Ana Sayfa > Siyasət / Manşet > Qobulu generalın biznes «imperiyası»- 21 İLİN ARAŞDIRMASI

Qobulu generalın biznes «imperiyası»- 21 İLİN ARAŞDIRMASI


26-01-2016, 10:43. Yazar: admin
Qobulu generalın biznes «imperiyası»- 21 İLİN ARAŞDIRMASI
Azərbaycanda yaşanan son iqtisadi və siyasi böhrandan sonra hökumət bəzi addımlar atmağa başlayıb. Vəziyyətin kritikliyini nəzərə alan rəsmi qurumların cəmiyyətə olan münasibətində də müəyyən yumuşalmar müşahidə olunur. Lakin bunun özü belə bəzi dövlət qurumlarına qarşı olan münasibəti dəyişməyib. Səbəbi də həmin dövlət qurumlarının cəmiyyətə olan münasibətindəki dəyişikliyin olmamasıdır.

Qeyd edək ki, xeyli müddətdir ölkədə narazı qalınan əsas dövlət qurumları içində iki strukturun xüsusi olaraq adı çəkilirdi. Onlardan biri Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Nəqliyyat Müfəttişliyi idisə, digəri də Dövlət Yol Polisi Xidmətiydi.

Bildirək ki, bu iki nəhəng dövlət qurumundan artıq biri yoxdur. Və işin qəribə tərəfi odur ki, Nəqliyyat Müfəttişliyi ləğv edilərək, ən çox şikayət olunan digər quruma, Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) verilib.

BDYPİ də ləğv olunur?

Məsələ belədir ki, Nəqliyyat Nazirliyinin səlahiyyətsizləşdirilməsindən sonra daha bir neçə qurumun da eyni aqibət yaşayacağı proqnozlaşdırılır. Artıq proqnozlara uyğun olaraq bəzi qurumlar artıq ləğv olunub. Məsələn, MTN artıq yoxdur. Eyniylə, Dövlət Satınalmalar Agentliyi də dövlət başçısının fərmanı ilə ləğv edilib.

Sırada isə digər qurumların olacağı istisna deyil. JAM.AZ-a verilən məlumatlarda qeyd olunur ki, BDYPİ-nin ləğv edilməsi məsələsi də artıq gündəmə gəlib. Məsələ belədir ki, Nəqliyyat Müfəttişliyinin birləşdirildiyi BDYPİ-nin ləğv edib, yerində Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur.

Belə bir zərurətin yaranmasının tutarlı əsasları təbii ki, var. Məsələ belədir ki, artıq təkcə mediada deyil, eyni zamanda sosial şəbəkələrdə də DYP-nin fəaliyyəti ən ağır formada tənqid edilir. Və bu tənqidlər əvvəlki dönəmlərdən fərqli olaraq, hansısa şikayətlərin əsasında deyil, elə canlı şəkildə çəkilmiş videogörüntülərin əsasında formalaşıb. Cəmiyyətin tələbi budur ki, ya BDYPİ ləğv olunmalıdır, ya da tamamilə dəyişdirilməlidir. Yəni, ən azından keyfiyyət dəyişikliyi baş verməlidir.

Generala yol görünür

Aydın məsələdir ki, ləğv ediləcək və bazasında yeni bir qurum yaradılacaq dövlət təşkilatının başına kimin rəhbər gətiriləcəyi də maraqlı müzakirələrdən biridir. Bu posta yetərli qədər layiqli adamın olduğuna şübhə yoxdur. Həmçinin polisdə BDYPİ-dən də daha artıq qurumları idarə edə biləcək şəxslər var və bunu kimsə inkar edə bilməz.

Yeni qurumun yaradılmasından sonra onun başına yenidən BDYPİ-nin rəisi, general Ramiz Zeynalovun gətirilib, gətirilməyəcəyi məlum deyil. Məsələ belədir ki, faktiki olaraq mövcud durumda general günahkar hesab edilir və ona qarşı əsas ittiham da budur ki, BDYPİ-ni lazımi səviyyədə idarə edə bilmədiyi üçün bu qədər neqativ hallar meydana çıxır. Belə olan təqdirdə, xüsusən də indiki həssas məqamda rəhbərlik də dəyişiklik etməkdə məcburiyyət hiss edəcəklər. Ona görə ki, cəmiyyətdə sosial səbəblərdən narazılıq baş qaldırdığı bir vaxtda, bir də BDYPİ kimi çoxlu şikayətlər edilən qurumda əsaslı dəyişiklik etmək zərurəti var. Yeni kadrın ən azı keçid dönəmində durumu düzəldə biləcəyi istisna edilmir.

Hərçənd Ramiz Zeynalovun pensiya yaşından 5 il keçib. Amma bu müddət ərzində onun işdən çıxarılması məsələsi gündəmə belə gəlməyib. Özü də bunca şikayət varkən.

Biznesmen idarə rəisi

Qanunla dövlət orqanlarında çalışan şəxslərin bizneslərinin olması qadağandır. Amma Azərbaycan reallıqlarında qanunun tələbləri işə yaramır. Elə bu səbəbdəndir ki, ölkənin ən iriçinli məmurlarının topdağıtmaz biznesləri var.

Elə zənn etməyin ki, Ramiz Zeynalov da digər məmur həmkarlarından fərqlənir. Onun da geniş biznes sahələri, əlaqələri və imkanları var. Və təbii ki, hamısından da yararlanır.

Bildirək ki, Ramiz Zeynalovun ölkənin şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Məsələn, Qubadakı Vəlvələ çayı yaxınlığında meşə massivinin 5 hektarlıq hissəsi məhv edilərək, yerində 4 ay ərzində daş karxanası və beton zavodu inşa edilib. Həmin zavodun avadanlıqları isə Almaniyadan gətizdirilib.

Generalın biznesini kimlər idarə edir?

Bu sualın çeşidli cavabları ola bilər. Çünki biznes yalnız bir nəfərin idarəçiliyində deyil. Əksinə, hər bir biznes sahəsi üzrə ayrı-ayrı şəxslər təhkim olunub və onların öz vəzifələri var. Məsələn, Ramiz Zeynalovun beton zavodları və daş karxanalarının idarəçiliyi DYP-nin alay komandiri, polkovnik Balakişi Əhmədovun nəzarətinə verilib. Hətta bu yaxınlarda Əhmədov Cənub bölgəsində generalın yeni inşa edilmiş zavodunun açılışına belə getmişdi.

Amma BDYPİ rəisinin təkcə beton zavodları, daş karxanaları yoxdur. Onun əsas «biznesi» elə rəhbəri olduğu qurumdadır. Yerli MERO-ların fəaliyyətindən xəbərsiz olmayan yoxdur. Nömrə alverindən tutmuş, sürücülük vəsiqələrinə qədər hər şeyin alınıb-satıldığı idarədə bu işlərə nəzarət heç də uzaq bir şəxsə verilməyib. Bu işlər birbaşa onun bacısı oğlu Xəqanidədir ki, o da Tovuz MERO-nun rəisidir. Bakıdan 400 km aralıda yaşamasına baxmayaraq, hesablaşmalar, alqı-satqıların mühasibatlığını həyata keçirən MERO rəisi kəsdiyi başa görə, sorğu-sual edilmir.

Təbii ki, o da digər həmkarları kimi, nömrələri təsnifləşdirib müxtəlif qiymətlərə satır. Oxudun, oxumadın fərq etməz, sürücülük vəsiqəsi istəyəndən pulunu alıb, ona sənəd verir. Bu barədə ayrıca bir araşdırmamız olacaq. Və orada Ramiz Zeynalovun bacısı oğlunun gördüyü bir sıra pünhan işlərdən bəhs edəcəyik.

İndi isə qayıdaq yenidən Zeynalovun biznesinə. Onun Tovuzda və ölkənin müxtəlif yerlərində villaları, otelləri, istirahət mərkəzlərinin olduğu da sirr deyil. Məsələn, Tovuzdakı «Ayan Palase» də Zeynalovlardan kənar şəxslərə məxsus deyil. Orada bir gecənin neçə yüz manat olduğunu da bilməyən yoxdur.

Tovuzda ailə podratı

Əslində, durumun kritikliyi odur ki, təkcə Ramiz Zeynalov deyil, elə qardaşı Tofiq Zeynalov da analoji qaydada özü üçün biznes imperiyası qurub. Amma ondan da vacib olan odur ki, Tofiq Zeynalov Tovuz rayonunun idarəçiliyini yalnız qohum-əqrəbasına verib. Nəticədə, rayonun idarəçiliyində «ailə podratı» yaranıb.

Generalın icra başçısı olan qardaşının bütün «qara işləri»ni qudası, həm də birinci müavini olan Mahir Həsənov həyata keçirir. İş o həddə çatıb ki, Tofiq Zeynalov artıq idarəçilikdən əl çəkərək, bütün işləri də qudasına həvalə edib. Özü isə şəxsi biznesini idarə etməklə məşğuldur.

Qeyd edək ki, rayonda bütün təmir-tikinti, abadlıq işləri də elə qudadadır. Mahir Həsənovun bu məqsədlər üçün yaratdığı «Qovlar Təmir Tikinti» MMC bütün işlərin başında dayanır. Tenderlər də onundur, dövlətin ayırdığı pullar da. Hərçənd bu şirkətə köçürülən pulların məbləği on milyonlarla manat hesab olunur.

Oxucular elə zənn etməsinlər ki, Tofiq Zeynalov təkcə bir qohumunu vəzifə başına keçirib. Əksinə, rayonun Maliyyə İdarəsinin rəisi Mübariz Salmanov icra başçısının dayısı oğludur. Bəzi məlumatlarda iddia olunur ki, büdcə təşkilatlarına köçürülən vəsaitlərin 13 faizi məhz onun xeyrinə tutulur. Düzdür, idarə rəisi bunu təkbaşına yemədiyini də deyir. Və bildirir ki, həmin pulun 8 faizi bibisi oğlunundur.

Qohum-əqrəba «imperiyası»

İndi isə keçək digər qohum-əqrabaya. Tovuzda vəziyyət belədir ki, icra başçısı Tofiq Zeynalovun bütün yaxınları mütləq vəzifə başında olmalıdır və kənar şəxslər hətta Eynşteyn olsa belə, vəzifə verilməməlidir.

İcra başçısının oğlu Qoşqar Zeynalov faktiki olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsində çalışır. Təbii ki, əmisinin hesabına. Bütün texniki baxışlar onluqdur və bunu özünün əsl biznesinə çevirib. Nəticə etibarı ilə böyük imkanlar sahibi olan generalın qardaşı oğlunun səsi çox vaxt xaricdən, bahalı və lüks otellərdən gəlir.

Zeynalovların vəzifə başında olan digər qohumları isə aşağıdakı kimi sıralanır:

- Mətləb Qasımov - baş mühasib, icra başçısının xalası qızının əridir.

- Mətanət Sarı qızı Musayeva - İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra başçısının qardaşı Fikrət Zeynalovun baldızı.

- Yaşar İbrahimov - rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının əmisi qızının əri.

- Xaqani Cəbrayıl oğlu Əskərov - Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi birliyinin rəisi, icra başçısının bacısı oğlu.

- Aydın Qədir oğlu Qasımov - Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı.

- Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra başçısının qaynı.

- Rəşid Həsənov- rayon memarlıq və tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri.

- Elxan Əziz oğlu Əskərov - Rayon enerji satışı şöbəsinin rəisi, icra başçısının yaxın qohumu və s.

-Fuad Zeynalov- icra başçısının köməkçisi, həm də əmisi oğludur.

Cins it həvəskarı

Tofiq Zeynalovun başqa bir şakəri də var. Onun cins it həvəskarı olduğu rayonda hər kəsə məlumdur. Qovlar qəsəbəsindəki malikanəsində saxladığı həmin heyvanlar əsasən çoban itlərindən ibarət olur. Maraqlıdır ki, icra başçısı bu itlərdən həm də evlərinin qorunmasında istifadə edir. Bəlkə də, bunu işin əslini gizlətmək üçün düşünüb.

Lakin bəzi hallarda cənab Zeynalov həmin itləri məhəlləyə buraxmaqdan da zövq alır. Düzdür, bu zövqalma bəzi zamanlar məhəllədə oynayan uşaqların qorxmasına da səbəb ola bilir. Ancaq belə bir nəticə mahiyyəti dəyişmir. Və proses davamlı olaraq təkrarlanır.

Evekuator biznesi

Ramiz Zeynalovun biznesinin əsas istiqamətlərindən biri də "Evakuasiya.az" şirkəti ilə bağlıdır.Belə ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir.

Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti "incə qayda"da dəyişib.

DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən avtomobillər "Evakuasiya.Az" MMC-yə məxsus "İsuzi" markalı evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı) köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər. Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə ciblərinə gedir.

Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.

Aqil Zeynalov kimdir?

Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır".

"Evakuasiya.az" MMC ilə eyni ünvanı paylaşan "Azericert" MMC adlı daha bir şirkət var. Şirkət 1 sentyabr 2011-ci ildə qeydiyyatdan keçib. Qanuni təmsilçisi Zamil Faiq oğlu Həsənovdur. Ancaq şirkətin nə işlə məşğul olduğu bəlli deyil. Adı mətbuatda gedən bir neçə yazıda maliyyə dəstəkçisi kimi keçir.

SON: Qobulu general

Bu yarımbaşlıq da sizi qəti təəccübləndirməsin. Çünki generalın yaxınları açıq şəkildə deyirlər ki, onlar Tovuzda doğulub, boya başa çatsalar da əslləri bu rayona gəlmədir. Və özlərini qobu tayfalarının nümayəndəsi kimi təqdim etməkdən də çəkinmirlər.

Qeyd edək ki, bu qobunun Bakının Qobu kəndi ilə hər hansı bir əlaqəsi yoxdur. Çünki Qobu tayfaları qədim türk tayfalarından sayılır və Cənubi Azərbaycandan köçüb gəliblər. Qaraqoyunluların əsas qollarından biri sayılır. Həddindən artıq döyüşkən və bacarıqlı bir toplum olaraq tarixdə qalıblar. Görünür, general Ramiz Zeynalov bu məsələni boşuna dilinə gətirmir və o, məsələni araşdırıb.

Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Geri dön