Ana Sayfa > Siyasət > “The Japan Times”: Ermənistanın Azərbaycanın ikinci böyük şəhərinə hücumu müharibənin genişlənməsinə səbəb ola bilər
“The Japan Times”: Ermənistanın Azərbaycanın ikinci böyük şəhərinə hücumu müharibənin genişlənməsinə səbəb ola bilər5-10-2020, 12:31. Yazar: admin |
Yaponiyanın nüfuzlu “The Japan Times” qəzeti Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təqdim olunan materiallar əsasında Ermənistan ordusunun Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhərlərini hədəfə alması barədə geniş məqalə dərc edib. AZƏRTAC xəbər verir ki, “Azərbaycan bildirir ki, Ermənistan münaqişə zonasından uzaq olan şəhərləri hədəfə alır” sərlövhəli məqalədə Azərbaycan rəsmilərinə istinadla artıq doqquzuncu gündür davam edən qarşıdurma ilə bağlı digər məlumatlara da yer verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bazar günü Ermənistan ordusu Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirdiyini bəyan edib. Bir neçə yüz min sakinin yaşadığı və ölkənin ikinci ən böyük şəhəri olan Gəncə, eləcə də Mingəçevir şəhəri Xankəndidən təxminən 100 kilometr məsafədə yerləşir. H.Hacıyev “Twitter” sosial şəbəkə hesabında Ermənilərin Azərbaycan şəhərlərinə raket zərbələrini təsdiq edən video və fotolar, nəticədə zərər çəkmiş binaların şəkillərini paylaşıb. Yazıda Ermənistan Müdafiə Nazirliyinin həmin faktları təkzib etdiyi də vurğulanıb. Qeyd olunub ki, hücumlar nəticəsində mülki infrastruktura ziyan dəyib. Həmçinin bu hücum nəticəsində bir mülki şəxs həyatını itirib, 32 nəfər isə yaralanıb. Məqalədə Azərbaycanın Müdafiə naziri Zakir Həsənova istinadla yazılıb: “Ermənistan ərazisindən Azərbaycana atəş açmaq açıq şəkildə təxribatdır və bu, hərbi əməliyyatlar zonasını genişləndirir”. Bundan başqa, Hikmət Hacıyevin digər paylaşımında erməni silahlı qüvvələrinin su anbarı və ölkənin əsas elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinə raket zərbəsi endirdiyini vurğuladığı da qeyd olunub. Bildirilib ki, bu hücum nəticəsində mülki şəxslər yaralanıb. Məqalədə, həmçinin Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və ətrafdakı bir neçə kəndi işğaldan azad etdiyi yapon oxucuların diqqətinə çatdırılıb. Yazıda münaqişənin tarixinə və yaranma səbəblərinə də nəzər salınıb. Eyni zamanda, vurğulanıb ki, Azərbaycan hazırda davam edən döyüşlərin dayandırılması üçün yeganə şərtin Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılması olduğunu bəyan edib. Yazıda Ermənistan rəsmilərinin guya Türkiyənin münaqişədə iştirak etməsi və Suriyadan gətirilən yaraqlıları bölgəyə göndərməsi barədə iddialarına da cavab verilib. Ankaradakı rəsmi mənbələrə istinadla bildirilib ki, Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyir, lakin münaqişə zonasına silah və ya xarici döyüşçü göndərməsi barədə deyilənləri qətiyyətlə rədd edir. Eyni zamanda, Türkiyənin Xarici İşlər Nazirliyi Gəncəyə hücumu qətiyyətlə pislədiyi və bunun Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasının bariz nümunəsi olduğu qeyd edilib. Rəsmi Ankara Ermənistanın insanlığa qarşı cinayətlər törətdiyini bildirib. Türkiyə XİN-ə istinadla bildirilib ki, Ermənistan bölgədəki sülh və sabitlik üçün ən böyük maneədir. Geri dön |