Ana Sayfa > Siyasət > "Bir daha əmin olduq ki, Azərbaycanda qanun hamı üçün bərabər tətbiq edilir" - deputat
"Bir daha əmin olduq ki, Azərbaycanda qanun hamı üçün bərabər tətbiq edilir" - deputat2-09-2020, 13:27. Yazar: admin |
“Koronavirus cəmiyyətimizdə ekstremal, fövqəladə vəziyyət yaradıb. Bu vəziyyətdən çıxış yolu bütün fərdlərin bərabər, sinxron hərəkət etmələri və Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara dəqiq riayət etmələri ilə mümkündür”. Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Bu prosesdə qanunun aliliyinin və hamı üçün bərabər dərəcədə şamil edilməsinin aktuallığına diqqət çəkən deputat ədalət prinsipinin əsas meyar olduğunu vurğulayıb: “Təqribən yeddi aylıq prosesdə biz bir daha əmin olduq ki, Azərbaycanda qanun hamı üçün bərabər tətbiq edilir, sosial statusundan, ictimai mövqeyindən, müxtəlif titullarından asılı olmayaraq hər bir vətəndaşın qanun qarşısında bərabərliyi təmin edilir. Bu çox mühüm amildir. Məhz ədalət də buradan yaranan hadisədir. Beləliklə də, cəmiyyət üzvləri qanunun hamıya bərabər şəkildə şamil edildiyini görür və bunu ədalətli hesab edir. Ona görə də, hazırda koronavirusa qarşı mübarizədə əldə etdiyimiz nailiyyətlər məhz bu prinsiplərlə bağlıdır - qanunun aliliyinin, ədalətli şəkildə hamının bərabərliyinin təmin olunması və karantin rejimin tələblərinə riayət olunması”. Hikmət Babaoğlu deyib ki, Azərbaycan cəmiyyəti kifayət qədər savadlı və intellektual cəmiyyətdir. Çünki bəzi istisnalar olmaqla əsas etibarilə cəmiyyətin böyük hissəsi karantin rejiminin bəlli tələblərinə riayət edir və qanunun aliliyini, ədaləti təmin edən dövlət orqanlarının fəaliyyətini yüksək qiymətləndirir: “Bu amil isə mühüm məsələdir. Çünki hər bir fərd qanunu da, baş verən hadisələri də öz idraki keyfiyyətlərinə uyğun olaraq mənimsəyir. Əgər dediyim intellektual səviyyə yüksək olmasaydı, şübhəsiz ki, burada biz istisnaların daha çox nəzərə çarpmasının şahidi olacaqdıq. Ona görə də düşünürəm ki, bu gün pandemiyaya qarşı mübarizədə əldə etdiyimiz uğurlar bu məsələlərlə sıx bağlıdır. İkinci mühüm məsələ isə hökumətin gördüyü operativ və effektli tədbirlərlə bağlıdır ki, burada da tibbi sənayenin qurulması, qısa müddətdə müasir xəstəxanaların açılması, dövlətimiz tərəfindən yüksək səviyyədə tibbi xidmətlərin təşkil olunmasını nümunə göstərmək olar. Bu sıraya ayrı-ayrı ölkələrdən ixtisaslı, təcrübəli həkimlərin Azərbaycana gətirilməsi və onların birbaşa virusla mübarizə prosesinə qoşulması, yerli mütəxəssislərimizlə təcrübə mübadiləsi aparmalarını aid etmək olar. Bütün bunların hamısı nəticə etibarı bizim bugünkü ümumi uğurumuzu təmin edib. Amma yenə də bu proseslərdə önə çıxan heç şübhəsiz ki, qanunun tələblərinin hamıya qarşı bərabər şəkildə tətbiq olunması və qanun qarşısında hamının eyni davranışının təşkil olunması hadisəsidir. Bu da uğurlarımızın ən mühüm səbəblərindən biridir”. Geri dön |