Ana Sayfa > Siyasət > “DTX hələ 5-6 rayonda əməliyyatları davam etdirməlidir” - Nə qədər ki, harınlamış icra başçıları var...

“DTX hələ 5-6 rayonda əməliyyatları davam etdirməlidir” - Nə qədər ki, harınlamış icra başçıları var...


18-05-2020, 09:44. Yazar: admin
“DTX hələ 5-6 rayonda əməliyyatları davam etdirməlidir” - Nə qədər ki, harınlamış icra başçıları var...

Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam etdirilir. Ötən il bu sahədə geniş vüsət almış islahatlar müsbət nəticələrlə ifadə olunub və bu il də proses pozitiv tendensiya ilə müşaiyət olunur.
Təbii ki, islahatların əsas məqsədlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Prezident İlham Əliyev demək olar ki, bütün müşavirələrdə işində nöqsanlara yol verənlərin cəzalanacağını təkrar- təkrar vurğulayıb, bütün məmurların məhz bu prinsiplə işləməli olduğuna dair xəbərdarlıq edir.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir sıra icra hakimiyyətlərində, Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində əməliyyat keçirməsi də bu prosesin əyani nəticəsidir.

DTX-nın həyata keçirdiyi əməliyyatların həm xalqın, həm də dövlətin maraqları baxımından mühüm əhəmiyyətə malik olduğunu deyən professor, politoloq Cümşüd Nuriyevin "Sherg.az"a bildirdiyinə görə, icra başçıları özlərini rəhbərlik etdikləri rayonun padşahı, hətta bəzisi Allahı kimi aparır:

"Sanki onların hər biri yeriyən qanundur. Aralarında çox az normal icra başçıları var. Nə qədər ki, qanunu saymayan, harınlamış icra başçıları var, DTX bir o qədər çox əməliyyat keçirəcək. Mətbuatda gedən informasiyaları, narazılıqları nəzərə alsaq, ehtimal etmək olar ki, hələ 5-6 rayonda da bu əməliyyatlar davam etdirilməlidir. Bu insanlarda insaf, dövlətçilik düşüncəsi və s. deyilən bir şey yoxdur. Ölkə müharibə vəziyyətindədir.

Prezident həm erməni işğalçılarına qarşı mübarizə aparır, həm koronavirus pandemiyasına qarşı mübarizə həyata keçirir və etiraf etməliyik ki, bu mübarizədə yüksək nəticələr əldə olunub, həm də daxili təzyiqlərə qarşı mübarizə aparır. Belə bir halda prezidentin təyin etdiyi adamlar prezidentin yanında olmaqdan, yerlərdəki insanların sosial rifahını yüksəltmək üçün addımlar atmaqdan, əks mövqe nümayiş etdirirlər".

Professor hesab edir ki, DTX keçirdiyi əməliyyatlarla həm dövlətin təhlükəsizliyini qoruyur, həm də xalqla prezident arasında uçurulmuş körpüləri bərpa edir, bu sahədə böyük xidmət göstərir.
Geri dön