Ana Sayfa > Siyasət > "Bu vəziyyətdə Allah onlara "neyləsin"
"Bu vəziyyətdə Allah onlara "neyləsin"5-11-2020, 15:52. Yazar: admin |
Fazil Mustafa: "Təəssüf ki, insanlar ancaq yoluxub xəstəxanaya düşəndə “ayılırlar” və “ay Allah, mənə kömək ol”, deyə yalvarmağa başlayırlar" Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində iyun ayında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi. Dəyişikliyə əsasən tibbi maskalardan istifadə vacib olduğu qapalı məkanlarda onlardan istifadə edilməməsinə görə konkret cərimələr təsdiqləndi. Və bundan sonra müşahidə edildi ki, ictimai nəqliyyatda, digər qapalı məkanlarda vətəndaşlar istər-istəməz qaydaya əməl edir və könülsüz də olsa tibbi maska taxırlar. Lakin son günlərdə vətəndaşların tibbi maskalarla bağlı yenə məsuliyyətsiz davrandıqlarını görürük. Xüsusilə də ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyənlər çoxdur. Sürücülər də sərnişinlərə xəbərdarlıq etməyi ya unudub, ya da irad bildirməkdən bezib, yorulublar və daha əhəmiyyət vermirlər. Vəziyyət isə hər ötən gün gərginləşir, yoluxma sayında artım qeydə alınır. Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, millət vəkili Fazil Mustafa “Şərq”ə açıqlamasında qeyd etdi ki, Milli Məclisdə tibbi maskalardan istifadəyə dair təsdiqlənmiş qaydalar və cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişiklik bu gün də qüvvədədir. Lakin: - Cərimələrin tətbiqi ilə bağlı son zamanlar bir qədər tolerant yanaşma mövcuddur. Vətəndaşlarımız isə bu şəraitdən sui-istifadə edir. Ölkəmiz müharibə şəraitində olduğu, Azərbaycan əsgəri qanıyla şanlı bir tarix yazdığı, torpaqlarımızı işğaldan azad etdiyi bu günlərdə əksinə, insanlar daha da məsuliyyətli davranmalıdır. Hər gün, hər saat təbliğat aparılır, deyilir, insanlara çatdırılır ki, sizdən yalnız məsuliyyətli olmaq tələb edilir, amma yenə də baxırsan ki, kimlərsə qaydalara etinasız yanaşır. Hazırda vətəndaşın üzərinə düşən passiv dəstəkdir. Heç olmasa, bunu göstərsinlər. Əsgərə, ordumuza, dəstək olmaq istəyiriksə, qaydalara əməl etməliyik. Yoluxma sayının artmasına səbəb olmamalıyıq. Amma bu gün avtomobillə hərəkət etmişəm və görürəm ki, küçələrdə, səkidə bəziləri 5-10 nəfər toplaşıb, yanaşı dayanıb, hamısı da tibbi maskasız. Bu, həm də insanların mədəni səviyyəsinin mənfi bir göstəricisidir. Belə olmamalıdır. Xüsusən indiki həssas məqamda. F.Mustafa qeyd etdi ki, cəzaların, cərimələrin sərtləşdirilməsi indiki halda doğru sayılmaz: - Birincisi, hazırda komendant saatı tətbiq edilir. Komendant saatının qaydaları xüsusi karantin rejiminin qaydaları ilə üst-üstə düşür, uyğunluq təşkil edir. Onsuz da axşam saat 21:00-dan səhər 06:00-dək xüsusi icazə olmadan şəhərdə hərəkət etmək, harasa getmək yasaqdır. Adi işlərdə çalışanlar bu vaxtadək evlərinə getməyə çalışır və şəhərdə sıxlıq olmur. Sakitlik yaranır, polis əməkdaşları vəzifələrini icra edirlər. Metropolitenin fəaliyyətinin dayandırılması, tədris müəssisələrinin bağlanması, şənbə-bazar günləri ictimai nəqliyyatın bütünlüklə dayandırılması həm karantin rejiminin, həm də hərbi vəziyyətin ölkə ərazisində tətbiqinə əlavə üstünlüklər verir. Bu amillər nəzərə alınmaqla karantin qaydaları avtomatik həllini tapmış olur. Ona görə də cərimələrin tətbiqində sərtləşməyə gedilməsi məqsədəuyğun hesab edilmir. Həmçinin, insanlar üçün də indi həssas dönəmdir, baxmayaraq ki, bəziləri bundan sui-istifadə edir. İnsanların problemləri var, ümumilikdə cəmiyyətin gözləntiləri fərqlidir, məhz cəbhədən gələn xəbərlərlə bağlı olaraq. Belə vəziyyətdə sərtləşmələrə gedilməsi lazım bilinmir. Ancaq insanlarımız özləri məsuliyyət hissi dərk etməlidirlər. Və ictimai qınaq mütləq olmalıdır. Təəssüf ki, insanlar ancaq yoluxub xəstəxanaya düşəndə “ayılırlar” və “ay Allah, mənə kömək ol”, deyə yalvarmağa başlayırlar. Bu vəziyyətdə Allah onlara “neyləsin?!”. Geri dön |