Ana Sayfa > Siyasət > “5-ci kolon”un fəallığının arxasındakı güc: - Kreml Bakıya təzyiqi artırır
“5-ci kolon”un fəallığının arxasındakı güc: - Kreml Bakıya təzyiqi artırır12-09-2020, 10:33. Yazar: admin |
Azərbaycan və Türkiyə arasında hərbi ittifaqın yaradılacağı barədə xəbərlər Rusiyanın siyasi elitasını ciddi narahat etməyə başlayıb. Bu səbəbdən də son vaxtlar Rusiyanın hərbi və diplomatik dairələri rəsmi Bakı ilə danışıqları artırıb. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, ardınca onun müavini Andrey Kartapolov Azərbaycana ardıcıl səfərlər edib. Eyni zamanda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfər edərək həmkarı Sergey Lavrovla görüşüb. Sözügedən müzakirələrin predmetini iyul ayında baş vermiş Tovuz döyüşlərindən sonra Azərbaycan-Rusiya münasibətlərində yaranmış narazılığın səbəbləri təşkil edib. Ancaq çox keçmədən Rusiya Müdafiə nazirinin Azərbaycana səfərinin görünməyən tərəfləri ilə bağlı məlumatlar ortaya çıxamağa başladı. Belə ki, S.Şoyqunun Türkiyə silahlı qüvvələrinin birgə təlimlərdən sonra hələ də Azərbaycan ərazisində qalması və ya qayıtmağa tələsməməsi Rusiyanı ciddi narahat edir. Şoyqu da Bakıya gəlişi zamanı türk qoşunlarının Azərbaycanı tərk etməsini istəyib. Lakin onun diqqətinə həmin məsələnin Azərbaycan-Türkiyə müstəvisində deyil, Türkiyə-Rusiya danışıqları səviyyəsində həll edilməli bir məsələ olduğu çatdırılıb. Kreml isə Türkiyə ilə qarşıdurmaya getmək istəmədiyi üçün Azərbaycana təzyiqləri artırır. Bu özünü bir tərəfdən Ermənistana hərbi yardımların artırlıması şəklində, digər tərəfdən isə Azərbaycanda Moskvaya bağlı olan “5-ci kolon”un fəallaşması fonunda göstərir. Ekspertlər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yaxın perspektivdə hərbi müsttəfiqlik mərhələsinə keçəcəyini istisna etmir. Çünki söhbət yalnız Azərbaycanın deyil, həm də Türkiyənin və NATO-nun regional maraqlarından gedir. Seçim qarşısında qalacağı təqdirdə, Azərbaycanın Türkiyənin yanında yer alacağı şübhə doğurmur. Ona görə də Türkiyənin hərbiçilərini və silahlı texnikasını Azərbaycandan tezliklə çıxaracağını söyləmək çətindir. Türkiyə və Rusiya arasında kompromis variant Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsindən ibarət ola bilər. Yəni Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində kompromisə getməklə Cənubi Qafqazda təsir imkanlarını saxlaya bilər. 2021-ci ildə Gürcüstanın NATO-ya üzvlüyə qəbul edilməsinə dair planın olduğunu nəzərə alsaq, bu proses Türkiyənin Cənubi Qafqazda mövqelərini və təsir imkanlarını gücləndirəcək. Regionda geosiyasi və hərbi balansın dəyişməsi Rusiya-Türkiyə rəqabətinin artması deməkdir. Rusiya-Ermənistan ittifaqına qarşı Azərbaycan-Türkiyə alyansı yaranmasının ardınca, Cənubi Qafqazda ABŞ-Gürcüstan-Türkiyə bloku da yarana bilər. Türkiyə-Gürcüstan-Azərbaycan strateji müttəfiqülik zolağının yaranması Rusiyanın Ermənistanla və bu ölkədəki hərbi bazaları ilə zəif olan quru əlaqəsinin tamamilə kəsilməsinə səbəb olacaq. Artıq bu qarşıdurmanın ilkin əlamətləri özünü göstərməyə başlayıb. Türkiyə və Azərbaycan arasında hərbi ittifaqın yaradılacağına dair məlumatlar getdikcə artır. Sentyabrın 7-dən başlayaraq Gürcüstanda NATO-nun 2700 hərbçisi “Layiqli Tərəfdaş” proqramı çərçivəsində təlimlər keçirir. Rusiya isə sentyabrın 21-dən 26-dək genişmiqyaslı “Qafqaz-2020” təlimlərini keçirməyə hazırlaşır. Son zamanlar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev başda olmaqla Rusiyaya rəğbət bəsləyən qüvvələrin dilə gəlməsi də bu baxımdan təsadüfi deyil. Burada ikitərəfli proses müşahidə olunur. Azərbaycan dövləti daxildəki təhlükənin hansı dairələrdən gəldiyinin fərqindədir. Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən döyüşlər zamanı Rusiyanın öz mövqeyini açıq ortaya qoyması rəsmi Bakını “5-ci kolon”un sıradan çıxarılması istiqamətində ciddi addımlar atmağa vadar etdi. Görünür, artıq həmin şəbəkənin neytrallaşdırılması prosesinə başlayıb. Ramiz Mehdiyev və ona yandaşlıq edənlərin, məhz indiki məqamda, yəni Türkiyənin Azərbaycana dəstək verdiyi mərhələdə aktivləşməsi dolayısı ilə Rusiyanın bölgədə zəifləməkdə olan mövqelərinin müdafiəsinə hesablanıb. Azərbaycan-Türkiyə hərbi ittifaqı qurulacaqmı? Bir aydan artıqdır ki, Azərbaycan və Türkiyə arasında hərbi ittifaqın qurulacağı barədə məlumatların nə qədər həqiqətə uyğun olduğuna dair müzakirələrə gedir. Təbii ki, bu prosesin reallaşması üçün hər iki tərəfin istəyi olmalıdır. İkincisi, həmin birliyi forması, müqavilənin şərtləri və həyata keçirilməsi mexanizmləri müəyyənləşməlidir. Bununla bağlı daha çox iki təklif irəli sürülür. Bəzi mütəxəssislər Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini vacib hesab edir. Digər mövqeyə görə, Azərbaycan qanunvericiliyi xarici hərbi bazaların ölkə ərazisində yerləşdirilməsini qadağan edir. Bu səbəbdən Azərbaycan və Türkiyə qarşılıqlı hərbi yardım haqqında saziş imzalamalıdır. Hərbi bazaların yerləşdirilməsinin tərəfdarı olanlar qanunvericiliyə Azərbaycanın dövlət maraqları cavab verdiyi səviyyədə əlavə və dəyişiklik edilməsini mümkün sayır. Çünki Azərbaycanın qadağanı birdəfəlik aradan qaldırması sonradan Rusiyanın və digər dövlətlərin də eyni iddia ilə çıxış etməsinə səbəb ola bilər. Ona görə də bu sazişdə sadəcə Türkiyənin adını qeyd etmək və müqavilənin qüvvədə olma müddəti göstərilməklə hərbi bazaların yerləşdirilməsi təmin edilə bilər. Qanunvericilikdə qoyulan məhdudiyyətlərə gəlincə, bu mütləq qadağa deyil və istisna halları nəzərdə tutur. Bu baxımdan, rəsmi Bakı Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının dövlətin daxili işlərinə qarışmamaq, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirməmək prinsiplərinə əməl etməklə müvəqqəti olaraq yaradılmasına icazə verə bilər. Məsələn, Azərbaycanın Hərbi Doktrinasının 29-cu maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir.Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”. Yəni bu maddənin ikinci hissəsi müəyyən əlavələr edilməklə və ya ikitərəfli müqavilələr əsasında Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsinə hüquqi əsas yaradır. Yaxud Milli Təhlükəsizlik Haqqında Qanunun 19.4-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr istisna olmaqla, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, habelə hərbi qüvvələrin, silah, hərbi texnika, kütləvi qırğın silahı komponentləri və texnologiyalarının tranzit daşımalarına yol verilmir. Göründüyü kimi, Azərbaycan və Tükiyə ikitərəfli və çoxtərəfli müqavilələri əsas götürərək hərbi bazaların yaradılması barədə qərara gələ bilər. Ekspertlər hesab edir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilə buna imkan verir. Belə ki, tərəflər 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un və 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinin bazasında yeni hərbi ittifaqın yaradılmasına dair sənəd imzalaya bilər. Qeyd edilən sazişin preambula hissəsinin 3-cü bəndində bir-birinin daxili işlərinə qarışmamaq, suveren bərabərlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin vacibliyini təsdiq edərək, müstəqilliklərinə, suverenliklərinə, ərazi bütövlüklərinə yönələn silahlı basqın halında lazımı qarşılıqlı yardım tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanır. Lakin Türkiyə hərbi bazalarının yerləşdirilməsi Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı forpost kimi istifadə olunması məqsədi daşımamalıdır. Bu saziş Ermənistanın təcavüzünün aradan qaldırılmasında və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində dəstək rolu oynamalıdır. Bu baxımdan, Azərbaycan və Türkiyə arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Haqqında Müqavilənin 2-ci maddəsi iki ölkə arasında hərbi alyansın yaradılmasına beynəlxalq hüquq çərçivəsində icazə verir. “Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaq”-sənəddə belə deyilir. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında "Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ağır cinayətlərə qarşı mübarizə haqqında" Saziş də rəsmi Ankaranın qardaş ölkəyə sərhədlərinin toxunulmazlığını təmin etmək, separatçılığa qarşı mübarizə və anti-terror əməliyyatlarının keçirilməsində hərbi yardım etməyə hüquqi əsas yaradır. //Cebhe.info// Geri dön |