“Sentyabrın 27-də başlayan əks-hücum və torpaqlarımız işğaldan azad edilməsi əməliyyatı möhtəşəm hərbi qələbə ilə başa çatdı. Əsgərin və ordunun qəhramanlığı nəticəsində noyabrın 9-u gecə danışıqlar Azərbaycanın üstün mövqeyi ilə başladı, Prezidentin əlini gücləndirdi və mümkün olan ən yaxşı mətnlə nəticələndi. Daha artığı mümkün idimi?! Məncə, reallıq hissi ilə düşünəndə, mümkün deyildi”.
Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. O bildirib ki, Rusiya faktorunu tam neytrallaşdırmaq mümkün olmayıb:
“Əslində, Rusiyadan istifadə etdik deyə, bəzi müvəqqəti güzəştlərə də getməyə məcbur idik. Xatırlayırsınızsa, 44 günlük müharibə zamanı dəfələrlə yazırdım ki, “Çanakkale”yə hazırıqmı?! Bu, o demək idi ki, Rusiya faktorunu da gözümüzün önünə alıb sona qədər getməli, onminlərlə itkini, dağılacaq şəhərlərimizi və kəndlərimizi gözə almalı idik. Şimal qonşu artıq buna hazırlıq görür, hətta biz üçtərəfli sazişə “yox” deyib Xankəndinə tərəf getsəydik, yenə qoşununu bir daha heç vaxt çıxmayacaq şəkildə ölkəmizə soxacaqdı, bəhanələri də var idi. Qondarma “genosid”,- deyib gələcəkdilər. Dünyanın indiki durumuna baxanda heç kəs də Rusiyaya “dur” deməyəcəkdi, çünki ilk gündən mənfur düşmən münaqişəni dini-etnik zəminə çəkməyə, öz alçaq işğalçı siyasətini bununla pərdələməyə çalşırdı, Kreml də buna “zuy” tutur, bu versiyanı təbliğ edirdi. Ona görə də, Azərbaycan noyabrın 9-da ən doğru və optimal olan qərar verdi. Hərbi üstünlüyün, əsgərimizin bilək gücünün hesabına həmin ana ən yaxşı şərtləri qəbul etdirə bildi”.
Natiq Cəfərli hesab edir ki, torpaqlarımızın işğaldan azad edilməsinin, Şuşa kimi mənəvi dayağımızın döyüşlə, Ağdam, Kəlbəcər və Laçının diplomatiya ilə azad edilməsinin bədəli Rusiya “sülhməramlı”larının müvəqqəti və qanunsuz olaraq ölkəmizə gəlməsi ilə razılaşmaq oldu:
“Azərbaycan Parlamenti Rusiya əsgəri ilə bağlı qərar verməyib, doğru edib, düzgün taktika seçilib. Bu, gələcəkdə bizim üçün ciddi istinad nöqtəsi olacaq. Türkiyə əsgərinin gəlməsinin gecikdirilməsi də çox doğru taktiki addım idi. Bu gün can Laçınımızın qayıtması Türkiyə əsgərinin gəlişinin yarada biləcəyi provokativ addımları heçə endirdi, əminəm ki, yaxın günlərdə Türk əsgəri Azərbaycanda olacaq!”.
Ekspert bundan sonrakı mərhələdə hansı addımların atılmalı olduğunu da qeyd edib:
“Rusiya bacardıqca çox erməni əsilli azərbaycanlıları (vətəndaşlıq tanımıdır) Xankəndinə, Qarabağın rus nəzarətində olan digər bölgələrinə qaytarmaq istəyir ki, özlərinin mövcudiyyətinə əsas yaratsın. Çox gözəl bilirlər ki, iqtisadi perspektivi olmayan, demokrafik fəlakət yaşayan Qarabağ erməniləri (elə Ermənistan da) Rusiya dəstəyi olmadan Xankəndinə və digər torpaqlara qayıtmayacaq, qayıdanlar da orada yaşaya bilməyəcək. Deməli, Rusiya özünə Abxaziya, Osetiya, Donbas, Dnestryanı bölgə kimi əlavə iqtisadi yük götürdü. Ermənistanın o bölgəyə iqtisadi dəstəyi ciddi azalacaq, əvəzinə problemləri Rusiyaya yükləyəcək. Nailiyyətlərdən biri də odur ki, Ermənistan yavaş-yavaş problemdən çıxır, tərəf olmaqdan kənarda qalır, bundan sonra danışıqları da, qərarları da Rusiya ilə həll etməli olacağıq. Təbii bunun üstünlükləri də var, təhlükələri də… Biz indi daha ağıllı və tədbirli davranmalıyıq, Rusiya sülhməramlıları tək ermənilərin qaytarılması öhdəlik götürməyiblər, bu bütün köçkünlərə aiddir. Deməli, ilk olaraq Xocalı rayonuna qaçqınların qaytarılması məsələsi qaldırılmalı, elə Rusiyanın əli ilə orda əvvəl tikinti-təmir işləri görülməli, Şuşa və Ağdamdan Xocalıya koridor açılmalı, təhlükəsizlik işləri başa çatan kimi orada dövlət orqanları - polis, məhkəmə, FHN, xəstəxana və sair fəaliyyətə başlamalı, əziz xocalılar ora köçməlidir. Xankəndindən seçilən deputatımız var, Rusiya əsgərlərinin zəmanəti ilə deputat öz ofisini Xankəndində açmalı, o ofisin təhlükəsizliyi ilə bağlı bütün məsuliyyəti Rusiya daşımalıdır. Deputatın ofisi fəaliyyətə başlayan kimi oradan köçkün düşən insanların qaytarılması ilə bağlı işlərə başlanılmalıdır”.
Siyasətçi vurğulayıb ki, artıq ordu, diplomatiya, xalq, dövlət birgə addımlar atmalıdır. Çünki hamımızı düşündürən və narahat edən sualların cavabı birgə fəaliyyətlə mümkündür:
“Əgər 44 günə topraqları əsgər aldısa, onların hesabına Prezident noyabrın 9-da mümkün olan diplomatik qələbəni qazandısa, indi Xankəndi, Xocalı, Ağdarə, Xocavənd kimi torpaqlarımız xalq və dövlətin birgə addımları ilə, yumşaq güclə azad edilməlidir. Bu adımla iqtisadi, sosial, təhlükəsizliyə nail olunmalıdır. Artıq bizim “Çanakkale”miz hərbi yox, diplomatik sahədə olacaq, buna hazır olmalıyıq! Qarabağ Azərbaycandır! Allah Əsgərimizi və Ordumuzu qorusun!”.