Ana Sayfa > Üçüncü sektor > Qarabağa dair xalq diplomatiyası qayıdır - ilginc gəlişmə
Qarabağa dair xalq diplomatiyası qayıdır - ilginc gəlişmə3-11-2015, 09:28. Yazar: admin |
ATƏT-in Minsk Qrupunun bölgəyə bu il üçün böyük ehtimalla sonuncu səfəri də başa çatdı. Xəbər verildiyi kimi, diplomatların budəfəki ziyarətində əsas məqsəd ilin axırınadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə nail olmaq idi. Hədəfə çatılacaq ya yox, hələlik dəqiq söyləmək çətindir, ancaq səfərlə bağlı diqqətçəkici məqamlardan biri də xalq diplomatiyasını yenidən gündəmə gətirmək cəhdləri ilə bağlı oldu. Söhbət ilk növbədə azərbaycanlı və erməni qaçqınlarla dialoq yaratmaq təşəbbüsündən gedir. Siyasi müşahidəçilərə görə, belə bir təşəbbüs məhz amerikalı həmsədr Ceyms Uorlikdən gəlib. Qeyd edək ki, Bakıda olarkən Uorlik Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində görüşdə bunları deyib: “Bizim məqsədlərimizdən biri informasiyaları hər iki tərəfə təqdim etməkdir. Biz hər iki tərəfdə həqiqətən sülh istəyən yaxşı insanlarla tanış olduq. Onlar təhlükəsiz şəkildə yaşamaq istəyirlər. Azərbaycanı düşmən hesab etməyən ermənilərlə də tanış olduq. Münaqişənin sülh yolu həllini tapmaq bizim ümumi işimizdən asılıdır. Bizim ümumi vəzifələrimizdən biri tərəflərin yaxınlaşması, etimad tədbirlərinin gücləndirilməsidir”. **** Maraqlıdır ki, bu arada Rusiya Erməniləri İttifaqının vitse-prezidenti, erməni German Ananyans Rusiyada yaşayan azərbycanlıları dostluğa dəvət edib. Belə ki, “Pravda” qəzetinə müsahibəsində Ananyans Moskvada yaşayan azərbaycanlılarla dostluq şəraitində yaşamağa çalışdıqlarını bildirib. Sitat: “Biz Moskvada mehriban qonşuluq əlaqələri saxlamağa çalışırıq. Mən azərbaycanlılara həmişə deyirəm: Dağlıq Qarabağ məsələsinə bizi qatmayın, nə haqq-hesabınız var, orda çürüdün. Biz başqa dövlətdə yaşayırıq. Mən həmişə istəyirəm ki, evimizdə (Rusiyada - red.) sülh və mehribanlıq olsun... Bizdən ötrü ön planda Rusiyadır. Onun ordusunda xidmət edirik, Rusiya uğrunda döyüşəcəyik, vergilərimizi Rusiyaya veririk. Uşaqlarımızı burda tərbiyə edirik, bura bizim Vətənimizdir”. Göründüyü kimi, Ananyans Qarabağ məsələsində faktiki, rəsmi İrəvandan və ənənəvi erməni ictimai fikrindən tam fərqli bir mövqe sərgiləyib, tipik ermənilər kimi Qarabağ separatçılığına açıq və birmənalı dəstək ortaya qoymayıb. Separatçıları haqlı çıxardığını bəyan etməyib. *** Ananyans kimilər Rusiyadan savayı az da olsa, Ermənistan ərazisində də yaşayır və amerikalı vasitəçi sözsüz ki, “xalq diplomatları” qismində məhz bu düşüncədə olan erməni ictimai-siyasi xadimləri nəzərdə tutur, onlara ümid edir. Ancaq bu qəbildən olan ermənilərin öz mövqeyini Ermənistanda təbliğ eləməsi elə də asan deyil. Çünki qeyd olunduğu kimi, işğalçı ölkənin əhalisi nə qədər acınacaqlı durumda yaşasa və iztirab çəksə də, Qarabağ məsələsinə yanaşmada maksimalist mövqeyini saxlayır. Ermənilərin bir çoxu hətta Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasının əleyhinədir. Belə vəziyyətdə xalq diplomatiyasının populyarlıq qazanması əlbəttə ki, müşkül məsələdir. Təsadüfi deyil ki, indiyədək ABŞ-ın, Avropa Birliyinin bu yöndə həyata keçirdiyi layihələrin heç biri uğur qazanmayıb, ayrılan vəsait və qrantlar hədəfi doğrultmayıb, boşuna gedib. O da faktdır ki, ən ünlü “xalq diplomatları”ndan olan Leyla Yunus və digərləri hazırda həbsdədir. Vaxtilə bu yöndə kifayət qədər fəal olmuş və ciddi səylər göstərmiş politoloq Eldar Namazovla onun erməni həmkarı David Şahnazaryanın səsi də çoxdandır çıxmır. Yada gəlirsə, Namazov və Şahnazaryan sonuncu dəfə görüşərkən problemin dinc yolla həllinə yönələn və bir neçə bənddən ibarət birgə sənəd hazırlamışdılar. Hər iki tərəfi təmsil edən bir sıra ictimai simaların və QHT-çilərin də imzaladığı həmin sənəd həm Ermənistanda, həm də Azərbaycanda birmənalı qarşılanmamışdı. *** Arxasında müstəsna olaraq Qərbin (ABŞ və Avropa Birliyinin) dayandığı bu təşəbbüslərin fiasko olmasının əsas səbəbi sözsüz ki, Rusiyanın Ermənistana, erməni toplumuna təsir-təzyiq rıçaqların saxlaması ilə bağlıdır. Bu rıçaqlar Qərb-Rusiya münasibətlərinin soyuması fonunda Kreml üçün indi daha böyük önəm kəsb edir. Paralel surətdə artıq vuğrulandığı kimi, erməni ictimai şüurunda kök salmış maksimalist mövqe iki xalqın yaxınlaşmasına və Qarabağ konfliktinin ədalətli həllinə ciddi əngəllər yaratmaqdadır - hansı ki, Moskvaya tamamilə sərf edir. Nəhayət, erməni ictimai şurunda Rusiya faktoru əfsuslar olsun ki, hələ də xilaskar, Ermənistan və separatçı rejimin qarantı kimi qəbul olunmaqdadır. Yəni rus-erməni sevgisi əslində qarşılıqlıdır. Təsadüfi deyil ki, bu günlərdə Ermənistanda keçirilən rəy sorğusu ermənilərin 90 faizinin Rusiyanı Ermənistanın 1 nömrəli dostu saydığını üzə çıxarıb... *** Sadalanan göstəricilər və reallıqlar fonunda Qərb təzədən böyük paralar hesabına Qarabağ problemi Rusiyanın inhisarından, Ermənistanı isə onun nəzarətindən çıxarmağa yönəlik “xalq diplomatiyası”nı dirçəldə biləcəkmi, gündəmdən çıxmış və fiasko olmuş bir projeyə “yeni nəfəs” verəcəkmi? Bəzi müşahidəçilərə görə, prosesə yalnız Amerikanın Suriya və Ukrayna məsələlərində diplomatik uğuru güclü stimul verə bilər ki, Ceyms Uorlikin məlum açıqlaması da ən əvvəl bunun anonsudur. Siyasət şöbəsi Geri dön |