Ana Sayfa > Siyasət / Manşet > Biləsuvarda məktəb direktoru sinif otağını dükana çevirib

Biləsuvarda məktəb direktoru sinif otağını dükana çevirib


9-04-2015, 10:04. Yazar: admin
Biləsuvarda məktəb direktoru sinif otağını dükana çevirib
Biləsuvar rayon İlham İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllimləri Qalabəy Əmirov, Rasim Nəzərov, Rasim Əmirov, Namiq Qəhrəmanov, Şahin İsmayılov, Sevinc Məmmədova və Səma Məmmədova prezident İlham Əliyev cənablarına, təhsil naziri Mikayıl Cabbarova, Milli Məclisin sədri Oqtay Əsədova, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə, maliyyə naziri Samir Şərifova müraciət ünvanlayıblar.

Həmin müraciətin bir nüsxəsi də redaksiyamıza göndərilib. "Biz Biləsuvar rayonu İlham İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllimləri məktəbimizin direktoru Şahverənova Mənsurə Gülağa qızının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yol verdiyi qanunsuz əməllər və maliyyə pozuntuları haqqında bir dəfə məlumat vermişdik. Həmin faktları bir daha nəzərinizə çatdırırıq.

Bu ilin əvvəlində şagird "barter"i və digər qanunsuz əməllər ilə məşğul olan məktəb rəhbərliyindən dövlətimizin aidiyyəti orqanlarına şikayət etmişik. Rayon rəhbərliyi və Biləsuvar Təhsil Şöbəsinin rəsmiləri bizi əmin etdi ki, direktor bu əməllərinə görə cəzalandırılacaq. İcra hakimiyyəti rəsmilərinin və təhsil şöbəsinin müdirinin səmimiyyətinə, verdikləri sözlərə inanaraq iddiamızı geri götürdük. Məktəb direktoru isə, cəzasız qaldığını görüb, qanunsuz işlərini davam etdirdi. Ovçubərə kənd tam orta məktəbində hazırda ciddi nöqsanlar və qanuna zidd hallar mövcuddur. Belə ki, keçən ilki bələdiyyə seçkiləri ərəfəsində seçki komissiyasının üzvü olan müəllimlər dərsdən azad olunduğu halda, direktorun tapşırığı və təkidi ilə sinif jurnallarını özləri yazıb. Eyni ixtisas müəllimləri buna narazılıq etsə də, direktor heç kimə məhəl qoymadan bu dərsləri maaş cədvəlində öz bildiyi kimi yerləşdirmiş, dərslərin pullarını isə mənimsəmişdir. Digər tərəfdən, TQDK tərəfindən məktəb rəhbərliyinə tövsiyyə olunub ki, Şagird-Məzun sisteminə daxil edilən şagirdlərin pasportu olmalıdır. Direktor bundan istifadə edərək pasportun alınması üçün məktəbdə ucdan tutma hər şagirddən məcburi şəkildə 10 manat pul yığır. Bu proses hazırda davam edir. Məktəbimizdə bölünmə dərslərin keçirilməsi üçün sinif otaqlarının çatmadığı halda, direktor sinif otağının birini zəbt edərək dükan açıb, şəxsi bizneslə məşğul olur", deyə müraciətdə qeyd olunur. Şikayətçi müəllimlər daha sonra yazır ki, bu hallarla bağlı direktora etirazlarını bildirsələr də, məktəb rəhbəri buna əhəmiyyət vermir: "O deyir ki, mən yuxarılara haqq verirəm, onlar da mənimlə hesablaşırlar. Xahiş edirik ki, bizim iştirakımızla direktorun son 5 illik əmək fəaliyyəti yoxlanılsın. Şikayət ərizəmizdə göstərilən faktlarla əlaqədar aidiyyəti orqanlar tərəfindən məktublar gəlib. Bu məsələlərin araşdırılması Biləsuvar Rayon İcra Hakimiyyətinə və Təhsil Şöbəsinə tapşırılıb. Təhsil şöbəsinin əməkdaşları mart ayının əvvəlində məktəbə gələrək bu faktları araşdırdı. Bütün faktlar bizim iştirakımızla öz təsdiqini tapdı. Bələdiyyə seçkiləri ərəfəsində seçki komissiyasının üzvü olan müəllimlərlərdən şikayətlə bağlı izahat alındı. Onlar seçki komissiyasının üzvü ola-ola dərs saatlarını direktorun tapşırığı ilə özləri deməsi və sinif jurnallarının onlar tərəfindən yazılmasını etiraf etdilər. Pasport alan şagirdlərlə də şöbənin əməkdaşları şifahi sorğu apardı. Şagirdlər onlardan direktor tərəfindən hər pasporta görə 10 manat pul alındığını deyiblər. Digər məsələlərlə bağlı da araşdırmalar aparılıb və bütün faktlar tamamilə öz təsdiqini tapıb. Bundan sonra Biləsuvar Rayon Təhsil Şöbəsinin rəhbərliyi 18 mart tarixində keçirdiyi şurada məktəbimizin direktoru Şahverənova Mənsurə Gülağa qızının iş prosesində buraxdığı ciddi nöqsanlara, qanunsuz əməllərinə və maliyyə pozuntularına görə vəzifəsindən azad edilməsi barədə qərar qəbul etdi. Qərarın Təhsil Nazirliyinə göndəriləcəyini və şikayət etmiş vətəndaşlara nəticəsi barədə cavab veriləcəyini bildirmişdilər. Təəssüf ki, aradan bir neçə həftə keçməsinə baxmayaraq, bu günə kimi bizə heç bir məlumat və cavab məktubu gəlməyib. Hazırda direktor yenidən öz fəaliyyətini davam etdirir. Bir daha qanunlarımızın aliliyi naminə, yenidən aidiyyəti orqanlara müraciət edərək bildirmək istəyirik ki, şikayətimiz araşdırılsın. Möhkəm dövlətçiliyimizi təcəssüm etdirən ali qanunlarımız qarşısında hamımız bir əsgərik. Nazir Mikayıl Cabbarovdan qanunlara əməl etməyən, şəxsi maraqları naminə hər cür özbaşınalığı törədən direktor haqqında ölçü götürməsini xahiş edirik". İnanmaq istərdik ki, Mikayıl Cabbarov, Biləsuvar İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov qanunları ayaq altına atan Mənsurə Şahverənovanın barəsində ciddi tədbir görəcəklər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, cəhdlərimiz bir nəticə vermədi.

Geri dön