Ana Sayfa > Üçüncü sektor > Nazirin qarşısında rəqs edən, polis rəisindən isə çəkinən icra başçısı...
Nazirin qarşısında rəqs edən, polis rəisindən isə çəkinən icra başçısı...6-07-2015, 10:11. Yazar: admin |
Şəmkirdə idarə, müəssisə və təşkilatların rəhbərləri icra başçısı Alimpaşa Məmmədovun iclasbazlığından beziblər. İcra başçısı, demək olar ki, hər gün iclas keçirir. İclaslarda Məmmədov saatlarla danışır, vədlər verir, sözdə görüləcək işləri bəh-bəhlə rəhbər işçilərə təqdim edir. Reallıq isə başqadır və bu haqda məlumat verəcəyik. Başçı iclas keçirdiyi saatlarda isə vətəndaşlar saatlarla rəhbər işçilərin qapısı ağzında onların işə gələcəyi ümidi ilə gözləyirlər. Rəhbər işçilər isə iclaslardan sonra iş yerlərinə çatınca görüləcək işləri birə-beş artır, vətəndaşları qəbul etməyə vaxtları qalmır. Təbii ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Rayondakı qaynağımız A.Məmmədovun iclasbazlığının, saatlarla danışmaq xobbisinin keçmiş sənəti ilə bağlı olduğunu deyib. Məlum olur ki, vəzifə pillələrinə qədəm qoyana qədər o, tamada olub. Onun saatlarla yorulmadan danışmasının səbəbi də budur. Salyandan olan Məmmədovun ulduzu bir toy məclisində musiqiyə xüsusi həvəsi olan vəzifə sahibi ilə görüşündən sonra parlayıb. Tamadalığı ilə yanaşı, ifaçılığı da olan icra başçısını yanına çağıran vəzifə sahibi onunla söhbət edib. A.Məmmədov isə fürsəti fövtə verməyib, ondan iş istəyib. Həmin toy şənliyində iştirak edən vergilər naziri Fazil Məmmədova tamadanın iş məsələsinin həll olunması tapşırılıb. Beləcə, A.Məmmədov vergilər sistemində ilk addımlarını atmağa başlayıb. Onun vergilər nazirinin inamını qazanmasının da maraqlı tarixçəsi var və maraqlıdır ki, bu dəfə də məsələ bir toy məclisində baş tutub. Qaynağımız deyir ki, nazirin də dəvətli olduğu toyda iştirak edən A.Məmmədov təsadüfən nazirlə rəqs meydançasında üz-üzə gəlib. Nazirlə bir neçə dəqiqə üz-üzə oynayan A.Məmmədov masa arxasına dönəndən sonra kövrəlib. Ətrafdakılar bunun səbəbini soruşanda deyib ki, F.Məmmədovla rəqs etmək onun üçün şərəfdir və buna görə kövrəlib. Məsələ vergilər nazirinə çatdırılandan sonra F.Məmmədov körvələn işçisinin ona sadiq biri olması qənaətinə gəlib və beləcə A.Məmmədovun vəzifə pillələrində başgicəlləndirən yüksəlişi başlayıb. A.Məmmədov nazirin "vuran əli”nə çevrilib. *** Hazırda vergilər naziri illər öncə atdığı addıma görə peşmandır. A.Məmmədov Şəmkirdə özünü və onun təyinatında rolu olan naziri nüfuzdan salıb. A.Məmmədovun nazir və onun ətrafı ilə, xüsusən də nazirlə qohumluq əlaqələrində olan icra başçılarından biri ilə münasibətləri pisləşib. A.Məmmədovun Şəmkirə başçı təyinatından sonra bir-birinin ardınca yol verdiyi "çp”lər onu gözdən salıb. Vergilər nazirinin bir vaxtlar inandığı kadrına hazırda inamı yox səviyyəsindədir... Qaynağımız deyir ki, A.Məmmədovun rayon idarə və təşkilatlarının rəhbərliyi ilə münasibətləri də gərgindir. Başçının iclasbazlığı ilə yanaşı, tabe idarə və təşkilat rəhbərlərinə münasibəti, onlara yuxarıdan aşağıya baxması 210 min əhalisi olan Şəmkir rayonun idarəçiliyində problemlər yaradıb. Hazırda rayonda icra başçısından qaynaqlanan gərginlik hökm sürür. Müdafiə nazirinin Şəmkirə səfəri zamanı A.Məmmədova yerini göstərməsi, hərbi hissəyə bitişik kafenin sökülməsinə görə ona əl qaldırması, ardından isə polis rəisi ilə qovğası başçının yuxarılarda olan dayaqlarının itirməsinə səbəb olub. Şəmkirdə A.Məmmədovun polis rəisi Cəmil Əmirovla qovğası geniş müzakirə olunan mövzulardandır. C.Əmirov bu vəzifəyə 2015-ci ilin mayında təyinat alıb. Buna qədər o, Oğuz Polis Şöbəsinin rəisi postunu tutub. C.Əmirov vergilər naziri Fazil Məmmədovun 1-ci müavini Natiq Əmirovun qardaşıdır. C.Əmirov vəzifəyə təyinatından dərhal sonra A.Məmmədovla toqquşub. Belə ki, polis rəisinin təqdimatından sonra A.Məmmədovun sədrliyi ilə keçirilən ilk iclasda sədarətdə yalnız başçının oturması qaydasının olduğunu öyrənən polis rəisi buna etiraz edib. Deyib ki, rayonun rəhbər şəxsləri - polis rəisi, prokuror, Milli Təhlükəsizlik Nazirliyinin müvafiq şöbəsinin rəisi də icra başçısı ilə yanaşı sədarətdə əyləşməlidirlər. A.Məmmədov isə sədarətdə yalnız özünün oturacağına israr edib. Sonda polis rəisinin dediyi kimi olub, A.Məmmədovun Şəmkirə başçı təyinatından sonra qoyduğu qayda yeni polis rəisi tərəfindən aradan qaldırılıb. Rəisin təkidindən sonra prokuror və digərləri də sədarətdə əyləşiblər. Bu gün də Şəmkir İcra Hakimiyyətinin saytında A.Məmmədovun polis rəisi dəyişdirilənə qədər sədarətdə tək əyləşdiyi görünən fotoları yer alıb. Məsələn, 2015-ci il aprelin 9-da Şəmkir şəhər Əhməd Cavad adına Mədəniyyət Mərkəzində Alimpaşa Məmmədovun başçılığı ilə iclas keçirilib. İclasda rayon İcra Aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və nümayəndələr iştirak ediblər. İclasdan çəkilən və Şəmkir İcra Hakimiyyətinin saytında yer alan fotodan görünür ki, icra başçısı sədarətdə tək oturub. Saytda polis rəisinin təyinatından sonra - 12 iyun 2015-ci ildə Alimpaşa Məmmədovun başçılığı ilə vətəndaşların qəbulu haqda məlumat yerləşdirilib. Həmin məlumatda qeyd olunur ki, qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyəti idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər. Məlumata əlavə olunan fotolarda isə polis rəisinin əli üzündə olan pozadadır. Fotonun təsadüfən seçildiyini söyləmək çətindir. Çünki C.Əmirovun təyinatından sonra İcra Hakimiyyətinin saytında onun da iştirak etdiyi tədbirlərdən fotolar sırasında onun normal bir fotosu yerləşdirilməyib. Bunu A.Məmmədovun polis rəisinə qarşı hikkəsinin təzahürü hesab edənlər də var. Qaynağımız deyib ki, C.Əmirovun rəis təyinatından sonra icra başçısının yol polislərinin müşayiəti ilə işə gəlib-getməsi qaydası da ləğv olunub. A.Məmmədovun kortejindəki maşınlarda xüsusi siqnallar da sökülüb. Polis rəisi Məmmədovun maşınlarında xüsusi siqnalların olmasının qanunla yasaqlandığını söyləyərək, həmin siqnalları sökdürüb. Əlbəttə ki, C.Əmirovun bütün bu addımlarından vergilər naziri xəbərsiz deyil. Nazirin 1-ci müavinin qardaşının nazirin kadrına qarşı addımlarına "yaşıl işıq” yandırılmasaydı, bu addımlar atılmazdı. Qeyd edək ki, C.Əmirovdan əvvəl bu postu hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini olan Şükür Mehdiyev tutub. 2015-ci ilin əvvəlində Şəmkir Polis Şöbəsinin rəisi olan Ş.Mehdiyevin təqaüd yaşı çatıb. Lakin DİN rəhbərliyi peşəkar rəisi tutduğu postdan uzaqlaşdırmayıb, ona daha 1 il müddətinə etimad göstərilib. Lakin icra başçısı A.Məmmədovun təkidindən sonra DİN rəhbərliyi Şəmkirin polis rəisi ilə bağlı qərarına bir daha baxıb və Mehdiyev vəzifəsindən azad olunub. Onun əvəzinə C.Əmirov Şəmkir RPŞ-nin rəisi postuna təyinat alıb. Yada salaq ki, bu il mayın 15-də Şəmkir Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının rayon ərazisində "avtoş”luq edən şəxsi saxlamaları haqda məlumat yayılmışdı. Məlum olmuşdu ki, özünü saymazyana aparan sürücü Asif Sakit oğlu Əliyevdir. O, özünü Alimpaşa Məmmədovun xanım müavini Sona Əliyevanın qardaşı kimi təqdim edərək sərbəst buraxılmasını tələb etmişdi. Məsələyə A.Məmmədov qarışsa da, xanım müavinin qardaşını azad etdirə bilməmişdi. Məsələ böyüyüb işə Prezident Administrasiyasından rayonun kuratorluğunu həyata keçirən şəxsin qarışması ilə sonuclanmışdı. Şəmkir Rayon Məhkəməsinə aparılan A.Əliyev barədə isə inzibati qaydada 3 sutka həbs qərarı çıxarılmışdı. Rayonda nüfuzunu itirən A.Məmmədovun müavinlərindən yalnız S.Əliyeva ilə hesablaşması da müzakirə olunan mövzulardandır... Musavat.com Geri dön |