Ana Sayfa > Siyasət > Milli Məclisin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb


24-07-2020, 19:50. Yazar: admin
Milli Məclisin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfir Mixail Boçarnikov görüş imkanı yaradıldığı üçün Milli Məclis Sədrinə minnətdarlığını bildirib. Rusiyalı səfir əvvəlcə Sahibə Qafarovanı Milli Məclisin Sədri seçilməsi münasibətilə təbrik edib. Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında olan münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu vurğulayıb.

Sahibə Qafarova mövcud münasibətlərin parlamentlərarası əməkdaşlığın gələcək perspektivi üçün çox yaxşı zəmin yaratdığını qeyd edib, humanitar sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən etibarən yaratdığı vəziyyətə xüsusilə toxunan Milli Məclisin Sədri bildirib ki, bir çox beynəlxalq qurumlar və təşkilatlar Ermənistan tərəfindən törədilən bu təxribatı pisləyib.

Milli Məclisin sədri Ermənistan tərəfindən törədilən təxribata etiraz olaraq son günlərdə dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı ermənilər tərəfindən hücumların təşkil edilməsini kəskin şəkildə qınayıb.

Səfir M.Boçarnikov ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi Rusiyanın problemin sülh yolu ilə həll edilməsində maksimum səy göstərdiyini bir daha qeyd edib.

Görüşün sonunda rusiyalı diplomat Rusiya Federasiyası Federal Şurasının Federal Məclisinin sədri Valentina Matviyenkonun dəvətini xatırladaraq, ən qısa zamanda Milli Məclis Sədrini Moskvada gözlədiklərini bildirib. Sahibə Qafarova, öz növbəsində COVID-19 pandemiyası səbəbindən hazırda bütün səfərlərin vaxtının dəyişdirilməsindən təəssüfləndiyini qeyd edərək, pandemiya bitdikdən sonra ilk səfərlərdən birinin məhz Rusiya Federasiyasına ediləcəyini vurğulayıb.
Geri dön