Ana Sayfa > Siyasət > "Ölkədə əsas biznes qəbir yerindədir e..." - deputat

"Ölkədə əsas biznes qəbir yerindədir e..." - deputat


1-02-2021, 09:54. Yazar: admin
"Ölkədə əsas biznes qəbir yerindədir e..." - deputat

Eşidəcəyiniz doğrudur. Gündəlik xəbər oxunuşuna rusdilli erməni saytlarından və sosial şəbəkə səhifələrindən başlayıram. Qələbəmizin möhtəşəmliyini, dəyərini daha çox düşmənin məyusluğundan, çarəsizliyindən, qarşılıqlı ittihamlarından təsəvvür etdikdən sonra dönürəm öz doğma dilimizin incəlikləri ilə dolu olan sosial şəbəkəmizə. Daha çox giley, narazılıq, etirazçılıq, saxta vətənpərvərlik dozası qarşıma çıxır və artıq qələbəmizin böyüklüyü fonunda bu zəhərlənmə prosesi düşüncəmi özünə tabe etdirə bilmir.

Erməni öz məyusluğunda qalsın, ancaq müşahidə edirəm ki, erməniləri himayə edən başqa düşmənlərimiz də şanlı qələbədən sonra qalib xalq ruhununda yenidən dirilən Azərbaycana qarşı ciddi qorxu ilə yanaşırlar. Burada Qərb texnologiyası da, fars, rus texnologiyaları da özünü hər addımda və hər adamda asanlıqla büruzə verir.

Dostlarının məğlubiyyətini həzm etməyən düşmənlər və yaxud əsas düşmənimizin himayəçiləri ölkəmizdən kənarda və ölkəmizdə olan siyasi peykləri vasitəsilə antitəbliğatlarını ilk öncə nədən başlayırlar? Böyük qələbəmizi urvatsızlaşdırmaqdan! Bunun üçün ilk olaraq hansı addımlar atılmalıdır? Qutlu savaşda şanlı qələbəni bəsitləşdirmək!
Qarabağ savaşı sonrası məgər başqa hal baş verib? Addım-addım bu qədər şəhid verərək qazandığımız savaşı artıq sosial şəbəkə üzərindən bəsitləşdirə bilmişlər. Təqribən belə ifadə edirlər: “Rusiya neytral qalandan sonra, Türkiyə hər cür dəstək verəndən sonra nə var ki, Qarabağı azad etməyə? Nə var ki, Bayraqdarın köməyi ilə erməni tankının, topunun anasını ağlatmağa?”

Ardınca da urvatsızlaşdırma gəlir. Birisi qatı milliyətçi, turançı ədası ilə əsəbi ovqatı puləyir cəmiyyətin canına: “Rusiya yenidən torpağımıza qayıdacaqdısa, elə qoyardınız Qarabağ ermənidə qalardı. Hər şey bitdi, rusu oradan necə çıxaracağıq? Digəri də dinçi qafasına doldurulan tezisi cəmiyyətə boy atmaq üçün göndərir: “İsrailin, yəhudinin köməyindən istifadə etməkdənsə, enində-sonunda buraxardınız erməniləri Həzrət Abbasın şilləsinin öhdəsinə. Er-gec onsuz da bu şillə dəyən kimi erməni qarşımızda diz çokəcəkdi”. Digəri də Qərb demokratiyasının bakirə mələyi kimi; “ABŞ nədən bölgədə yoxdur” deməyə risq etməyərək, Türkiyənin burada yerləşməsinə Qərbin və rusun imkan verməyəcəyi fikrini püləməklə məşğuldur. Ardınca şəhid məzarlarını siyasi etiraz formasına çevirənlər, ardınca Xankəndinə qonaq gedə bilməməsini dərd edənlər gəlir. Məcburi köçkünlərin qayıtmaq istəmədiyini tirajlayanlar, orden, medal ədalətsizliyindən sitəm edənlər və daha kimlər və daha nələr.

Bu qədər böyük müharibənin uğuru mütləq və mütləq qələbəyə layiq bir cəmiyyət yetişdirməliydi. Ancaq məğlubiyyətə alışmış qafalar qələbə havasını udmaq istəyənlərə, qalib xalqa çevrilmək istəyənlərə ciddi dirəniş göstərirlər və hələ ki və nə yazıq ki, bu dirəniş uğurlu alınır.

İndi baxın, ən kiçik problemlərlə baş qarışdırılmağa çalışılan dövlətin reaksiyası gecikmir. Şəhid məzarlarının yeri dəyişdirildi. Əlbəttə, hansı şəhid ailəsi bunu arzulayırdısa, nəzərə alındı. Bir neçə məzarda uyuyan şəhidin ailəsi məzar yerinin dəyişməsinə razı olmadılar. Onların da rəyinə hörmətlə yanaşıldı. Bu, sadəcə ənənəvi məmur laqeydliyindən doğan məsələ idi və əslində həmin məzarlıq da elə-belə sıradan bir yer sayılmazdı. Bildiyim qədərincə orada birinci cərgədəki məzarların bazar qiyməti 20-30 min manat arası dəyişir və ənənəvi olaraq bəziləri azərbaycanlı mentallığına uyğun olaraq o dünyada yer kiralamaq düşüncəsi ilə ölmədən o pulu ödəyib donqili başdaşları da qoymuşlar. Digər yerlərin də qiyməti 5-10 min manat arası dəyişir. Ölkədə əsas biznes qəbir yerindədir e... Sadəcə bəzi səlahiyyətli məmurlar şəhidliyin mahiyyətini anlamadıqlarına görə, ucuz yerləri seçmişlər. Burada da yaxşı ki, su məsələni hər şeyi aydınlığa çıxarmış oldu. Bu prosesdə şəhid ailələrini anlamalıyıq. Dövlət bundan sonra da şəhid ailələrinə ən yüksək səviyyədə yardım göstərsə də, onların itkisi o qədər ağırdır ki, bu dəstək bundan sonra da təsəllidən o tərəfə keçə bilməyəcək.

Hərçənd ki, bir şəxsiyyət olaraq hər bir şəhidin özü bu maddi dəyərlərdən ucada durmağı bacardığına görə öz mərtəbəsində layiq olduğu yeri tutub.

Bilinən gerçək budur ki, addım-addım ailə üzvü də, laqeyidlik göstərən o məmur da, mən də, sən də o şəhidə, o qaziyə layiq olmağı milli vəzifə kimi görməyə başlayacağıq. Həm də anlaşılan budur ki, siyasi qışqırıqçıların və sosial şəbəkə xuliqanlarının bu mövzunu istismar etməsi birbaşa qələbəni urvatsızlaşdırma niyyəti daşımaqdadır. Bilərəkdən, yaxud bilməyərəkdən. Çoxları anlayır ki, yuxarıdakı və ya aşağıdakı bir neçə məmurun başıboş davranışınından yaranan sıxıntını dövlət mütləq düzəldəcək. Necə ki, düzəltdi də! Şəhid və qazi mövzusunda həssaslığı bu gün ən çox cəmiyyətə aşılayan dövlətin özü olduğuna görə, burada narazılıq üzün hansısa yer saxlanılmamasına çalışılır. Hərçənd ki, başqa mövzularda eyni həssaslığı bir çox hallarda müşahidə etmirik. Qaza, suya ödənişlərin artımına, bazarda qiymətlərin katostrafik şəkildə qaldırılmasına görə cavabdeh qurumlar hələ də vətəndaşlara hansısa ağlabatan izahi verməyi düşünmürlər. Bu sferada etirazçılığı anlamaq mümkündür, ancaq bir çoxlarının dövlətə şəhid və qazilərə münasibətin necə olmasını öyrətməsi kənardan olduqca gülünc və süni görünür.

Bu arada Türkiyənin niyə gəlmədiyini də başa qaxınc edənlərin nigarançılığına gözlənildiyi kimi Türkiyə özü son qoydu. Gəldilər, ruslarla birlikdə Monitorinq Mərkəzini də açdılar. Elə ruslarla birlikdə də Naxçıvan yolunu da açacaqlar. Elə ruslarla birlikdə erməniləri də bölgədə adam kimi davranmağa öyrədəcəklər. Əgər siz orta məktəbdə ibtidai təhsilin ən azı dörd il davam etdiyindən xəbərdarsınızca və ardınca qələbədən üç ay keçməmiş bütün arzularınızın çin olmasını gözləyirsinizsə, elə arzularınızla da qalın. Böyük siyasət sizin bir yataqlıq yuxularınızla müəyyənləşmədiyinə görə, ya kənara çəkilb öz yuxularınızla baş-başa qalın, ya da böyük siyasətdən boş başınızı kənara çəkin.

Hələ bir son çıxış yolu da var. Qarabağı xilas etmiş və xilas edərkən də Azərbaycanı Qarabağ üzərindən təhdid edəcək təhlükələrdən xilas etmiş bir iqtidarın imzaladığı anlaşmanın gerçəkləşməməsinin bəlkə də ən real yolu Rusiyada hakimiyyət dəyişikliyi, yaxud da mövcud rus hökumətinin sosial xaosla üz-üzə qalmasıdır. Məntiqlə yanaşası olsaq, normal Azərbaycan vətənpərvəri, yaxud da günün qələbə sevincini yaşayan azərbaycanlısı üçün indiki şərtlərdə ən uyğun olanı məhz Putun Rusiyasıdır. Yadınıza salıram, 1917-ci ildə Rusiyada fevral inqilabı baş verəndə ən çox sevinənlərin sırasında milli azlıqlar gəlirdi. Azərbaycanda da sevinirdilər ki, artıq demokratik hürriyətlər dalğası gələcək. Az sonra bolşevik terroru oktyabrda baş verəndə hamı özünü bu terrorun girdabından qurtarmaq üçün müstəqil dövlət olmağa can atırdı. Bolşeviklər toparlanana qədər milli azlıqların çoxusu bu və ya digər dərəcədə müvəqqəti müstəqilliyini əldə etdi. Bolşeviklərin çarın sülaləsinə və özünə rəhmət oxutdurması üçün elə də çox vaxt keçmədi. Yəni yaxşı-pis, qısa müddətə də olsa biz müstəqil dövlət olma qazancı əldə etdik və böyük itkilər bahasına da olsa onun bərpası idealımızı gələcəyə daşımış olduq. 1991-ci ildə də SSRİ dağılanda yenə də perspektivdə müstəqil dövlət qurma şansımız yarandığına görə Moskvada baş verənləri səbrsizliklə izləyirdik. Şükürlər olsun ki, bu dağıntıdan sonra müstəqilliyimizi əldə etdik. Bəs XXI əsrin 20-ci illərində Rusiyada baş verəcəklərdən nə gözləyirik? Artıq 30 ilin müstəqil dövlətiyik, üstəlik də Qarabağ problemini 44 günə dörddə dörd həll etmişik, indi özünü ən ağıllı hesab edənləriniz söyləsin görək Rusiyada sabitlik bizə vacibdir, yoxsa xaos? Navalnının göbəyini hansınız kəsmisiniz ki, onun yerinə şəhadət gətirirsiniz ki, Rusiyada demokratiya bərqərar olacaq? Havalnı Gürcüstanda, Krımda işğalçılığa haqq qazandıranda qulaqlarınızı deyəsən qapatmışdınız. Bir də küçədən gələn dalğa tarixdə haçan Rusiyaya demokratiya və yaxud cüzi də olsa xoşbəxtlik gətirib ki?

Bizim qələbə bəyanatımızın altında indiki Rusiya prezidentinin imzası var, Azərbaycanla bağlı mövqeyi də indiki şərtlərdə maraqlarımızı təmin edir, indi nə deyirsiniz, bu imzadan yayınmaq ehtimalı olan başqa bir qüvvənin gəlməsinimi arzulayırsınız? Məhz indiki məqamda Rusiyada hakimiyyət dəyişikliyini arzulayanlar və bunu cəmiyyətimizə təbliğ edənlər Qarabağ qələbəmizin yarımçıq qalmasını arzulayanlardır. Bilməməzlikdən yox ha, sadəcə qanmazlıqdan! Bəlkə də qana-qana edirlər. Baxın, eyni zehniyyət bələdiyyə seçkilərində İmamoğlunun da Ərdoğana Türkiyədə qalib gəlməsinə sevinirdi. Halbuki daha güclü Ərdoğan Azərbaycana daha güclü dəstək deməkdi. Siz elə bilirsiniz ki, Türkiyədə Süleyman Dəmirəl zehniyyətində biri iqtidarda olsaydı, Azərbaycanla bağlı bu qədər risqi gözə alacaqdı? Ərdoğan hamıya meydan oxudu, dedi ki, Azərbaycana toxunan olsa, anasını ağladaram. Odur ki, sağlam düşünən azərbaycanlı başqa ölkələrdə baş verənlərə də özünün xəyali demokratiya marağından deyil, müqəddəs Azərbaycan marağından baxmalıdır. Bu gün heç İranda da hansısa xaos, mərkəzdənqaçma, sanksiya basqısı bizim milli maraqlara uyğun deyil. Görmürsünüz ki, İran özü də 5 ay öncəki İran deyil? 5 ölkəni gəzib hamını özünün dəyişdiyinə inandırmaq istəməsi və inteqrasiyaya can atması bizi niyə sevindirməməlidir? Xəyallarınızda illərdir qurduğunuz siyasət masadakı, məkandakı siyasətlə uzlaşmırsa, gələcəyimizə nədən mənasız ümidsizliyi daşımağa can atırsınız?

Əslində Azərbaycan siyasətində əsas problem ikiüzlülüklə bağlıdır. Ötənlərdə söyləmişdim ki, Qarabağın azadlığı Rusiya ilə anlaşma ilə gerçəkləşərsə, o halda anti-Rusiya mövqeyi tutmağımız səfehlikdir. Xaricdən otarılan sosial şəbəkə qaragüruhu ifadənin başını-ayağını dəyişərək əleyhimə kampaniya başlatdı. Bu gün qaragüruhçuluğa meydan oxuyaraq doğruları söyləməkdə israr etmək nə qədər ağır əsəb bahasına başa gəlsə də, qətiyyən ikiüzlülük etmək olmaz, Azərbaycan naminə iqtidara da, müxalifətə də, cəmiyyətin qananına da, qanmazına da anladıqları dildə və üslubda bu gerçəyi söyləməliyik. Şərti olaraq işlətdiyim ifadədə Rusiya əvəzinə ABŞ da yaza bilərsiniz, Avropa Birliyi də İran da. Hətta Ermənistan da.

Mənə öz Vətən torpağımın azadlığı lazımdır, bunun üçün kiminsə başını əzəcəyəm, kiminləsə sövdələşəcəyəm, kiminsə neytrallığına çalışacağam, kiminləsə qardaş olacağam, artıq bunlar taktiki məsələlərdir. Maraqlıdır ki, qələbəmizin memarı olan ölkə prezidenti də məhz bu taktiki addımların hamısını atıb, həm də uğurla atıb. Rusiya sülhməramlıları da onun imzaladığı bəyanata əsasən gəlib, Türk əsgəri də məhz onun tələbindən sonra bəyanatın maddələrinə daxil olmadan bölgəyə daxil olub. Bir siyasətçi kimi mən də səlahiyyət sahibi olsaydım məhz bu addımı atardım və nəticəsinin də uğuruna inamım tamdır. Ancaq birisi çıxıb dövlət televiziyasına bəyanatın böyük uğur olduğunu təbliğ edirsə, ardınca dövlətdən aldığı vəsaitlə açdığı sosial şəbəkə səhifəsində Rusiya sülhməramlılarının gəlişini xəyanətə bərabər tutursa, bu sadəcə ikisifətlilik olmur, məqsədyönlü şəkildə qələbəni urvatsızlaşdırmaq olur.

Bu da bizə Qərbdən, ermənidən gələn bir istiqamətdir ki, cəmiyyətdə Rusiya ilə münasibətlərimizi çılpaq şəkildə, həm də hədsiz emosiyalarla müzakirə edək. Çünki Rusiya şovinizminin qıcıqlandırılması üçün bundan faydalı hansı istiqamət ola bilər ki? Biz də zaman-zaman məcbur oluruq ki, əks arqumentlərdə emosiyalarımızı bir az çərçivəyə salıb cəmiyyəti soyuqqanlı düşüncəyə yönləndirək. Baxışlar fərqli ola bilər, ancaq fikrimcə vaxtilə Rusiya ordusunun Azərbaycandan çıxarılması həqiqətən mərhum Elçibəyin ən böyük xidmətlərindən biri idi. Elçibəyin məntiqi çox sadə idi. Rusiya birlikləri birini Bakıda, digərini Lənkəranda, başqasını Gəncədə silahlandırırsa, o halda sabit dövlət qurmaq mümkün olmayacaq, addımbaşı çevrilişlər nəticəsində Azərbaycan banan dövlətinə çevriləcək. Nəyin bahasına olursa olsun bu qoşun çıxmalıdır ki, təhlükə ilə iç-içə deyil, üz-üzə qala bilək.

Sadəcə, Rusiya qoşunu çıxandan on gün sonra Gəncədə bu qoşunun silahlandırdığı qüvvənin qiyamı başladı və qısa müddət ərzində bəndənizin də üzvü olduğu təcrübəsiz bir iqtidar toparlana bilmədi və dövlət çevrilişi baş tutdu. Mərhum Heydər Əliyev öz çevik siyasi manevrləri ilə prosesin xarici qüvvələrin maraqlarına uyğun dəyişməsinə imkan vermədi və sabit hakimiyyət formalaşdırmaq üçün vaxtında zəruri addımlar ata bildi. Ancaq əminəm ki, əgər Rusiya qoşunu burada olsaydı, 1994-cü ilin və yaxud 1995-ci ilin hərbi müxalifətinin Heydər Əliyevə qarşı çevrilişi gerçəkləşdirmək şansı kifayət qədər ciddi olacaqdı. Demək ki, Elçibəyin vaxtında atdığı tarixi addım Azərbaycan dövlətinin sabit təməl üzərinə keçməsinə imkan tanımış oldu.

Deyərlər ki, tarix təkrar olunur, bu ehkamı düşüncəm əsaslı olaraq hələ də qəbul etmədi. Çünki Heraklit daha məntiqli izah edirdi ki, bir çaya eyni zamanda iki dəfə düşmək olmaz. Amcaq əmin olduğum bir tezis var ki, o da insan ağlının və ya ağılsızlığının dönə-dönə təkrar olunmasıdır. Bölgəyə Rusiya sülhməramlılarının gəlişinə də tarixin təkrarı olaraq deyil, bizim nə dərəcədə ağıllı və ağılsız davranacağımız proses olaraq baxılmalıdır, məncə. İndiki Rusiya missiyası tamamilə başqa və real şərtlərdən doğan, həm də yalnız Qarabağın bir hissəsi ilə, həm də zamanla məhdudlaşan bir missiyadır. Bu missiya ilə birlikdə biz həm də bölgəyə qardaşımız, baştacımız olan Türkiyəni də silahı ilə birlikdə gətirmişik. Qarabağ indi yalnızca bizim, erməninin, rusun yerləşdiyi bölgə deyil, həm də Türkiyənin bütün imkanları ilə söz sahibi olduğu bölgədir. Böyük Mehmet Akifin “İstiqlal” marşının başlanğıc misrasındakı başlanğıc sözünü burada xatırlatmanın yeri var: “Qorxma!” Bundan sonrakı mərhələdə biz sadəcə ağılsızlıq etməzsək, hamını öz ssenarimiz üzrə hərəkət etməyə inandıracağıq. Hətta anlamaz saydığınız erməniləri də!

Bu urvatsızlaşdırma kampaniyasında prezident komandasının hadisələrə, proseslərə vaxtında və anlaşılan formada izah verə bilməməsi də az rol oynamır. 44 gün ən kritik anlarda prezident öz orijinal çıxış üslubu ilə milləti qələbəyə daşıdı. Hər səlahiyyətli məmur qələbədən sonra çox yox, 44 gün də yox, sadəcə ayda dördcə gün 44 dəqiqə qələbənin mahiyyətini və gələcəyimizin konturlarını doğru izah edə bilsəydi bu cür möhtəşəm, tarixi, millətimizi və dövlətimizi yenidən dirildən qələbəni hansı qüvvə urvatsızlaşdıra bilərdi? İqtidarın monoton və bürokatlaşmış informasiya cinahı sosial şəbəkənin dağınıq iynələməsinin gücü qarşısında yeniləşməyi bacarmadıqca, qələbənin urvatsızlaşdırılması daha acınacaqlı nəticələr doğura biləcək.

Başqalarına ağıl öyrtəmək məqsədim yox, sadəcə bəyan etmək istədim ki, mən özümü bir vətəndaş olaraq bu qələbənin tam hüquqlu sahibi hesab edirəm. Mən öz içimdən məğlub xalqın obrazını silə bilmişəm. Mənim qələbəmi kimsə urvatsızlaşdıra bilməz. Biz qalib xalqın yeni nəsli məğlub xalqın köhnə nəslinə azacıq da olsa güzəştə gedərsək, Qarabağ bundan sonra ən yaxşı halda bizim üçün işğaldan azad olunmuş ərazi kimi anlaşılacaq. Halbuki təcili və əbədi Vətən olması lazım...

Fazil Mustafa, millət vəkili //musavat.com//
Geri dön