Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü artıq tarixdir. Onun hansı nəticələr doğrucağını isə yəqin ki, bir müddət sonra görəcəyik. İndi isə qarşıdan Brüssel görüşü gəlir. Vasitəçilər və məkanlar fərqli olsa da, mövzu eynidir – Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması. Hafta.az olaraq gündəmi Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müzakirə etdik:
-İqbal bəy, Soçi görüşünün əhəmiyyəti nədir və bu görüş regionda cərəyan edən proseslərə hansı təsirləri göstərəcək?
- Soçi görüşünün nəticələri komissiyaların işi baxımdan Ermənistanın göstərəcəyi mövqedən asılıdır. Sərhədlərin müəyyənləşməsində, başqa proseslərdə Ermənistanın hansı mövqe nümayiş etdirəcəyi də bəlli deyil. Yalnız bundan sonra Soçi görüşünün hər hansı təsirləri barədə nəsə demək mümkün olacaq. Sadəcə olaraq görüş oldu və tərəflər müəyyən məsələlərlə bağlı razılaşdıqlarını dedilər. ATƏT-in Minsk Qrupu çərçivəsində də belə görüşlər olurdu və hər görüşdən sonra deyilirdi ki, görüş pozitiv oldu. Amma bir nəticə yox idi. Ona görə də mən hesab etmirəm ki, Soçi görüşündə ciddi bir nəticə var və onu müzakirəyə çıxarıb qələbədən və ya uğursuzluqdan danışmaq tezdir. Məsələn, Soçi görüşündə Qarabağ məsələsindən danışılmadı. Görüşdə Azərbaycan və Ermənistan münasibətlərindən və Ermənistan -Azərbaycan sərhədlərinin müəyyənləşməsi ilə bağlı məsələlərə diqqət etdilər. Gündəlikdə Qarabağla bağlı bir dənə də olsun mövqe olmayıb.
Ermənistan Rusiyaya münasibətlər sistemində bəzi danışıqlardan imtina edirdi. Buna görə də həm Ermənistanda Rusiyanın xəttini müdafiə edənlər, həm də Rusiyada çalışdılar ki, Ermənistan öz mövqelərini fərqli şəkildə ifadə etməyə başlasın. Dağlıq Qarabağ bilavasitə Rusiya sühməramlılarının nəzarətində olduğuna görə hərbi təxribatları orada etmədilər. Düşünürdülər ki, orda hərbi məsələyə həm də Rusiya cavabdehdir və o bölgələrdə konfliktlə bağlı hər hansı bir addım atmaq Rusiyanın ziyanına olacaq.
-Brüssel görüşündən gözləntiləriniz nədir?
-Brüssel görüşündə heç bir ciddi nəticənin əldə olunacağını gözləmirəm. Çünki ortada tərəflərin bu istiqamətdə ata biləcəyi ciddi addımın elementləri yoxdur. Biz başımızı bu şeylərlə qatmağın əvəzində daha çox işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində sürətli addımlar atmalıyıq. Ərazilər bərpa olunaraq əhali ora köçürülməlidir. Əhali ora köçürüləndən sonra artıq nədən istəsəniz danışmaq da mümükündür, hansısa hərəkətləri etmək də.
- Müxalif cəbhədəki bəzi kəsimin dediyi kimi, bu görüşü “geriyə, SSRİ-yə dönüş”- adlandırmaq olarmı?
- Mən hələ indiyə qədər bir ölünün geriyə qayıdışını görməmişəm, eşitməmişəm. SSRİ ölü bir layihədir və onu geri qaytarmaq mümkün deyil. Rusiya və digər tərəflərə də aydındır ki, bu çabaların nəticəsi olmayacaq. Yaxşı olar ki, Rusiya bu mənasız məsələlər uğrunda çaba göstərməsin. Rusiya ilə əməkdaşlığın fərqli formada olmasını arzulayırlar. Amma kiminsə SSRİ-ni bərpa edib özünün müstəqilliyindən keçməsinə inanmıram. Bir anlıq düşünün 1918-20-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti var idi. Azərbaycanda və digər əski sovet respublikarında kimlər Xalq Cumhuriyyətinə qarşı çıxdı; hakimiyətdə olmayan adamlar və yenə də hakimiyyət rıçağı, sükanı əldə etmək istəyənlər. Azərbaycanın, həm də müstəqil Azərbaycanın prezidenti istərmi ki, gedib SSRİ-nin tərkibində olan asılı bir dövlətin rəhbəri olsun?!. Amma Azərbaycanda SSRİ-nin bərpasını istəyən Nərimanovlar, Heydər Qarayevlər indi belə bir gücdə deyillər ki, SSRİ-ni bərpa etmək üçün hərəkətə keçsinlər və 11-ci Qızıl Ordu Dərbənddən Azərbaycana girsin. Belə bir imkan yoxdur. Bu cür iddiaların ortaya atılması çox mənasızdır.
-Bəzi siyasətçilər, partiya rəhbərləri öz şərhlərində Soçi görüşünü tənqid edərkən həm də iddia edirlər ki, “Prezident Putinlə razılaşıb, Dağlıq Qarabağ verilib”. 44 günlük müharibədə qazanılan zəfərdən sonra diplomatik proseslərin getdiyi bir vaxtda bir siyasətçi bunu nəyə əsasən söyləyə bilər?
- Qarabağın verilməsindən söz gedə bilməz. Bugünkü real situasiyada Rusiya ilə qurulan münasibətlər sistemi bu və ya digər şəkildə Azərbaycanın maraqlarını təmin edəcək səviyyədədir. Bizim 30 ildə işğalda qalan ərazilərimizin 11 min kvadrat kilometri azad olunub. Biz torpaqları hakimiyyətin fövqəl gücü olduğuna görə azad etmədik, həm də buna ictimai-siyasi vəziyyət, geopolitik durum imkan yaratdı. Real geopolitik vəziyyətdə Xankəndi, Ağdərə, Xocalı və Xocavəndin nə vaxt qaytarılacağını və rus sülhməramlılarının nə vaxt çıxarılacağını bilmək üçün siyasi vəziyyəti gözləmək, buna hazır olmaq lazımdır. Məsələ bu qədər bəsitdir.
Yaxşı, soruşmaq lazımdır, harda qol çəkib verib?! Harda imza atıb İlham Əliyev və deyib ki, Qarabağı verək!? Adam deyir ki, “status vermirəm, statusdan söhbət gedə bilməz”. O zaman nəyi verdi bəs! Yəni bir az da obyektiv olun! Mövcud iqtidarı istefaya göndərmək üçün Azərbaycanda obyektiv səbəblər tapmaq olar. Lakin onu Qarabağ üzərindən etmək, yumşaq desək insafsizlıqdır.
-İqbal bəy, siz bu fikirləri söyləməklə, yəqin ki, müxalifətdən olan bəzi siyasətçilərin məzhəbincə oldunuz , “iqtidarın yandaşı”...
-Mən iqtidarının getməsi üçün uzun müddət mübarizə aparmışam və bundan sonra da bir siyasi partiyanın rəhbəri kimi mübarizəmi davam etdirəcəm. Amma ölkəmin, dövlətimin marağını iqtidarın getməsi və yaxud da iqtidarın zəif düşəcəyi bir yerdə istifadə edib ona zərbə vurmaqdansa ölərəm. Mən aşıq deyiləm, ağız ədəbiyyatının nümayəndəsi deyiləm ki, bədii təcnislərlə söz deyim. Bir siyasi partiyanın rəhbəri sözünün məsuliyyətini anlamalı, siyasətlə məşğul olmalıdır.