Ana Sayfa > Siyasət > Prezidentdən Yunanıstana qəti və konkret xəbərdarlığı – TƏHLİL

Prezidentdən Yunanıstana qəti və konkret xəbərdarlığı – TƏHLİL


3-09-2020, 11:44. Yazar: admin
Prezidentdən Yunanıstana qəti və konkret xəbərdarlığı – TƏHLİL

Sentyabrın 2-də Prezident İlham Əliyev Yunanıstan səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən diplomatik etiket qaydaları çərçivəsində olduqca açıq və aydın mövqeni özündə əks etdirən fikirlər səsləndirib.

Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi prizmasından Yunanıstanın tutduğu mövqeni açıq dillə tənqid edib.

Azərbaycanı narahat edən məqamlardan birincisi Yunanıstanın Kipri də cəlb etməklə işğalçı Ermənistanla hərbi əməkdaşlığı gücləndirməsidir.

Ermənistan-Yunanıstan-Kipr üçlüyünün hərbi-siyasi, diplomatik sahədə əməkdaşlığı bir neçə ildir ki, davam edir.

Üçlük formatında əməkdaşlığın xronologiyasının ümumi fraqmentlərini xatırlatmaq yerinə düşər.

2012-ci ildə Ermənistanla Kipr arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb.

2015-ci ilin mayında İrəvanda Ermənistan və Kiprin müdafiə nazirləri arasında birgə hərbi təlimlərin keçirilməsinə dair sazişə qol çəkilib.

2018-ci ildən etibarən Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq həyata keçirilməyə başlanılıb. İki ölkə arasındakı hərbi əməkdaşlıq əsasən hərbi təhsil, hərbi tibb, aviasiya sahəsini özündə ehtiva edir və taktiki hazırlığa yönəlib.

2019-cu ildə Ermənistanla Yunanıstan hər iki ölkədə 20 tədbirin həyata keçirilməsini nəzərdə tutan hərbi əməkdaşlıq sazişini imzalayıb.

2019-cu ilin iyunun dördündə üçlüyün xarici işlər nazirlərinin ilk sammiti yunan Kiprinin paytaxtı Nikosiyada keçirilib.

Prezident İlham Əliyev səfirə müraciətində təcavüzkar Ermənistanla hərbi əlaqələrin inkişaf etdirilməsini qınayıb, Ermənistanın Xocalıda soyqırımı aktı törətdiyini, bir milyon azərbaycanlını evlərindən didərgin saldığını, tarixi-mədəni, dini abidələri dağıtdığını xatırladıb.

İlham Əliyevin çıxışında Ermənistanın bütün beynəlxalq hüquq və normaları pozduğuna işarə edilib, bu ümumi mənzərə fonunda BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnaməyə əməl etməməsini, İrəvanın aqressiv davrandığını bildirib.

“Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”, - deyə Prezident əlavə edib.

Prezidentin mesajları qəti və konrektdir, açıq diplomatik münasibətdir və Azərbaycanın milli maraqlarının müdafiəsinə yönəlib.

Dövlət başçısı Yunanıstan səfiri ilə açıq danışaraq bir daha Azərbaycanın milli maraqlarının ən vacib məsələ olduğunu, burada qapalı və qaranlıq heç bir məqam olmadığını nümayiş etdirib.

İlham Əliyevin toxunduğu digər məsələ Yunanıstanın Türkiyəyə qarşı hərbi ritorikası ilə əlaqədardır.

Son zamanlar Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda yaşanan gərginlik dünyanın hərbi-siyasi dairələrinin gündəmində dayanır. Türkiyənin həmin regionda qaz yataqları aşkarlamağa yönəlik iqtisadi fəaliyyəti Yunanıstanın etirazına səbəb olub. İki ölkə arasında hərbi qarşıdurmanın olacağı barədə həyəcanlı fikirlər səsləndirənlər də var.

İlham Əliyev Azərbaycan dövlətinin regionda baş verən proseslərə aydın münasibətini ifadə edib.

Bu mövqe rəsmi Bakını dostluq, strateji tərəfdaşlıq və qardaşlıq ruhunun xarakterinə uyğun olaraq Türkiyəni bütün sahələrdə dəstəkləyəcəyinə dair bəyanatdır.

Eyni zamanda Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribatlar törətməsindən sonra Türkiyənin Azərbaycana dəstəyinə jestdir.

Qeyd edək ki, Yunanıstan, Kipr və Ermənistan Türkiyəyə qarşı diplomatik savaşda da eyni cəbhədə birləşiblər.

Üçlük Türkiyənin BMT Baş Assambleyasının növbəti prezidenti olmasına etiraz edir.

Prezident İlham Əliyevin “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” deməsi həm də üçlüyün Ankaraya qarşı birləşməsinə etiraz edən mesajdır.

İlham Əliyevin çıxışı göstərdi ki, Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da qətiyyətlə Türkiyənin yanındadır.

Prezidentin xarici siyasət məsələləri, milli maraqlar və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ifadə edib, əzm və iradə göstərib.
Geri dön