Ana Sayfa > Üçüncü sektor > Xətai RİH-nin rəhbərliyi təkcə yaşıllıq zolaqlarını satmaqla kifayətlənmir

Xətai RİH-nin rəhbərliyi təkcə yaşıllıq zolaqlarını satmaqla kifayətlənmir


8-07-2015, 09:59. Yazar: admin
Xətai RİH-nin rəhbərliyi təkcə yaşıllıq zolaqlarını satmaqla kifayətlənmir
Etiraf etmək lazımdır ki, bu gün Bakı şəhəri üzrə rayon icra hakimiyyəti strukturları arasında fəaliyyəti yerli sakinləri daha çox narazı salan qurumlardan biri də Xətai Rayon İcra Hakimiyyətinin aparatıdır. Məlum olduğu kimi, 2006-cı ildən bu quruma rəhbərlik edən Razim Məmmədovun fəaliyyəti mütəmadi olaraq rayon skinlərinin təqdim etdikləri fakt və açıqlamalar əsasında ölkə mətbuatının səhiflərində ictimai müzakirələrə çıxarılıb. Hələ bir neçə müddət bundan əvvəl mətbuata daxil olan məlumatlarda Xətai rayonu ərazisində qnunsuz tikililərin inşasının böyük vüsət aldığı, rayon rəhbərliyinin bu xüsusda yol verdiyi ciddi qanun pozuntularının sakinlərin hüquq və imtiyazlarına xələl gətirdiyi və bütün bunların da rayonda gərginliyin yaranmasına səbə olduğu bildirilirdi. Qeyd edək ki, bu vəziyyət redaksiyamıza daxil olan məlumatlarda da bir çox konkret faktlarla təsdiq edilirdi. Əldə etdiyimiz məlumatlarda Xətai rayon rəhbərliyinin yol verdiyi qanunsuz əməllərdən və məhz bu səbəbdən rayon ərazisində yaranmış hərc-mərclikdən bəhs olunurdu. Bu gün də aldığımız məlumatlarda vurğulanır ki, Xətai rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu ilə şəhərin digər rayonları arasında xüsusilə seçilir. Xatırlatmaq yerinə düşər ki, Xətai RİH başçısının rayon ərazisində mövcud olan yaşıllıq zolaqlarına qənim kəsilməsi, mütəmadi olaraq müxtəlif qalmaqallara səbəb olur. Ölkə mətbuatında dəfələrlə R.Məmmədovun birbaşa göstərişlərinə əsasən metronun “Əhmədli” stansiyası ətrafında və digər ərazilərdə ağacların kütləvi şəkildə məhv olunmasına dair danılmaz faktlar təqdim olunmuşdur. Həmin ərazilər isə “təmizləndikdən” sonra müxtəlif iş adamlarına fantastik qiymətlərə satılır. Həm də nəzərə almaq lazımdır ki, rayon ərazisində olan torpaq sahələrinin qeyri-qanuni satışı, yeni tikintilər üçün qanunsuz sərəncamların verilməsi və digər bu kimi əməllər bir tərəfdən vətəndaşların hüquqlarını pozur, digər tərəfdən isə müxtəlif infrastruktur müəssisələrin normal fəaliyyətini əngəlləyir. Bütün bunlarla yanaşı isə, rayonun bir çox məhəllələrində sakinlərin normal yaşayışlarının təmin olunması üçün minimal tədbirlər belə həyata keçirilmir. Bu günlərdə redaksiyamıza Xətai rayonu, N.Tusi küçəsində yerləşən 28 və 45 saylı binaların sakinləri tərəfindən təqdim olunmuş şikayət ərizəsində də baxımsızlıqdan və şəraitsizlikdən bəhs edilir. Ərizədə bildirilir: “Yazıb sizə məlum edirik ki, biz, yuxarıda göstərdiyimiz ünvanda uzun müddətdir ki, yaşayırıq. Yaşadığımız binanın qarşısı çox bərbad vəziyyətdədir. Uşaqlarımız üçün oynamağa heç bir şərait yoxdur. Hətta yaşlıların belə oturmağa skamyaları yoxdur. Respublikamızın hər bir yerində parklar salınır, yollar abadlaşır, gecə işıqlandırma sistemləri quraşdırılır, amma bizim yaşadığımız ərazidə bu işlərin heç biri görülmür. Bizim uşaqlarımızın sağlam böyüməsi üçün də primitiv idman qurğuları belə yoxdur. Uşaqların rahat oynaması və dincəlməsi üçün heç bir torpaq ərazimiz yoxdur. Çünki avtomoyka, kafe tərəfindən zəbt edilib. Bu işləri qaydasına salmaq dövlət məmurlarının yadına belə düşmür. Hər gün binanın qabağından keçib, bu vəziyyətə göz yumurlar. Seçkilər qabağı bizə çoxlu vədlər verirlər, amma heç bir vədlərə əməl etmirlər. Dövlətimiz qüdrətlidir, bu işləri görməyə də imkanı çatar. Bizim bəzi məmurlar, vəzifə səlahiyyətlərini yerinə yetirmirlər, bina sakinlərinin normal yaşam şəraitləri ilə maraqlanmırlar. Yaşadığımız binalar 9 mərtəbəlidir. Axşam olanda bloklar zülmətə qərq olur. Sizdən artıq dərəcədə xahiş edirik ki, bizim haqq səsimizi mətbuat vasitəsilə dövlətimizin başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarına çatdırasınız. İnanırıq ki, bizim bu səsimizə tezliklə səs vərəcəksiniz. Xahiş edirik sizdən bizim bu müraciətimizi qəzetinizdə dərc edəsiniz.”Beləliklə biz üzərimizə düşəni etdik. İndi qalır bu müraciəti oxuyacaq müvafiq qurum və təşkilat rəhbərlərinin sakinlərin tələblərinə hansı reaksiya verəcəklərini gözləmək...


Geri dön