Ana Sayfa > Siyasət > Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ABŞ-ın maraqları Azərbaycanla tərəfdaşlığı diqtə edir
Bayden ermənilərin ümidlərini boşa çıxaracaq: ABŞ-ın maraqları Azərbaycanla tərəfdaşlığı diqtə edir31-01-2021, 18:43. Yazar: admin |
Savaşın nəticələri Cənubi Qafqazı ABŞ və Qərb üçün daha da cəlbedici duruma gətirib, indi region geoiqtisadi layihələrə daha açıq və təhlükəsizdir, yeni nəqliyyat-kommunikasiya şəbəkələri isə külli miqdarda mənfəət vəd edir; Ağ Ev ABŞ-ın Cənubi Qafqaz və Orta Asiyada olan maraqlarını təmin etmək üçün ən uğurlu strateji-coğrafi, geopolitik mövqeyə malik Azərbaycan və Türkiyə ilə anlaşmaq məcburiyyətində qala bilər... Ermənistan düşdüyü ağır vəziyyətdən yeni çıxış yolları axtarmaqda davam edir. Rəsmi İrəvan Ermənistanın yuvarlandığı "geopolitik quyu"dan xilasının mümkün ola biləcəyinə hələ də ümid bəsləyir. Və gözünü yenə Qərbə dikib. Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki, başqalarından imdad diləmək klassik erməni ənənəsidir. Rəsmi İrəvan Ermənistanın mövcudluğu dönəmində heç vaxt özünü güvənib, hər hansı addım atmayıb. Həmişə Ermənistanı himayə edə biləcək dövlətlərdən dəstək umub. Ermənistanın biabırçı məğlubiyyəti ilə yekunlaşmış 44 günlük savaş ərzində də bu ənənə dəyişmədi. Rəsmi İrəvan bütün mümkün təxribatlarla Rusiyanı Azərbaycana qarşı savaşın içərisinə çəkməyə çalışdı. Və həmin təxribatçı cəhdlərin hamısı uğursuz oldu. İndi isə rəsmi İrəvan ABŞ-dan dəstək umur. Erməni siyasi dairələri hesab edirlər ki, guya Cənubi Qafqazda mövqeləri sarsılmış Ağ Ev Ermənistana birmənalı dəstək verməkdə maraqlıdır. Bununla da Ermənistanı yenidən dirçəltmək və Dağlıq Qarabağ ilə bağlı əvvəlki status-kvoya geri dönmək mümkün ola bilər. Ona görə də, Bayden administrasiyasının öz səlahiyyətlərinin icrasına başlaması Ermənistanda bəzi siyasi dairələri ruhlandırıb. Son günlərdə davamlı olaraq, müxtəlif Ağ Ev təmsilçilərinin ünvanına komplimentlər yağdırırlar. Xüsusilə də, ABŞ-ın yeni dövlət katibi Antoni Blinken Ermənistan cəmiyyətində baş qəhrəman kimi təbliğ edilməkdədir. Guya yeni dövlət katibi bütün fəaliyyətini məhz ermənilərin qondarma problemlərinə həsr etmək niyyətindədir. Və onun "erməni siyasəti"nə başlayacağı günü dörd gözlə gözləyirlər. Halbuki, onları belə həvəsləndirən elə də ciddi səbəblər mövcud deyil. Düzdür, seçki ərəfəsində və ondan sonra ABŞ-ın yeni dövlət katibi Antoni Blinken Ermənistanı məmnun edə biləcək cəmisi bir neçə cümlə sərf edib. O cümlədən də, Türkiyənin "cətin tərəfdaş" olduğunu söyləyib. Ancaq ABŞ-ın yeni dövlət katibinin cəmisi bir neçə cümləsi ilə dünyanın ən önəmli supergücünün bütün xarici siyasətini məhz erməni faktoru üzərindən quracağına ümid bəsləmək sadəlövhlük deyilmi? Birincisi, seçki ərəfəsində deyilən cümlələr adətən, daxili auditoriya üçün nəzərdə tutulur. Səlahiyyətlərin icrasına başlandıqdasa, hər şey dəyişir, reallıqlar ön plana keçir. Buna qədər yeni seçilən hər bir ABŞ prezidenti seçki ərəfəsində qondarma "erməni soyqırımı"nı rəsmən tanıyacağını vəd edib. Ağ Evə yerləşib, fəaliyyətə başladıqdan sonra isə vədlərin heç birisi xatırlanmayıb. Məsələ ondadır ki, ABŞ üçün hər hansı xalqın və dövlətin problemləri qətiyyən önəm daşımır. Ağ Ev üçün tək bir hədəf var ki, o da ABŞ-ın dövlət maraqlarının təmin edilməsindən ibarətdir. Və bu baxımdan, rəsmi İrəvanın ABŞ-ın yeni dövlət katibinin dilindən erməniləri məmnun edən bir neçə kəlmə eşidərək, dərhal ümidlənməsi tamamilə yersizdir. Birincisi, Bayden administrasiyası artıq fəaliyyətə başlayıb və indi artıq reallıqlarla üz-üzə qalıb. Və indi vədlərdən daha çox ABŞ-ın beynəlxalq siyasət məkanında olan maraqları hər şeydən önəmli hala gəlib. ABŞ-ın beynəlxalq maraqlarında Ermənistan kimi kiçik və faydasız ölkənin hansı önəmi ola biləcəyi isə ciddi suallar doğurur. İkincisi, yaxın gələcək üçün Ağ Evin kifayət qədər ciddi problemləri mövcuddur. Bayden administrasiyası böyük ehtimalla ilk növbədə həmin problemlərin həllinə daha çox vaxt ayırmaq məcburiyyətində qalacaq. Xüsusilə də, koronavirus ilə mübarizə ön planda tutulur. Eyni zamanda, Bayden administrasiyası ABŞ cəmiyyətində dərin parçalanmanın mövcud olmasından narahatdır. Və yaxın bir il ərzində bu problemi aradan qaldırmağı hədəfləyir. Digər tərəfdən, Tramp administrasiyasının son dörd il ərzində həm daxili, həm də xarici siyasətdə korladığı önəmli prioritetlər var ki, indi onları da yenidən "təmir etmək" lazım gələcək. Bu isə o deməkdir ki, Bayden administrasiyasının hələ uzun müddət erməniləri və onların qondarma problemlərini xatırlamağa vaxtı olmayacaq. Bəzi ehtimallara görə, Bayden administrasiyası üçün Cənubi Qafqaz məsələsi təxminən bir ildən sonra diqqət mərkəzinə gələ bilər. Ancaq bu halda da ermənilərin ümidlərini doğrulda biləcək addımların atılmasına həvəs göstəriləcəyi inandırıcı görünmür. Məsələ ondadır ki, Ağ Evin əsas hədəfi ermənilərə "nəvaziş göstərmək" deyil, Cənubi Qafqazda ABŞ-ın sarsılan mövqelərini bərpa etməkdir. Buna əngəl və ya dəstək ola biləcək əsas faktorlar isə ermənilərlə qətiyyən bağlı deyil. Ağ Evdə Rusiya sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsinin ABŞ üçün ciddi problem olduğunu yəqin ki, nəzərə alırlar. ABŞ-ın regionda sarsılmış mövqelərinin bərpası üçün rus sülhməramlı qüvvələrinin bölgədən sıxışdırılması lazım gələcək. Deməli, Ağ Ev istənilən halda, Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətində qala bilər. Çünki, Azərbaycan və Türkiyə ilə intensiv tərəfdaşlıq mühiti yaratmadan rus sülhməramlı qüvvələrinin bölgədən sıxışdırılması mümkün deyil. Əgər, Ağ Ev Cənubi Qafqaza Ermənistan üzərindən nüfuz etməyə çalışarsa, bu halda, həm Azərbaycanı, həm də Türkiyəni ABŞ-dan incik sala bilər. Belə olacağı təqdirdə, Azərbaycan və Türkiyənin Rusiya ilə daha sıx tərəfdaşlıq münasibətlərinə üstünlük verə biləcəyi qətiyyən istisna deyil. Bu isə bölgədə geopolitik ağırlıq mərkəzinin ABŞ-ın əsas rəqibi olan Rusiyanın xeyrinə dəyişməsinə yol aça bilər. Əslində, Rusiyanın 44 günlük savaşda tutduğu neytral mövqe məhz "geopolitik kartlar"ın fərqli paylanmasına hesablanmış regional manevr idi. Soros Fondunun Ermənistanda öz adamını hakimiyyətə gətirməsi regionda çox şeyi dəyişdi. Belə ki, Kremldə demokratların Bayden komandasını hakimiyyətə gətirdikdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən qurmağa çalışacağından dərhal duyuq düşdülər. Ona görə də, çevik manevrlər edərək, Azərbaycanın hərbi qələbəsinə müşahidəçi qaldılar. Savaşın nəticələrinə müdaxilə etmədilər. Bununla da, Rusiyanın hərbi-siyasi dəstəyindən məhrum qalan Ermənistan savaşda məğlub oldu. Nəticədə ABŞ-ın gələcək Cənubi Qafqaz siyasəti üçün əvvəlcədən hazırlanmaqda olan Ermənistan adlı "geopolitik alət" yararsız hala düşdü, öz əhəmiyyətini tamamilə itirdi. İndi Bayden administrasiyası bu yararsız "geopolitik alət" ilə ABŞ-ı yenidən Cənubi Qafqaza yerləşdirmək imkanında deyil. Üstəlik, Ermənistanın savaşda məğlubiyyəti Minsk Qrupu həmsədrlərini də oyundan kənar vəziyyətə salıb. Yəni, Bayden administrasiyasının Azərbaycan və Türkiyəyə geopolitik təsir mexanizmləri öz əhəmiyyətini itirib. Ancaq savaşın nəticələri Cənubi Qafqazı ABŞ və Qərb üçün daha da cəlbedici duruma gətirib. Belə ki, indi bu region geoiqtisadi layihələr üçün daha açıq və təhlükəsizdir. Region üzərindən qurulacaq nəqliyyat-kommunikasiya şəbəkələri isə külli miqdarda mənfəət vəd edir. Təbii ki, ABŞ bütün bunlara göz yumacaq dövlət deyil. Ağ Ev istənilən halda, bu cəlbedici məkandan ABŞ-a pay qoparmağa çalışacaq. Və bu halda, həm Azərbaycan, həm də Türkiyə Ağ Ev üçün açar İttifaq rolunu oynaya bilər. Deməli, Ağ Ev ABŞ-ın Cənubi Qafqazda olan maraqlarını təmin etmək üçün bundan sonra Azərbaycan və Türkiyə ilə anlaşmaq məcburiyyətində qala bilər. Üstəlik, bu iki ölkə yaxın gələcəkdə Qərblə Şərqi ticari-iqtisadi, hətta siyasi cəhətdən birləşdirə biləcək dövlətlərdir. Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq münasibətləri qurmadan ABŞ və Qərbin Cənubi Qafqaz üzərindən Orta Asiyaya uzanması artıq mümkün deyil. Yəni, hər iki qardaş ölkənin strateji-coğrafi mövqeyi də ABŞ və Qərbi Azərbaycan-Türkiyə İttifaqından asılı vəziyyətə salır. Bütün bunları nəzərə aldıqda, Ermənistanın ABŞ və Qərbə hansı mənfəət perspektivlərini vəd edə biləcəyi ümumiyyətlə, müzakirə üçün cəlbedici görünmür. Ermənistanın indi heç özünə belə hər hansı faydası yoxdur. Və yaxın gələcəkdə mövcud olub-olmayacağı barədə sualların içərisində çabalamaqdadır. Göründüyü kimi, rəsmi İrəvan ABŞ-ın Ermənistanı düşdüyü "geopolitik quyu"dan çıxara biləcəyinə boşuna ümid bəsləyir. Böyük ehtimalla ABŞ Cənubi Qafqazda olan maraqlarını təmin etmək naminə Ermənistanın düşdüyü "geopolitik quyu"nun yanından laqeyd şəkildə ötüb, keçəcək. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Media Qrupu Geri dön |