Ana Sayfa > Siyasət / Manşet > "Burada 800 nəfərə yaxın işçi çalışır" - ŞİKAYƏT
"Burada 800 nəfərə yaxın işçi çalışır" - ŞİKAYƏT14-01-2016, 09:15. Yazar: admin |
Bu günlərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi mətbuat vasitəsilə ölkə prezidentinə müraciət ediblər. Müraciətdə QSC-nin fəaliyyətində yer almış neqativ hallardan bəhs edilib, cəmiyyətin sədri Taleh Ziyadovun yol verdiyi özbaşınalıqlardan dolayı yaranmış şikayətlər öz əksini tapıb. Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı — 1902-ci ildə təsis edilmişdir və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 nömrəli qərarı ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Liman il boyu, günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir. Burada 800 nəfərə yaxın işçi çalışır. 2015-ci ilin mart ayından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Taleh Ziyadov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru vəzifəsinə təyin olunub. Bununla belə, bu gün Limandan daxil olan məlumatlara əsasən bu qənaətə gəlmək olur ki, Taleh Ziyadov dövlət başçısı tərəfindən ona göstərilmiş bu yüksək etimadı heç də doğrulda bilməyib. Ölkə rəhbərliyinə şikayət edən işçilərin müraciətində deyilir: “Son bir ildə bizim normal əmək şəraitində çalışmamıza maneçilik törədilir. Taleh Ziyadovun limana rəhbər təyin olunması ilə qara günlərimiz başladı. Təzə baş direktorun komandası fəaliyyətə başladıqları gündən liman kollektivi ilə qeyri-normal rəftar etməyə başladılar. 80-dən çox işçi heyəti olan Əsas Yük Terminalında indi 61 nəfər qalıb. Onlar uzun illərin təcrübəli mütəxəssislərindən ibarət kollektivi müdafiəsiz qoymaq məqsədi ilə, ilk növbədə Liman Həmkarlar İttifaqı Komitəsini ləğv etdilər. Sonra bəzi şöbələri tamamilə ləğv etdilər və qalan şöbələrin əksəriyyətində ixtisarlar edərək, işçilərin sayını azaltdılar. Maliyyə çatışmazlığını bəhanə gətirərək kollektiv müqavilədə nəzərdə tutulmuş, müntəzəm olaraq hər il aldığımız uzunmüddətli əməyə görə mükafatı, ilin yekunlarına görə mükafatı (13-cü əmək haqqını), əmək şəraitinin zərərli və ağır olması ilə bağlı verilən əlavə məzuniyyət günlərini ləğv etdilər. Bizim (Dekor-mexanizatorların) əmək haqqımızı günbəgün azaltdırlar. Növbə ərzində 11 saat işləməyimizə baxmayaraq yalnız 6 saat üçün pul ödəyirlər. Baş direktor indi də Limanın aparıcı qüvvəsi olan, yükaşırma işlərini yerinə yetirən dekor-mexanizatorları (ixtisarlardan sonra qalan 61 nəfəri) tamamilə işdən azad etmək qərarına gəlibdir. Deyirlər ki, yükaşırma işlərini hansısa şirkətin işçiləri yerinə yetirəcəklər. Bu, 61 ailəni ölkə Konstitusiyasında Dövlət tərəfindən vəd olunan layiqli həyat səviyyəsindən məhrum etmək deməkdir. Onlar (rəhbərlikdə çalışanlar) maliyyə çatışmazlığı və qənaətdən danışdıqları halda, çoxlu təzə ştatlar açıb özlərinin xeyli sayda dost-tanışlarını, qohumlarını yüksək maaşla işə götürmüşlər və hər biri üçün dəbdəbəli kabinetlər (iş otaqları) düzəltməklə məşğuldurlar. Dəfələrlə müraciət etməyimizə baxmayaraq onlar bizimlə görüşməkdən, bu məsələlərə aydınlıq gətirməkdən boyun qaçırır, bizi görmək belə istəmirlər...” Digər tərəfdən isə, redaksiyamıza daxil olan məlumatlarda Liman rəhbərliyindən olunan bu şikayətlərdə əslində heç də bütün neqativ halların hələ əks olunmadığı bildirilir. Vurğulanır ki, bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dövlət vəsaitlərinin mənimsənilməsi xüsusunda bir çox maxinasiyalar həyata keçirilir... Geri dön |