Ana Sayfa > Siyasət / Manşet > Gədəbəydə vəziyyət "uruscadır"...
Gədəbəydə vəziyyət "uruscadır"...24-02-2016, 09:36. Yazar: admin |
Qəzetimizin 19.02.2016-cı il tarixli sayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun yerli iş adamlarından daha birinə qarşı yol verdiyi növbəti haqsızlıqdan bəhs edən “Ramiz Yediyarov iş adamını təhdid edir” sərlövhəli tənqidi material dərc olunmuşdu. Əlbəttə ki, bu yazıda təsvir olunan hal, sadəcə olaraq, Gədəbəyin icra başçısının rayonda sahibkarlığın boğulmasına yönəldilmiş dağıdıcı fəaliyyətinə dəlalət edən kiçik bir epizoddur. Bununla belə, məhz həmin bu epizodun son dərəcə maraqlı inkişafı barədə aldığımız məlumatlar, bizi yenidən bu məsələyə qayıtmağa sövq etdi. Xatırlayırsınızsa, hələ bir müddət bundan əvvəl qəzetimizin səhifələrində Ramiz Yediyarovun özbaşınalıqlarından ziyan çəkmiş daha bir sahibkarın, Fəxrəddin Fərəməz oğlu Bağırovun ölkə rəhbərliyinə müraciəti dərc olunmuşdu. Həmin mətnə əlavə olaraq yerləşdirilmiş şəkillərdə isə, ölkə prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonuna növbəti səfəri zamanı etdiyi çıxışından bir ifadənin sitat kimi götürülərək çap olunduğu və böyük plakat şəklində divara vurulduğu əks olunmuşdu. Redaksiyamıza bu xüsusda yerli iş adamları tərəfindən təqdim olunmuş açıqlamada deyilirdi: “Həmin divar Gədəbəy rayon sakini, sahibkar Fəxrəddin Bağırova məxsus obyektin Heydər Əliyev prospektinə çıxışını bağlamaq üçün rayonun icra başçısı Ramiz Yediyarov tərəfindən qanunsuz inşa edilmliş maneədir. Əgər həmin plakat götürülsə və plakatın vurulduğu, sonradan kərpiclə tikilmiş divar sökülsə, o zaman sahibkar Fəxrəddin Bağırovun obyektinin H.Əliyev prospektinə açılan qapı və pəncərələri görünər. Məsələ ondadır ki, Ramiz Yediyarov Gədəbəy rayonuna icra başçısı təyin edildiyi gündən başqa sahibkarlar kimi Fəxrəddin Bağırovu da sıxışdırmağa başladı. Ən müxtəlif təzyiqlərdən sonra hətta obyektin dağıdılması üçün məhkəməyə belə müraciət edən icra başçısı sənədlərin qanuni olması səbəbindən istəyinə çata bilmədi. Lakin vəziyyətlə heç cür barışmaq istəməyən başçı sonda kərpic hörgü ilə Fəxrəddin Bağırovun obyektinin prospektə açılan girişini bağladı. Amma məsələ təkcə bununla bitmədi. Fəxrəddin Bağırovun ayrı ayrı instansiyalara mütəmadi şikayətlərindən narahat olan başçı ölkədə heç bir məmurun yol vermədiyi ən mənfur və çirkin yola əl atdı. Ramiz Yediyarov həmin plakatı çap etdirərək obyektin bağlanmış girişinə vurdurdu və sahibkara ismarıc göndərdi ki, “plakat yuxarıların tapşırığı ilə vurulub, bundan sonra hər hansı dövlət orqanına şikayət edərsənsə dövlətə və Prezidentə qarşı çıxmış olarsan. Aqibətin yaxşı olmaz”. Başçının şantajından ehtiyatlanan sahibkar susmağa məcbur oldu və uzun müddətdir ki, belə çətin şəraitdə işini davam etdirir...” Bununla belə son 4 il ərzində Fəxrəddin Bağırov da ən müxtəlif dövlət orqanlarına şikayət ərizələri yazmaqla obyektinin əsas giriş qapısının açılmasına cəhdlər göstərməkdə davam edirdi. Bu yazışmaların nəticəsi olmadıqda isə, sahibkar sonda mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət etmişdi. Bütün bu baş verənlərdən nəhayət ki, narahat olmağa başlayan Ramiz Yediyarov isə, bu dəfə də özünün yaratdığı problemə qeyri-adekvat reaksiyası ilə diqqəti cəlb etmişdir. Rayondan aldığımız məlumata görə, fevralın 18-dən 19-na keçən gecə YAP-ın Gədəbəy rayon təşkilatının yerləşdiyi binanın gözətçisi Məmmədəli və daha bir neçə şəxs gecə yarısı əraziyə gələrək, plakatı “oğurlayıblar”. Bir gün sonra isə, icra başçısının göstərişinə əsasən oğurlanan plakatın yerində, sahibkarın obyektinin qapısında ağaclar əkilib. Ağac əkənlər Gədəbəydə qar yağışını, mənfi 10 dərəcədən yuxarı şaxta olmasını da nəzərə almayıblar. Lakin məsələ bununla da bitməyib. Ramiz Yediyarov icra hakimiyyətinin əməkdaşlarını, yerli polis orqanlarının nümayəndələrini F.Bağırovun obyektinə göndərərək, obyekti tamamilə bağlatdırıb. Sahibkara deyilib ki, əgər o, obyekti açıb işlətsə, həbs olunacaq. Bundan sonra, Fəxrəddin Bağırov işi tamamilə dayandırmaq məcburiyyətində qalıb. Eyni zamanda da, sahibkar baş verənlər barədə DİN-in 1002 (hüquq mühafizə orqanlarının sahibkarların fəaliyyətinə müdaxiləsinin qarşısının alınması üçün yaradılan qaynar xətt) xidmətinə məlumat verib. Geri dön |