Ana Sayfa > Üçüncü sektor > “Qərənfil”də sürəkli pul yığımları

“Qərənfil”də sürəkli pul yığımları


20-07-2015, 10:32. Yazar: admin
“Qərənfil”də sürəkli pul yığımları
Artıq neçə müddətdir ki, qəzetimizin səhifələrində Bakıda fəaliyyət göstərən bəzi uşaq bağçalarında yer almış bir sıra özbaşınalıqlar və qanun pozuntularına dair tənqidi materiallar dərc olunmaqdadır. Qeyd edək ki, redaksiyamıza daxil olan çoxsaylı şikayət məktubları əsasında hazırlanan həmin materiallarda öz əksini tapmış nöqsanlar əslində bu gün ölkədə fəaliyyət göstərən əksər məktəbəqədər uşaq tədris müəssisələrində bu və ya digər formada öz təzahürünü tapır. Lakin bu heç də o anlama gəlməməlidir ki, neqativ halları ümumi qəbul olunmuş “qaydalar” sırasına daxil etməklə, onlarla barışmaq lazımdır. Məlum olduğu kimi artıq xeyli müddətdir ki, ölkə başçısının müvafiq sərəncamı ilə körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Təəssüflər olsun ki, bu tədbirin uşaq müəssisələrinin fəaliyyətində nəzərəçarpacaq mütərəqqi dəyişikliklərə səbəb olduğunu hələ də söyləmək olmur. Əksinə bir çox hallarda yeniliyi ifadə etməli olan bu təzahürlər daha çox neqativ cəhətləri ilə xarakterizə olunurlar. Artıq bir çox bağça müdirləri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, həyata keçirilən pul yığımının “təyinat” siyahısına yeni bir bənd də əlavə etmişlər. Redaksiyamıza daxil olan məlumatlarda bu kimi canfəşanlıqda xüsusilə seçilən müəssisələrdən birinin də Nəsimi rayonu 4-cü mikrorayon ərazisində, M.Cəlal küçəsi 32 ünvanında yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasının olduğu bildirilir. Qeyd olunur ki, İradə Rüstəmovanın rəhbərlik etdiyi bu müəssisədə rüşvət yığımları bu gün də sürəkli olaraq həyata keçirilir. İlk növbədə övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlər təxminən 350-400 manat məbləğində xərc çəkmək məcburiyyəti ilə qarşılaşırlar. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər də öz yerində. Belə ki, məlumatlara görə “Qərənfil” körpələr evi-uşaq bağçasında həyata keçirilən müxtəlif pul yığımları da intensivliyi ilə diqqəti cəlb edir. Açıqlamalara görə uşağı bağçaya yerləşdirdikdən sonra hər bir valideyndən bir uşağa görə 40-50 manat məbləğində aylıq ödəniş tələb olunur. Həm də bu ödənişin təyinatı belə valideynlərə açıqlanmır. Məsələ bundadır ki, İradə Rüstəmovanın tələbi ilə bağçada aylıq ödənişdən başqa mütəmadi olaraq müxtəlif “məsrəflər” üçün nəzərdə tutulmuş pul yığımları da həyata keçirilir. O cümlədən bayram tədbirlərinin keçirilməsi, uşaqların gəzintiyə aparılması, təsərrüfat xərcləri, tərbiyyəçilərin mükafatlandırılması, ad günlərinin qeyd olunması da hər dəfə valideynlərə müəyyən məbləğə başa gəlir. Həmçinin daxil olan məlumatlara görə bu gün “Qərənfil” uşaq bağçasında pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu müəssisədə uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, bəzi tərbiyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçaya ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu da əslində heç kim üçün sirr deyildir. Təbii ki, dövlət tərəfindən həyata keçirilən və bu sahədə mövcud durumun yaxşılaşdırılmasına yönəldilmiş yeniliklər korrupsioner məmurların maraqları ilə qətiyyən uyuşmur. Buna görə də uşaq müəssisələrində əsaslı islahatların aparılması üçün ilk növbədə onlara rəhbərlik edən şəxslərin fəaliyyətləri tam ciddiliyi ilə təftiş olunmalı, korrupsiya hallarına və digər qanun pozuntularına yol verən məmurlar cəzalandırılaraq uşaq bağçalarından birdəfəlik uzaqlaşdırılmalıdırlar.

Geri dön