Ana Sayfa > Siyasət / Manşet > Elmar Vəliyev onu bu dəfə də qoruya biləcəkmi?

Elmar Vəliyev onu bu dəfə də qoruya biləcəkmi?


10-05-2016, 10:13. Yazar: admin
Elmar Vəliyev onu bu dəfə də qoruya biləcəkmi?
Bir neçə gün əvvəl Gəncədə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı olduqca maraqlı nüanslar meydana çıxıb. Vertikal.az xəbər verir ki, Avtozavod qəsəbəsində qeydə alınmış hadisə nəticəsində 1964-cü il təvəllüdlü Nahidə İsmayılova evində bıçaqlanaraq, qətlə yetirilib. Ona 8 bıçaq zərbəsi vurulub. Rəsmi məlumatlara görə, qətli törədən şəxs mərhumənin tanıdığı İlham Abbasov olub. Abbasov özü polisə təslim olub və hadisənin mübahisə zəmnində baş verdiyini bildirib.
Vertikal.az-a müraciət edən Akif Əliyev adlı şəxs isə baş vermiş olayın heç də rəsmi məlumatlarda qeyd edildiyi kimi olmadığını iddia edib. O bildirir ki, qətl hadisəsi borc üstündə olub. Onun iddiasına görə, Gəncə şəhər, Nizami rayonunun icra başçısı Nizami Hacıyevin istintaqa etdiyi təsirlərdən sonra qatlin əsas motivi ört-basdır edilib. «Qətlə yetirilən Nahidə İsmayılova Gəncə şəhəri, Nizami rayonunun icra başçısı Nizami Hacıyev və Nizami Hacıyevin həm qaynı, həm də sürücüsü Şamxalla birlikdə qeyri-qanuni torpaq sahələri əldə edərək, onları kiçik hissələrə bölərək, satmaqla məşğul olub. Bu işləri görmək üçün Nizami Hacıyevin təzyiqləriylə müxtəlif imkanlı şəxslərdən, iş adamlarından, o cümlədən obyekt sahiblərindən borc pul götürülürmüş. Lakin sonradan geri qaytarılmırmış. Pul sahibləri borcu geri tələb etdikdə isə onları obyektlərini sökəcəkləriylə hədələyirmişlər».
Akif Əliyev yazdığı məktubunda vurğulayır ki, belə evlərdən Gülüstan qəsəbəsində inşa edilmiş 3, Cavadxan qəsəbəsində tikilmiş 2 evi misal göstərmək olar.
Vertikal.az-a məlumat verən sözügedən şəxs olduqca maraqlı bir iddia da irəli sürüb. Onun sözlərinə görə, borc alınmış şəxslər pullarını geri ala bilmədikləri üçün ilk olaraq icra başçısı Nizami Hacıyevə hücum ediblər. «Lakin icra başçısı aradan çıxa bilib. Əvəzində isə şəriki olan Nahidə İsmayılova 8 bıçaq zərbəsiylə qətlə yetirilib. Məlumunuz olsun ki, Nizami Hacıyev bir müddət bundan əvvəl də qəzəbli vətəndaşlar tərəfindən möhkəm şəkildə döyülmüşdü. Başı daşla yarılan icra başçısı bir müddət xəstəxanada yatmalı olmuşdu».
Qeyd edək ki, bu ittihamlar kifayət qədər ağırdır. Eyni zamanda, sensasiya doğuracaq həddədir. Ona görə də, məsələ ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Geri dön