Ana Sayfa > Üçüncü sektor > Yasamal polisi Yavəri “iş başında” tuta bimədi

Yasamal polisi Yavəri “iş başında” tuta bimədi


9-09-2015, 10:17. Yazar: admin
Yasamal polisi Yavəri “iş başında” tuta bimədi
Qəzetimizin 03.09.2015-ci il tarixli sayında “Yasamalda daha bir qumarxana” sərlövhəli tənqidi material dərc olunmuşdu. Artıq yazının başlığından da göründüyü kimi, biz bu materialda qeyri-qanuni fəaliyyət növü ilə məşğul olan konkret bir obyekt və onun sahibi barədə məlumat təqdim etməklə yanaşı, həm də bu neqativ tendensiyanın məhz Yasamal rayonunda bu gün kifayət qədər müşahidə olunduğunu diqqət mərkəzinə çəkmişdik. Maerialda xüsusi olaraq vurğulanmışdı ki, qəzetimizin səhifələrində biz dəfələrlə paytaxtın müxtəlif ərazilərində yerləşən və dəqiq ünvanlarını təqdim etdiyimiz qumarxanaların, əxlaqsızlıq yuvalarının və digər bu kimi pritonların bağlanması və ya ən azından fəaliyyətlərinin müvafiq orqanlar tərəfindən araşdırılması tələbi ilə çıxış etmişik. Həmçinin haqlı olaraq qeyd etmişik ki, bu gün Bakının Nəsimi, Yasamal və Binəqədi rayonları ərazisində bu kimi “müəssisələrə” xüsusilə çox rast gəlmək olur. Həm də bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa hər kəs bu pritonları görür, tanıyır və onların fəaliyyətlərinin nədən ibarət olduğunu da çox gözəl bilir. Bütün bunlara baxmayaraq, Yasamal Rayon Polis İdarəsinin bu dəfəki siqnalımıza reaksiyasını da çətin ki, effektif adlandırmaq olsun. Xatırladaq ki, bu günlərdə redaksiyamıza daxil olmuş məlumatda paytaxtın Yasamal rayonu, Əlövsət Quliyev 65 (Təbriz Xəlil bəyli küçəsi ilə kəsişmədə) ünvanında yaşayan Yavər adlı daha bir şəxsin öz “çörəyini” gizli qumarxana işlətməkdən qazandığı bildirilirdi. Digər “həmkarlarından” fərqli olaraq, Yavər bu məqsədlə qumar oyunu həvəskarlarına öz şəxsi evini təqdim edib. Materialda biz qeyd etmişdik ki, Yavərin bu seçimini bir çox cəhətlərdən daha “əlverişli” hesab etmək olar. Belə ki, şəxsi evə arzuolunmaz kənar şəxslərin, yəni vergi müfəttişlərinin, sanepidemstansiya əməkdaşlarının və digərlərinin gəlişindən artıq narahat olmamaq olar. Həmçinin bura yığılan oyunçuların da müvafiq instansiyalara məlumat çatdıracaqlarından ehtiyatlanmaq lazım gəlməyəcək. Olsa-olsa, polis sahə müvəkkili qapını döyə bilər ki, onunla da Yavər boyük ehtimalla, hər halda “dil tapa” bilər. Həmçinin məlumatı təqdim edən mənbə bildirmişdi ki, bu evdə çox yayılmış digər qumarxanalarda olduğu qədər oyun seçimi də yoxdur. Belə ki, Yavərin “qonaqları” klassik kart oyunlarına, əsasən də pokerə üstünlük verirlər. Həm də gün ərzində Yavərə “baş çəkənlərin” ümumi sayı 10-12 nəfərdən artıq olmasa da, dövriyyədən keçən pulun məbləği 25-30 min manat civarında olur.Materialın dərcindən bir neçə gün sonra isə, biz Yasamal RPİ-nin rəisi, polis polkovniki Əkbər İsmayılovla telefon əlaqəsi saxladıq. Söhbət zamanı Əkbər müəllim bildirdi ki, materialda göstərilən ünvana polis əməkdaşlarını göndərib, lakin həmin evdə məlumatları təsdiq edə biləcək heç bir fakt aşkarlanmayıb. Təəssüflər olsun ki, Əkbər müəllim bu xüsusda hər hansı araşdırma aparılıb-aparılmadığı, qonşularla müvafiq söhbət olunub-olunmadığı barədə bizə heç bir açıqlama vermədi. Təbii ki, polis əməkdaşlarının sadəcə bir dəfə reyd keçirmələri nəticəsində Yavəri “iş başında” yaxalamaq elə də asan olmamalıdır. Xüsusilə də indiki zamanda, telekommunikasiya vasitələrinin kifayət qədər yaxşı inkişaf etdiyi və yayıldığı bir vaxtda. Digər tərəfdən də, polis əməkdaşlarının rəhbərliyə səhv məruzə etmə ehtimalını da istisna etmək olmaz. Həm də mənbənin iddiasına görə, Yavər öz dostlarına bu günlərdə xüsusi qonaqlarının olduğunu və onların “böyük uduş”la getdiklərini söyləyib...

Geri dön