Ana Sayfa > Siyasət / Manşet > Prezidentdən inqilabi qərar - gömrük islahatı
Prezidentdən inqilabi qərar - gömrük islahatı6-01-2016, 09:39. Yazar: admin |
Azərbaycan iqtisadiyyatını dirçəldəcək, ölkədə normal ticari rəqabət mühiti yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq sensasion qərar verilib. İnhisarçılıqla bağlı tənqidlər ölkə başçısı İlham Əliyevin çıxışlarında son aylar daha çox səslənirdi. Ötən ilin fevralında manat dollara nisbətdə 30 faizdən çox ucuzlaşandan sonra inhisarçılığın ləğvini ən vacib məsələ kimi gündəmə gətirmişdi. Prezidentin tapşırıq və qərarlarından sonra Gömrük Komitəsində sahibkarlarla mütəmadi görüşlər keçirilməyə başlanmışdı ki, bu da tezliklə gözlənilən qərarın veriləcəyinə işarə idi. Dekabr ayında manat yenidən 50 faizə yaxın dəyərini itirəndən sonra bütün məhsulların qiymətinin də iki dəfə qalxması hökuməti bəzi addımlara məcbur etdi. Prezident həm yerli istehsalda, həm də idxalda inhisarçılığın yolverilməz olduğunu dəfələrlə vurğulayaraq “gömrükdə şəffaflıq” yaradılacağını vəd etmişdi. Son olaraq dekabrın 29-da dövlət başçısı 2016-cı ildə idarəetmə sahəsində islahatların “yeni formatda” davam etdiriləcəyini, vergi və gömrük orqanlarının fəaliyyətində şəffaflığın təmin olunacağını vəd etmişdi. Məlumata görə, dekabrın 30-da Gömrük Komitəsində kollegiya iclası keçirilib və bir sıra ciddi qərarlar verilib. Bu o deməkdir ki, artıq iş adamları ölkəyə gətirdikləri bütün məhsulları özləri gömrük rəsmiləşdirməsindən sərbəst şəkildə keçirə biləcəklər. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin qaydasında olması və yalnız dövlət rüsumlarını ödəmək kifayətdir. Bu həm də Azərbaycana gətirilən məhsulların çeşidi ilə bağlı qoyulmuş qadağaların birmənalı aradan qaldırılması deməkdir. Aydındır ki, dolların bahalaşdığı vaxtda bu sahədə qeyri-şəffaflığın olması ölkədə bahalaşmaya səbəb olurdu. Gətirilən malların qeydiyyat prosesinin sadələşdirilməsi, idxalçılara heç bir maneəsiz ölkəyə gətirdiyi malları sənədləşdirib daxili bazara çıxara bilmək imkanlarının yaradılması İlham Əliyevin hakimiyyəti dövründə verilən tarixi qərar kimi qiymətləndirilir. Gömrük liberallaşması tez bir zamanda ölkənin biznes mühitinin əhəmiyyətli dərəcədə sağlamlaşdırılmasına xidmət edəcək, əhali də bunun xeyrini öz cibində, xərclərində, dükan-bazarda hiss edəcəkdir. Sadə bir misal: İranda kartof illərdir 20 qəpikdən alınıb Azərbaycan xalqına 70-80 qəpiyə satılırdı. Bu islahatdan sonra isə məcbur olub gətirdikləri malın bazarda rəqabət mühitində satılması üçün qiyməti 40 qəpik edəcəklər. Gömrük Komitəsinin sədri Aydın Əliyev ötən il oktyabrında ANS TV-yə müsahibəsində bu sistemdəki inhisarçılıqla bağlı sualın cavabında demişdi ki, buna səbəb “iri şirkətlərin daxili bazara idxal zamanı yaratdığı hegemonluqdur”. Aydın Əliyev qeyd etmişdi ki, inhisarçılığa maarifləndirmənin aparılmaması səbəb ola bilər: “Burada bizim də səhvimiz var. Bu, nəzərə alınaraq iş adamlarının arasında bu məsələyə daha ciddi yanaşılacaq. Azərbaycan bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq dedikdə, bəziləri anlamır ki, artıq dünyada tanınmış bir sıra istehsalçıların malları bazara nümayəndəlik şəklində gəlir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin aparılmasıdır”. Geri dön |