Ana Sayfa > Siyasət / Manşet > Sabiq MTN-çidən həyəcan təbili
Sabiq MTN-çidən həyəcan təbili30-03-2016, 10:03. Yazar: admin |
Sosial şəbəkələrdə Talış Mədəniyyət Mərkəzinin keçmiş sədri Novruzəli Məmmədovun qəbirüstünü əks etdirən bir foto sosial şəbəkələrdə son günlərin əsas müzakirə mövzularından biridir. Məsələ ondadır ki, fotoda talış bayrağının əks olunduğu da iddia edilir. Foto ətrafında gəzən iddialar, tənqidi fikirlər artmaqdadır. Belə iddialar var ki, Rusiya Azərbaycana qarşı 23 ildən sonra yenidən “talış kartı”ndan istifadə etmək istəyir. Hətta bununla bağlı hazırda Rusiyaya qazanc dalınca gedən milli azlıqlarla danışıqların getdiyi barədə xəbərlər dolaşır. Xəbər təsdiqini tapmasa da, Azərbaycan dövləti və xalqı üçün nə qədər təhlükəli olduğu sirr deyil. Doğrudur, istər sosial şəbəkələr olsun, istərsə də mətbuat olsun, milliyyətcə talış olan şəxslər qəbir üstündə talış bayrağı ilə olan fotonu kəskin tənqid edirlər. Yəni bütöv bir toplumu, heç şübhəsiz, bu məsələdə suçlamaq yanlış olardı. Amma məsələnin getdikcə təhlükəli hala gələ biləcəyi ehtimalı da var. Müsavat başqanının müavini, Lənkərandan olan Yadigar Sadıqov talış bayrağı ilə yayılan fotoya facebook səhifəsində belə münasibət bildirib: “Şəkildəki mənzərə qızğın müzakirələrə səbəb olub, separatizm ittihamları vüsət alıb. Bayraq Talış Mədəniyyət Mərkəzinin bayrağıdır. O mərkəzin ki, məzarı görünən Novruzəli Məmmədov bir müddət sədri olub. Hər bir dərnəyin, şirkətin, şəhərin, partiyanın, futbol klubunun bayrağı ola bilər. Bunu xüsusi şişirtməyə ehtiyac yoxdur. Doğrudur, 90-cı illərin əvvəllərində baş verən hadisələrə görə toplumumuz milli məsələyə həssas və emosional yanaşır. Könül istərdi ki, talış həmvətənlərimiz bunu nəzərə alıb, Azərbaycan bayrağını da dalğalandıraydılar. Ümid edirəm, gələcəkdə nəzərə alacaqlar”. Başqan müavini qəzetimizə açıqlamasında “talış separatizmi” ifadəsinin işlənməsinin doğru olmadığını qeyd etdi: ““Talış separatizmi” adlı bir şey yoxdur. Bu ifadənin işlənməsi talış həmvətənlərimizin haqlı narazılığına səbəb olur. Mətbuatdan bu məsələdə diqqətli olmasını rica edərdim. Rusiyanın isə belə cəhdləri yenilik deyil. Ayrı-ayrı şəxsləri öz oyunlarına cəlb edə bilər. Lakin dövlət müstəqilliyimizin qazanılmasında, Qarabağ savaşında misilsiz xidmətləri talışların bu oyunlara uymayacaqlarına, Hilal Məmmədovun, Mehdibəy Səfərovun, Rafiq Cəlilov və digər talış ictimai fəalların Azərbaycan vətənpərvərlərinin yanında olacaqlarına əminəm". Fotonu sosial şəbəkələrdə paylaşan sabiq MTN zabiti, polkovnik İlham İsmayıl da kəskin tənqidlərə məruz qalır. Onun talış milliyyətindən olan vətəndaşlarımız arasında narazılıq yaradan əsas fikirləri bunlardır: “Separatçılar təkcə Moskvada və İrəvanda fəaliyyət göstərmirlər. Burada, Azərbaycanın ortasında da separatçı talış bayrağını qaldırıb bizi türk olmağımızda, türkçülükdə günahlandırırlar. Ermənilər də belə başlamışdılar, dedilər, narahat olmayın, olmadıq, xalqlar dostluğundan danışdıq, nəticədə Qarabağın 80 faizi işğal olundu. Bu şəkil bir neçə gün əvvəl çəkilib. Tarixdən bu qədər dərs almamaq, bu qədər milli biganəlik, bu qədər millətin, dövlətin, təhlükəsizliyinə cavabdeh olanların bacarıqsızlığı sonunda bizi məhvə aparır”. İ.İsmayıl “Yeni Müsavat”a açıqlamasında fotonu paylaşdığı üçün bəzi arqumentlərin irəli sürüldüyünü bildirdi: “Paylaşdığım fotodan sonra arqument irəli sürüldü ki, hər bir futbol klubunun, kiçik bir qurumun belə bayrağı ola bilər. Belə bir şey olsaydı, heç yazmazdım ki, kimsə bayraq qaldırıb. Neçə illərdən bəri söhbət gedir ki, xaricdə yaşayan milli azlıqlarımızı separatçılığa meyilləndirən güclər var. Rusiya və İranın talışları, ləzgiləri və avarları bu istiqamətə yönəltmək cəhdləri sirr deyil. Yeri gələndə ölkəmizə təzyiq vasitəsi kimi bu amildən istifadə edirlər. Talış bayrağının qaldırılmasını adi bir futbol klubunun bayrağının qaldırılması kimi qəbul etməməliyik. Bu prosesləri diqqətlə izləyirəm. Rusiya və İrəvanda olan talışlarla birlikdə ”Talışıstan" televiziyası yaradılıb. Bu günə qədər bu televiziya 123 buraxılış edib. Artıq bir ildən çoxdur ki, faktiki fəaliyyət göstərir. Zabil Məhərrəmov adlı şəxs bu kanalın rəhbəridir. Facebook-da “Toloşon” qrupu var. Həmin kanal və qrupun fəaliyyətində açıq şəkildə dövlətimiz aşağılanır. Guya burada yaşayan etnik azlıqların hüquqları pozulur. Bu ərəfədə Novruzəli Məmmədov və övladlarının qəbirləri üstündə Talış Mədəniyyət Mərkəzinin bayrağı kimi təqdim edilən, əslində qalsa, üzərində “Talış Muğam Respublikası”nın da simvolları olan bayrağı paylaşan, bizləri aşağılayan şəxsləri gördükdə mən də belə bir status paylaşdım. Dövlət orqanlarını nəzərdə tutub, bununla bağlı qabaqlayıcı tədbirlərin görülməməsinə toxundum. Bu təhlükə böyüyə bilər. 50-60-cı illərdə ermənilər də belə fəaliyyət göstərirdilər. Ardınca proseslər böyüdü və sonda Dağlıq Qarabağın 80%-ni itirdik. O bayrağın paylaşılmasında kifayət qədər separatçı meyllər var. Martın 18-də Rusiyada Krımın birləşdirilməsi ilə bağlı keçirilən marşda talışlardan olan İsmayıl Şabanovun rəhbərliyi ilə bayraq, şüarlar qaldırılıb. Şüarlarda “Krım, Talışıstan, Rusiya” səsləndirilib. Arxalarında Rusiyanı görüb belə addım atırlar. Azərbaycan hökuməti tədbirlər görməlidir. Amma bunu təəssüf ki, görmürük. Azərbaycanda yaşayan talışların 90%-i bunun əleyhinədir. Amma dama-dama göl olar. Əks təqdirdə, təhlükələr yaşaya bilərik. Yeri gələndə hətta bizi hədələyirlər. “Talışıstan” kanalının 118-ci buraxılışında deyirdilər ki, rəhbərlərimizin başından tük əksik olsa, sizlərə “Varfolomey gecəsi”ni yaşadarıq. Bu açıq hədədir. Həyəcan təbili çalıram. Hədəfimdə bu işə göz yuman səlahiyyət sahibləridir. Separatçılar əvvəldən var. İranda hər gün talış dilində bir saat xəbər verilir. Bu nə deməkdir? Təhlükəni görürəm, səlahiyyət sahiblərinin bunun qarşısını almaları bir nömrəli vəzifələridir". Sabiq MTN-çi Rusiyanın Azərbaycana qarşı “talış kartı” hazırlaması barədə fikirlərə də münasibət bildirdi: “Bu kart xüsusilə Rusiyada hazırlanır. İnternetdə baxa bilərsiz, hazırlanan verilişlərdə Rusiya tərəfindən təlimatlandırılmış şəxslər yönləndirici suallar verirlər. Talış Mədəniyyət Mərkəzinin adı ilə verilişlərə gələn şəxslər dövlətimiz əleyhinə fikirlər səsləndirirlər. Rusiyada talışlardan ibarət çoxsaylı dərnəklər fəaliyyət göstərir. Rusiya onları yetişdirir. Yana Amella adlı şəxs jurnalist kimi fəaliyyət göstərir. O, təlimatlandırılmış agentdir, amma jurnalist kimi özünü təqdim edir. O, Ələkrəm Hümmətova sual verir ki, Azərbaycanda terror törətmək istəyərsiniz? Bu, jurnalist sualı ola bilməz. Ələkrəm da cavab verir ki, mənə bunu məsləhət görüblər, amma hələ ki çəkinirəm. Bunu görə-görə susmamalıyıq. Ola bilsin ki, talışların çoxunun bundan xəbəri yoxdur. Amma gənc nəsil yetişir. Onların tərbiyəsində qeyd etdiyim kanallar, qruplar, saytlar rol oynaya bilər və beyinlərini yuya bilər. Lənkəran-Moskva təyyarəsinin açılması Azərbaycanın, sizcə, xeyrinə ola bilər? O məsələnin görünməyən tərəfləri var. Bakının nəzarəti olmadan Rusiyaya xüsusi gediş var. Təhlükəsizlik orqanlarımız bununla birbaşa məşğul olmalıdırlar”. Geri dön |