Ana Sayfa > Siyasət / Manşet > ABŞ-ın yeni lideri - prezident Baydenin ermənisevər senatordan fərqi
ABŞ-ın yeni lideri - prezident Baydenin ermənisevər senatordan fərqi21-01-2021, 16:10. Yazar: admin |
Cozef Bayden ABŞ-ın 46-cı prezidenti kimi and içdi. Bu mərasim ölkənin tarixində 59-cu dəfədir keçirilir. Əslində sonuncu prezident seçkisi əvvəlkilərlə müqayisədə daha çox hay-küylü keçdi. Hətta bu siyasi kampaniyanın nəticələrinə etiraz edənlər Kapitoliyə hücum belə həyata keçirdi. Ancaq səsvermənin yekunu dəyişmədi. Bu hadisə sübut etdi ki, ABŞ-da da seçicilər parlament binasına hücum edə bilər. Yaxud daxildəki və ya xaricdəki qüvvələrin belə bir aksiyanı Birləmiş Ştatlarda da təşkil etməsi mümkündür. ABŞ həmişə özünə rəqib yaradıb və yaratdığı həmin əks tərəflə mübarizə aparmaqla güclənib. “Soyuq müharibə” illərində SSRİ, sovetlər dağılandan sonra “əl-Qaidə” kimi terrorçu qruplaşmalar, yaxud İran, Səddam Hüseyn, Şimali Koreya və s. Çin iqtisadiyyatının inkişafı ABŞ üçün problemə çevrilir. Rusiyanın fəallaşması Birləşmiş Ştatları narahat edir. Bu onu göstərir ki, onun rəqabət aparması üçün xaricdə tərəflər az deyil. ABŞ rəqabətlə güclənir. Heç şübhəsiz daxildə də inkişaf üçün ziddiyyətli məqamlar, məsələlər az deyil. Yanvarın 6-da ortaya çıxan hadisə ABŞ üçün daxildə daha güclü olmağa şərait yaradacaq. Deməli, ABŞ-dakı hakimiyyət bir neçə etiraz aksiyasına, yaxud Konqresin binasına hücumla dəyişə bilməz. Hakimiyyət dəyişikliyi üçün yeganə düzgün yol demokratik, azad, ədalətli və şəffaf seçkilərdir. Odur ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp Amerika ictimaiyyətinə və elitasına düşünmək üçün xeyli mövzu verdi. Sələfinin andiçmə mərasiminə qatılmayan yeganə prezident olması da düşünüləsi mövzulardandır. ABŞ-da yenidən irqi-ayrı seçkiliyin təbliği güclənməyə başladı. Afro-amerikalıların qətlinin artması da düşünüləsi və tədbir görüləsi məsələlərdəndir. Onun hakimiyyəti illərində gərginliyi azaldan və artıran bir çox hadisələr baş verdi. Suriyadan ordunu çıxarmaqla gərginliyi azaltmağa çalışdı. Ancaq bu ölkədə əsas problem həll edilmədi. İraqda baş nazirləri əvəzləməklə ölkədə əsaslı dəyişiklik olmadı. İrana qarşı sanksiyaları sərtləşdirib Əhatəli Razılaşma Müqaviləsindən çıxmaqla bu ölkənin nüvə problemi ilə bağlı məsələ öz həllini tapmadı, ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürülməklə Fələstin-İsrail münaqişəsi həll olunmadı, Yəmən 44-cü prezident Barak Obamanın dövründəki kimi qaldı. Əfqanıstanda dəyişiklik baş vermədi. Hindistan-Pakistan münaqişəsi qaldığı yerdən tərpənmədi. Afrikanın şimalındakı “ərəb baharı” hələ özünün keyfiyyətli bəhrini verməyib. İspaniyada katalonlar və baskların problemi qaldı, Böyük Britaniyanın “brexit”i başa çatmadı. Almaniya ilə münasibətlərdə aydınlaşmayan mövzular yarımçıq qaldı... Ukraynada vəziyyət dəyişmədi. Gürcüstanın ərazi bütövlüyü təmin olunmadı. Bu siyahını uzatmaq da olar. Donald Trampın dövründə Şimali və Cənubi Koreyalar arasında münasibətlərin normallaşması müsbət hadisə sayıla bilər. Onun Şimali Koreya lideri Kim Çen Inla təkbətək görüşməsi tarixi hadisələr siyahısına düşə bilər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misirlə İsrail arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması Orta Şərq üçün mühüm hadisə sayıla bilər. Türkiyənin bölgədə rolunun qəbul edilməsi ABŞ üçün müsbət hadisə sayıla bilər və s. Donald Trampın prezidentliyinin son aylarında Azərbaycan Qarabağ bölgəsindən işğalçı Ermənistan ordusunu da çıxartdı. 44 günlük döyüşlərdə ABŞ administrasiyası tərəfləri atəşkəsə çağırsa da, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını müdafiə etdi. ABŞ-ın 46-cı prezidenti Cozef Baydenə Trampdan və ondan əvvəlkilərdən qalma xeyli yarımçıq işlər var. O, işə ilk növbədə 45-ci prezidentin bəzi qadağalarını aradan qaldırmaqla başlayıb. Ağ evin mətbuat katibi Cen Psaki Bayden administrasiyasının birinci brifinqində jurnalistlərə bildirib ki, ABŞ prezidenti dövlət başçısı vəzifəsinin icrasına 15 sərəncam imzalamaqla başlayıb. Onların arasında aşağıdakılar da var: ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmaqla bağlı qərarın ləğv edilməsi; iqlim dəyişməsi üzrə Paris müqaviləsinə qayıtması; yüz günlük qoruyucu maskalardan istifadə rejiminin və dövlət müəssisələrində tibbi maskalardan istifadənin məcburi tətbiqi; koronavirusun yaratdığı böhran nəticəsində vəsaitsiz qalan vətəndaşların evlərindən çıxarılmasına qoyulan moratoriumun uzadılması; təhsil krediti üzrə ödənişlərin dondurulmasının uzadılması; ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin və bu ölkə ilə sərhəddə divar tikintisinin federal xəzinədən maliyyələşdirilməsinin ləğvi; Kanada ilə sərhəddə yerləşən “Keystone XL” neft kəmərinin tikintisinin dayandırılması; bir sıra müsəlman ölkələrin vətəndaşlarının ABŞ ərazisinə səfərinə qoyulan qadağanın aradan qaldırılması; Arktika zonasında neft və təbii qaz hasilatı üçün ərazinin icarəyə verilməsi mortoriumunun tətbiqi, mühacirlərin uşaqlarının müdafiəsinin gücləndirilməsi; mühacirlərə ABŞ vətəndaşlığının verilməsi. Cozef Bayden ABŞ üçün demokratik yolla seçilən prezidentdir. Onun prezidentliyi dövründə ölkəsinin Azərbaycana münasibətində dəyişiklik ola bilərmi? O, senator olduğu dövrdə Azərbaycana qarşı bir sıra addımlar atıb. Cozef Bayden 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan “907-ci düzəliş”in qəbulunda fəal rol oynayıb. O, oktyabrın 29-da döyüşlər gedən zaman bildirmişdi ki, Prezident Tramp seçki kampaniyalarında razılıq əldə etmək bacarıqları ilə lovğalansa da, hələlik şəxsən bu müharibəni dayandırmaq üçün müdaxilə etməyib: “Administrasiya Azərbaycana hərbi avadanlıqların axınını dayandırmaq üçün "Azadlığa Dəstək" Aktının 907-ci maddəsindəki tələbatları tam həyata keçirməlidir...” Cozef Bayden bununla belə oktyabrın 14-dəki açıqlamasında isə demişdi: “Ermənistana bildirilməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar həmişəlik işğal altında qala bilməz”. O, bu kimi çıxış və fəaliyyətinə əsasən indiyədək ermənisevər sayılıb. Baydenin administrasiyasında da iki erməni mənşəli şəxs çalışacaq. Belə ki, İqlim araşdırmaları üzrə agentliyin rəhbərinin xüsusi köməkçisi Ceff Marutyan və Ağ evin Regional kommunikasiya üzrə bölmənin başçısı Hayk Hacinazaryan təyin edilib. Hayk Hacinazaryan Ohayo ştatının Kolumbus şəhərində Livandan gələn erməni mühacir ailəsində anadan olub. İndiana Universiteti və Corc Vaşinqton Universitetinin Ali siyasi idarəetmə məktəbinin məzunudur. Ceff Marutyan isə Nyu-Cersidə anadan olub. Corc Vaşinqton Universitetini bitirib. 2012-ci ildə Barak Obama və Cozef Baydenin seçkiqabağı kampaniyasında iştirak edib. Donald Tramp erməni lobbisinin və rəsmi Yerevanın çoxsaylı cəhdlərinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə razılıq vermədi. ABŞ Dövlət Departamenti Ermənistanın Rusiya ilə birlikdə Suriyadakı fəaliyyətini pisləmiş və bunu diktator, minlərlə vətəndaşının qanını axıtmış Bəşşar Əsədə dəstək olaraq dəyərləndirmişdi. Odur ki, Cozef Baydenin Ermənistana münasibətinin birmənalı olmayacağı istisna edilmir. Ehtimal etmək olar ki, ABŞ perspektivdə Cənubi Qafqazdakı ölkələrə ayrı-ayrılıqda deyil, daha çox bölgəyə yönələn siyasət yürüdəcək. Bu həm də ölkələr arasında balansı yaratmağa asanlaşdırar. Başqa sözlə, Cənubi Qafqazın təhlükəsizliyinin təmini, onun kənardan təhdid edilməsinin qarşısının alınması ABŞ üçün daha uyğun olar. Çünki Rusiya bu istiqamətdə fəaliyyət göstərir. Bölgədəki münaqişələrdə maraqlı tərəf olduğu üçün Rusiyanın bu işi uğurla başa çatdıracağına ümid azdır. ABŞ-ın dövlət siyasəti Cozef Baydenin şəxsi maraqları ilə yürüdülmür. O, senator olanda məsuliyyəti az olduğundan lobbinin təsiri ilə ermənisevərlik edə bilərdi. Yeri gəlmişkən, “907-ci düzəliş”in həmmüəlliflərindən biri də ABŞ-n 68-ci dövlət katibi Con Kerridir. O, Barak Obama ikinci dəfə prezident olan dövrdə, 2013-cü il fevralın 1-dən 2017-ci il yanvarın 20-dək bu vəzifədə işləyib. Con Kerri də senator olanda ermənisevər çıxışları ilə seçilirdi. Ancaq dövlət katibi olandan sonra münaqişənin dinc yolla həllinə yardım etməyə çalışmışdı. Ermənistan son dövrlərdəki döyüşlərdə ilk dəfə 2016-cı ilin Aprelində məğlub olmuşdu. Cozef Bayden erməni məsələsi ilə bağlı ilk imtahanını aprelin 24-də, prezidentliyinin yüzüncü gününün tamamına bir həftə qalmış verəcək. Qeyd edək ki, demokrat Barak Obama və respublikaçı Donald Tramp həmin gün verdikləri bəyanatda 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırmışdılar. ABŞ başda olmaqla Qərb bloku Rusiyanın ədalətini Azərbaycanın ərazi bütövlüyünə hörmət, Qarabağ məsələsinin həllinə münasibətlə ölçür. Cozef Baydenin hakimiyyəti dövründə ölkəsinin ədalətli olacağı istiqamətində fəaliyyət göstərəcəyinə ümid var. Bununla da o, prezident Baydenin senator Baydendən fərqli olduğunu göstərə bilər. Azından bunu Cənubi Qafqazda yaranan yeni şərait tələb edir. Geri dön |