həmin gün Azərbaycanın cəbhə xətti boyunca yerləşən silahlı qüvvələri və yaxınlıqdakı yaşayış məntəqələri Ermənistan tərəfindən iriçaplı silahlardan, artilleriya və minomyotlardan istifadə edilməklə intensiv atəşə tutuldu, nəticədə həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında ölənlər və yaralananlar oldu. Bu rayonda Azərbaycanın mülki əmlakına və infrastrukturuna ciddi ziyan vuruldu. Bunun ardınca başlanmış döyüş əməliyyatları 44 gün davam etdi. Ermənistan 1990-cı illərin əvvəlində tətbiq etdiyi vəhşicəsinə müharibə metodlarına analoji olaraq muzdluların və xaricdən gətirilmiş terrorçu döyüşçülərin bilavasitə iştirakı ilə özünün bütün qüvvələrini Azərbaycanın mülki şəxslərini qətlə yetirmək, Azərbaycanın şəhər, qəsəbə və kəndlərinə ölçüyəgəlməz dərəcədə zərər vurmaq üçün yenidən səfərbər etdi. Ermənistan silahlı qüvvələri Azərbaycanın sıx məskunlaşmış rayonlarına hücumlar zamanı dəfələrlə qadağan edilmiş kasetli döyüş sursatlarından, tərkibində ağ fosfor olan mərmilərdən istifadə edir, uşaqları əsgər kimi cəlb edir, uşaq bağçalarının və məktəblərin binalarından hərbi məqsədlər üçün istifadə edirdi. Xüsusi qeyd etmək lazımdır ki, münaqişənin davam etdiyi 30 ildən artıq müddətdə döyüş əməliyyatları yalnız Azərbaycan ərazisində, demək olar ki, ölkənin mərkəzində aparılıb. Ən sonuncu döyüş əməliyyatları da Azərbaycan torpağında aparılırdı. Azərbaycan silahlı qüvvələri tərəfindən özünümüdafiə hüququnun reallaşdırılması qaydasında uğurla həyata keçirilmiş əks-hücum əməliyyatı nəticəsində Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları, Şuşa şəhəri, Azərbaycanın 300-dən çox şəhər, qəsəbə və kənd yaşayış məntəqəsi işğaldan azad edildi, Azərbaycanın işğal edilmiş ərazilərində düşmənin hərbi potensialı məhv edildi, oyuncaq rejimin fəaliyyət qabiliyyəti aradan qaldırıldı və Ermənistan sülhə məcbur edildi. 2020-ci il noyabrın 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanat Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxın davam etmiş silahlı münaqişəyə son qoydu. Bu bəyanatın şərtlərinin yerinə yetirilməsi bütün hərbi əməliyyatların dayandırılmasını, Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad olunmasını təmin etdi. Təcavüzə və işğala son qoyulması ədalətin və beynəlxalq hüququn təntənəsi oldu, dövlətlərin öz beynəlxalq öhdəliklərinə ciddi riayət etməsinin zəruriliyini növbəti dəfə sübut etdi. Bu ərazilərdə bərqərar olmuş yeni reallıqlar sülhün və sabitliyin möhkəmlənməsi üçün unikal imkan olmaqla regionda dinc yanaşı yaşamaq şəraitinə qayıtmaq, inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa kömək göstərmək üçün ilkin şəraiti təmin edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 11-də Moskva görüşündəki çıxışında deyib: “Ermənistan ilə Azərbaycan arasındakı vəziyyət uzun illər boyu yaranıb və nəticə etibarilə həll edilib. Mən əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək, hər iki xalq gələcək barədə və barışıq haqqında fikirləşmək üçün özündə iradə və müdriklik tapacaq”. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev məktubunun sonunda Baş katibdən bu məktubun Baş Assambleyanın gündəliyinin 34, 35, 40 və 86-cı bəndləri üzrə sənəd və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edib. Geri dön |