2022 seçki və referendum ili olacaq? - TƏKLİF VAR...
Bundan sonra məlumatlar yayıldı ki, seçkilər 2022-ci ilin mart və ya aprel ayında keçirilə bilər. Bəzi məlumatlara görə isə ölkə bütövlükdə böyük seçkiyə və referenduma hazırlaşır. Referendum söhbətləri ötən ilin yayından gündəmdə idi. “Yeni Müsavat” 28 iyul tarixində bu mövzuda geniş məqalə hazırlamışdı. O məqalədə göstərilirdi ki, referendumun əsas hədəfi ölkədə proporsional seçki sisteminin bərpa olunması, Milli Məclisin say tərkibinin artırılması, siyasi mübarizənin parlamentə keçməsidir.
Məlumatlara görə, referendumun hədəflərindən biri də işğaldan azad edilən bölgələrdə bəzi inzibati ərazi vahidlərinin dəyişdirilməsi, yenilərinin yaradılmasıdır. Məsələn, işğaldan azad edilən rayonlarda son aylarda Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması prosesi gedir. Bu, həm də paralel olaraq icra hakimiyyəti sisteminin yenilənməsi və tədricən ləğv edilməsi anlamına gəlir. Ola bilsin, ilk nümunə kimi Qarabağ və ətraf rayonlarda icra hakimiyyəti sisteminin ləğvi təcrübəsi tətbiq edilsin. Referendumdan dərhal sonra Milli Məclisə seçkilərin keçiriləcəyi də deyilir. Məlumata görə, hakimiyyət siyasi mühiti əlverişli saysa, bütövlükdə Milli Məclisi buraxa və yeni seçkilərin vaxtı elan oluna bilər.
Referendumun bir hədəfinin də paytaxt Bakı daxil olmaqla, bir neçə bölgədə bəzi rayonların birləşdirilməsi olduğu deyilir. Eyni zamanda Bakı şəhərinə mer seçkilərinin keçirilməsi məsələsi də həll olunmamış qalır. Avropa Şurası qarşısında götürülən bu öhdəlik hələ icra edilməyib. Bu məsələnin də həlli üçün ana qanunumuzda dəyişiklik edilməsi istisna deyil.
Qeyd edək ki, Azərbaycan parlamentində boş qalmış deputat yerləri var. Milli Məclisdə boş deputat yerlərinin sayı 6-ya çatıb. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. 2020-ci ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən, Eldəniz Səlimovun isə deputat mandatının ləğvi və həbsindən sonra parlament üzvlərinin sayı 119 nəfərə enib. Qanunvericiliyə əsasən, deputatsız olan dairələr üzrə təkrar seçki keçirilməlidir.
Artıq 2022-ci ildir, iddialara və Məzahir Pənahovun bir ay öncəki açıqlamalarına əsaslansaq, təkrar seçkilər zamanı yaxınlaşmış hesab olunmalıdırmı?
DİA.AZ-ın məlumatına görə, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Məzahir Pənahovun təxminən bir ay əvvəl verdiyi açıqlama daha çox ehtimal xarakterli idi. Sonradan bu açıqlamanı müxtəlif rakurslardan təqdim etdilər: “Əslində MSK sədrinin məlum açıqlamasında konkretliyin olmaması təbiidir, çünki boş qalan yerlərə seçkilərin keçirilməsi ilə bağlı qərar vermək səlahiyyəti Azərbaycan Prezidentinə məxsusdur. Boş qalan dairələrdə seçkilərdə iştirak etməyə gəldikdə isə bir daha onu deyə bilərəm ki, biz AMİP olaraq ümimilikdə parlamentin yenidən formalaşmasının tərəfdarıyıq. Bu səbəbdən də parlament seçkisindən öncə referendumun keçirilməsi təklifini irəli sürmüşük. Referendumla konstitusiyaya düzəlişlər edilərək proporsional seçki sisteminin bərpa olunması və növbəti parlament seçkilərinin proporsional seçki sistemi və ya ən azından qarışıq, yəni majoritar və proporsional seçki sistemi əsasında keçirilməsinin tərəfdarıyıq. Bununla bağlı hakimiyyətə həm şifahi, eləcə də yazılı formatda təkliflərimizi vermişik. O səbəbdən də 6 dairə üzrə seçkilərin keçirilməsini hazırkı dönəmdə doğru hesab etmirik. Lakin bununla bağlı qərar veriləcək və seçkilər təyin olunacaqsa, o zaman partiyanın adekvat qərarı olacaq. Yalnız partiyanın qərarından sonra bu məsələyə birmənalı münasibət bildirə bilərəm.
Şəxsi mövqeyimə gəldikdə isə bir daha altını cızaraq vurğulamaq istəyirəm ki, yalnız boş qalan yerlərə seçkilərin keçirilməsi ölkədə ciddi bir dəyişikliyə səbəb olmayacaq və o baxımdan da yalnız boş qalan yerlərə deyil, yeni parlament seçkiləri keçirilməlidir".
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş və boş qalan seçki dairələrində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir. Eyni zamanda deputat mandatına xitam verildikdən, deputatın vəfat etməsi və ya mandatdan imtina etməsindən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur.
Qanuna görə, seçki ölkə Prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı Prezident sərəncamı verildikdən sonra bəlli olur. Seçkinin günü ancaq ölkənin Prezidenti bu barədə sərəncam imzalayanda bəlli olacaq. Nə zaman seçkilər təyin olunacaqsa, o zaman da seçkilər keçiriləcək.