Ana Sayfa > Üçüncü sektor > "Zaminbank"ın Şirvan filialının müdiri məsuliyyətdən yayınmağa çalışır
"Zaminbank"ın Şirvan filialının müdiri məsuliyyətdən yayınmağa çalışır31-03-2015, 12:01. Yazar: admin |
Müxtəlif vəzifələrdə çalışan şəxslərin yol hərəkəti qaydalarının tələblərini pozması sanki adi hala çevrilib. Təəssüf ki, bir çox hallarda ağır yol nəqliyyat hadisəsi törədən bu cür sürücülərə qarşı cəza tədbirləri həyata keçirilmir. Ayrı-ayrı vəzifələri tutan şəxslər hansısa vasitələrə baş vurmaqla yaranmış problemi yoluna qoyurlar. Elə bil belə də olmalıdır. Əksinə, arxasında heç kimi olmayan, həmçinin maddi durumu zəif olan vətəndaşlar yol nəqliyyat hadisəsi törətdikdə dərhal müvafiq qaydada cəzalandırılır. Amma bəzi məmurlar bu baxımdan "toxunulmaz"dır. Əgər vətəndaşların hamısı qanun qarşısında eyni hüquqlara malikdirsə, niyə vəzifəli şəxslərin törətdiyi cinayətlərin bir hissəsinin üstü ört-basdır edilir?.. Ötən saylarımızda "Zaminbank"ın Şirvan filialının müdiri Əhmədov Adil Aydın oğlunun yüksək sürətlə avtomobil idarə etməsi, nəticədə bir nəfəri vurub öldürməsi barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, filial müdiri bir neçə gün əvvəl "Dvannı" deyilən ərazidə ağır yol qəzası törədib və bir nəfərin həyatına son qoyub. Onun törətdiyi hadisənin üstü gizli saxlanıb. "Adil Əhmədov ümumiyyətlə avtomobilini hər zaman yüksək sürətlə idarə edir. O Şirvan şəhərində heç vaxt qırmızı işıqda dayanmır, sürət məhdudiyyəti qoyulan yollarda sürət həddini aşır. Yol patrul xidmətinin əməkdaşları isə onun törətdiyi qanunsuzluqları görməzdən gəlirlər. Təbii ki, belə olan halda bədbəxt hadisələr də qaçılmaz olur. Bank müdiri bu günlərdə şəxsi avtomobili ilə adam vurub öldürüb. Amma buna baxmayaraq, o törətdiyi cinayətin üstünü ört-basdır etməyə müvəffəq olub. Yayılan söz-söhbətə görə, bu məqsədlə aidiyyəti hüquq-mühafizə orqanlarının məsul şəxslərinə "görüm-baxım" edib. Halbuki, Adil Əhmədovun törətdiyi cinayət əməli bağışlanası hal deyildi. Özünüz də yaxşı bilirsiniz ki, Daxili İşlər Nazirliyinin əməkdaşları bu cür hadisə törədən, yəni maşınla adam vurub öldürən şəxslərə güzəştə getmirlər və onların barəsində ağır cəza tədbiri görürlər. Görünür, "Zaminbank"ın Şirvan filialının ya adamı güclü olub, ya da maliyyə vəziyyəti", deyə məqalədə qeyd olunurdu. Baş vermiş cinayət hadisəsinin üstündən bir neçə gün keçsə də, Adil Əhmədovun barəsində hələlik heç bir tədbir görülməyib. Yəni maşınla adam vurub öldürən filial rəhbəri çox rahat şəkildə azadlıqda gəzir, heç nə olmayıbmış kimi işinə gedib-gəlir. Deməli, insan həyatı bəziləri üçün bu qədər dəyərsizdir. Bank müdirinin pulunun çox, adamının güclü olması onun cinayət hadisəsi törədib, daha sonra məsuliyyətdən yayınmasına imkan vermir. Ölkəmizdə ağır yol nəqliyyat hadisəsi törədən məmur oğlunun ağır cəzaya məruz qalmasına dair bariz nümunə var. Söhbət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdan gedir. Xalid Mədətov bir neçə ay əvvəl sərxoş halda, özü də yüksək sürətlə avtomobil idarə edərkən ağır qəza törətdi. Nəticədə, iki nəfərin həyatına son qoydu. Cənab prezident isə bu hadisədən dərhal sonra Xalid Mədətovun atası Mübariz Mədətovu tutduğu vəzifədən kənarlaşdırdı. Cinayəti törədən şəxs isə 9 il müddətinə azadlıqdan məhrum edildi. Bəs, Adil Əhmədov niyə hələ də azadlıqdadır? Axı o da Xalid Mədətovun aqibətini yaşamalı idi. Niyə yaşamır?.. Qeyd edək ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən, 263-cü maddədə nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əfsus ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları bir insanın həyatına son qoyan filial müdirini həbs etmirlər. Qəzet olaraq Daxili İşlər Nazirliyinin səlahiyyət sahiblərindən xahiş edirik ki, maşınla adam vurub öldürən Adil Əhmədovun barəsində cinayət işi qaldırıb onu istintaqa təhvil versinlər. "Zaminbank"ın rəhbərliyi də məsələyə biganə qalmamalıdır. İndiki vəziyyətdə filial müdirinin vəzifəsini davam etdirməsi bankın fəaliyyətinə mənfi təsir göstərə bilər. Odur ki, bankın müşahidə şurasının sədri hörmətli Nadir İsmayılov "Zaminbank"ın Şirvan filialına yeni müdir təyin etməlidir. Geri dön |