Ana Sayfa > Siyasət > “Pandemiyaya baxmayaraq, Milli Məclis işinin öhdəsindən gəldi” - RƏYLƏR
“Pandemiyaya baxmayaraq, Milli Məclis işinin öhdəsindən gəldi” - RƏYLƏR1-06-2020, 18:07. Yazar: admin |
İlk dəfə olaraq vaxtından əvvəl buraxıldıqdan sonra növbədənkənar seçkilərdə formalaşdırılan VI çağırış Milli Məclis ilk sessiyasını başa vurdu. Fevralın 9-da keçirilən növbədənkənar seçkilərdən sonra parlamentin yeni tərkibi martın 10-dan rəsmi fəaliyyətə başlayıb. Bu dövr demək olar ki, pandemiya ilə əlaqədar karantin rejimi dövrünə təsadüf etdiyinə görə, toplantıların keçirilməsində müəyyən çətinliklər yaranıb. Ancaq yeni tərkibdə olan parlament fəaliyyətini dayandırmadan həm onlayn, həm də müxtəlif qabaqlayıcı tədbirlər görməklə davam etdirdi. Ölkədə islahatların aparılması fonunda parlamentin son aylardakı fəaliyyəti siyasilər tərəfindən də müsbət qiymətləndirilib. “Parlamentin rəhbərliyində müxalifətin təmsil olunması islahatların nəticəsidir” Azərbaycan Yurddaş Partiyası sədri Mais Səfərli “Report”a bildirib ki, Azərbaycanda bütün sahələrdə islahatlar aparılır? yenilənmələr göz qabağındadır və parlament də islahatlara mümkün olan dəstəyi verir: “Baxmayaraq ki, bütün dünyada olduğu kimi, Azərbaycan dövlətinin də fəaliyyətinin əhəmiyyətli hissəsini koronavurusla mübarizə təşkil edir, amma bu fonda belə həmin islahatlar davam etdirilir. Ölkəmizdə siyasi partiyalarla dialoq qurulub və siyasi münasibətlərin yenidən qurulması göz qarşısındadır. Bu gün parlamentin rəhbərliyində müxalif partiyaların nümayəndələrinin təmsil olunması da bu islahatların nəticəsidir. Azərbaycanın müstəqillik tarixində belə hal olmayıb ki, parlamentin sədr müavini, komitələrin rəhbərləri müxalifət nümayəndələri də təmsil olunsun. Növbədənkənar seçkilərində formalaşdırılan yeni parlamentin fəaliyyəti elə bir dövrə düşdü ki, koronavirus infeksiyası bütün dünyanı caynağına aldı. Əlbəttə ki, bu da parlamentin ahəngdar işinə öz təsirini göstərdi, hətta bəzi komitə iclaslarını videokonfrans şəklində keçirmək məcburiyyətində qaldılar. Ancaq bütün bunlara baxmayaraq, parlament üzərinə düşən işlərin öhdəsindən gəldi. Düzdür, bu qısa müddət ərzində onun işinə qiymət vermək tezdir. Çünki qarşıda görüləsi çox böyük işlər var. Cənab Prezidentin parlamentin ilk iclasında söylədiyi nitq zamanı səsləndirdiyi fikirlər o vəzifələri ehtiva edir. Hesab edirəm ki, parlament hakimiyyətin bir qolu kimi, Prezdentin apardığı islahatlara dəstək verməli və parlamentin özündə də bu islahatlar həyata keçirlməlidir. Bu dövr ərzində qəbul edilən qərarlar, deputatların fəallığı ondan xəbər verir ki, parlament bu istiqamətdə işlər görəcək. “İslahatların həyata keçirilməsi üçün parlamentin çox böyük yardımına ehtiyac var” Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Report”a açıqlamasında bildirib ki, parlamentin bu dövr ərzində fəaliyyətini səmərəli hesab edir: “Nəzərə alsaq ki, parlament seçkilərindən sonrakı dövrdə “koronavurs” adlandırılan bir bəla dünyanın başına çox böyük problemlər gətirdi. Ona görə də, Azərbaycanda fevralın 9-da keçirilən növbədənkənar seçkilərdə formalaşdırılan VI çağırış Milli Məclis tam gücü ilə işləyə bilmədi. Bəzi hallarda normal toplantılar keçirmək imkanı olmasa da, hesab edirəm ki, Milli Məclis belə bir şəraitdə kifayət qədər səmərəli işləyib. Parlamentin kifayət qədər yüksək səviyyəli tərkibi var və son aylarda həm pandemiya dövrü üçün vacib məsələlər, həm də ölkə üçün əhəmiyyət daşıyan digər məsələlərlə bağlı müvafiq qərarlar verildi. Əlbəttə ki, pandemiya dövründə işin səmərəliliyini artırmaq lazımdır və yəqin ki, bundan sonra iş əmsalı daha da artacaq. Çünki Prezidentin nəzərdə tutduğu islahatların həyata keçirilməsi üçün parlamentin çox böyük yardımına ehtiyac var”. Deputat: "Milli Məclis Aparatında və İşlər İdarəsində də ciddi islahatlar aparılıb" Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov “Report”a açıqlamasında deyib ki, cari il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərini ölkədə geniş vüsət alan islahatların tərkibi kimi qiymətləndirmək olar: "Bu seçkilər tamamilə Azərbaycan xalqının iradəsini əks etdirir. Seçkilərlə Milli Məclisin deputatlarının tərkibi xeyli dəyişib". Onun sözlərinə görə, dövlət başçısının başlatdığı əsaslı və hərtərəfli islahatların tərkib hissəsi kimi parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması ölkənin siyasi sistemində təşəkkül tapan yeni konfiqurasiyanın mühüm tərkib hissələrindən birini təşkil edir: "Bildiyiniz kimi, VI çağırış Milli Məclisinin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə Milli Məclis Aparatında və İşlər İdarəsində də ciddi islahatlar aparılıb. Nəticəndə Aparatın və İşlər İdarəsinin yeni strukturu və ştat cədvəli müəyyənləşib, bir sıra dövlət qulluqçuları ixtisar edilib. Belə ki, Milli Məclisin Aparatında 13 şöbə əvəzinə 9 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə saxlanılıb. Milli Məclis Aparatında yeni bir şöbə – İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb. Bu şöbənin fəaliyyətinin əsas istiqaməti qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir. İnanıram ki, islahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə yardım göstərəcək”. Deputat vurğulayıb ki, bu gün koronavirus pandemiyası bütün dünyanı öz ağuşuna alıb: “Milli Məclis Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında Azərbaycanda koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə yaxından iştirak edir. Pandemiya dövründə parlamentin komitə və komissiyalarının iclasları onlayn rejimdə keçirilib. Bundan əlavə, koronavirus pandemiyası Milli Məclisin beynəlxalq əlaqələrinin intensivləşməsində də öz təsirini göstərib. Xarici səfərlər, qonaqların qəbulu müvəqqəti dayandırılıb. Amma parlamentin rəhbərliyi, komitələrin sədrləri, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərinin başçıları həmkarları ilə onlayn rejimdə bir sıra görüşlər keçirib və müzakirələr aparıblar”. C.Osmanov xatırladıb ki, martın 10-dan rəsmi fəaliyyətə başlayan VI çağırış Milli Məclisinin yaz sessiyasında 12 plenar iclas keçirilib: “Həmin iclaslarda 123 qanun və qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul edilib. Hesab edirəm ki, VI çağırış Milli Məclisinin yaz sessiysındakı fəaliyyətini yüksək qiymətləndirmək olar. Bu gün hər kəsdə inam yaranır ki, xalqın iradəsini özündə əks etdirən yeni parlamentin tərkibi müasir çağırışlara cavab verəcək”. Geri dön |