Ana Sayfa > Üçüncü sektor > Putinə 50 milyardlıq cəzanın Bakı exosu – təhlükə

Putinə 50 milyardlıq cəzanın Bakı exosu – təhlükə


22-06-2015, 11:19. Yazar: admin
Putinə 50 milyardlıq cəzanın Bakı exosu – təhlükə
Ötən həftə Haaqa Arbitraj Məhkəməsi Rusiya əleyhinə fantastik məbləğdə cərimə kəsdi. YUKOS neft şirkətinin keçmiş səhmdarlarının iddiası üzrə təxminən 10 il davam edən məhkəmənin hökmü ilə Rusiya dövləti 50 milyard dollar cərimələndi. Məhkəmə qərarına əsasən, Rusiya şirkətin əmlakını müsadirə etməklə Beynəlxalq Enerji Xartiyasının müddəalarını pozub. Buna görə də YUKOS-un keçmiş səhmdarlarına 50 milyard dollar ödənməlidir.

Rusiya tərəfi qərara etiraz edib və apelyasiya şikayəti verəcəyini bildirib. Apelyasiya şikayəti üçün Moskvanın 10 günə yaxın vaxtı var. İddiaçılar isə çıxarılan qərarı ədalətli sayır. Məsələnin maraqlı cəhəti həm də ondadır ki, Rusiya rəsmiləri ölkənin cəriməni ödəməyəcəyini desələr də, beynəlxalq qanunlar bunu mümkünsüz edir.
Qərarda aydın şəkildə yazılıb ki, yanvar ayının 15-nə qədər ödəmə başlamalıdır. Üstəlik, Rusiya dövləti cərimə ilə bağlı iddianın qapadılması üçün xaricdəki daşınan və daşınmaz əmlakı ilə, aktivləri ilə cavabdehdir.

Artıq Fransa, Belçika və Avstriya öz ərazilərində Rusiya səfirliklərinin balansında olan mülklər istisna olmaqla, bu ölkənin daşınmaz əmlakına və aktivlərinə həbs qoyub. Fransanın məhkəmə icraçıları YUKOS işi ilə bağlı üstəlik, Rusiyaya məxsus 40-a yaxın bankın hesablarını dondurub, 8-9 binaya isə həbs qoyublar. Binalar Rusiyanın Fransadakı diplomatik missiyasının balansında olmayanlardır. Rəsmi Moskva isə bu addımlara dərhal və sərt reaksiya verərək, öz ərazisində həmin ölkələrə qarşı adekvat addımları atacağı ilə hədələyib.

***

Siyasi təhlilçilərə görə, Ukraynaya təcavüz üzündən Avropa Birliyi (AB) və ABŞ-ın sanksiyalarına tuş gələn Rusiyanın üstəlik, bu dar macalda 50 milyard dollar cərimələnməsi (bu, Rusiya üçün balaca məbləğ deyil) ona əlavə problemlər yaradacaq.

Şübhəsiz ki, Haaqa Məhkəməsinin qərarına dünyadakı geosiyasi proseslər və reallıqlar da öz təsirini göstərib. Yəni Ukraynaya təcavüzlə Avropadakı təhlükəsizlik sisteminə, Avropaya, Balktikyanı NATO ölkələrinə meydan oxumaqda davam edən Kremlin daha da təcrid edilməsi və zəiflədilməsi xətti götürülüb və bu xətt yavaş-yavaş gücləndirilməkdədir. Üstəgəl, Moskva üçün bu qəbildən digər ciddi başağrısını Ukraynanın Krım və Donbasa görə Rusiyaya qarşı analoji (təzminat) davası açmağa hazırlaşması yarada bilər. Deməli, Qərb-Rusiya münasibətlərinin yaxın aylarda bir az da kəskinləşəcəyini proqnoz eləmək mümkündür.

Politoloq Ərəstun Oruclu da mətbuata açıqlamasında yaxın zamanlarda Rusiya ilə Qərb arasında gərginliyin artacağını proqnoz edib. Sitat: “Hazırkı vəziyyət heç də ürəkaçan deyil. Rusiya-Qərb münasibətləri gərginləşəcək. Çünki Brüssel Məhkəməsinin qərarından sonra Rusiyanın Avropadakı əmlakına həbs qoyulması vəziyyəti daha çıxılmaz edəcək”.
***
Proseslərin inkişafını isə kim hesablaya bilməsə də, Moskvada yəqin ki, yaxşı hesablayır və bilirlər. Bu xüsusda prezident Vladimir Putinin məsələyə reaksiyası diqqət çəkir. Sank-Peterburqdakı forumda çıxışı zamanı o, kəsilən cərimə ilə bağlı sərt tonda belə deyib: “Biz Haaqa Arbitraj Məhkəməsini bu məsələdə səlahiyyətli saymırıq, çünki Rusiya Avropa Energetik Xartiyasının üzvü deyil. Və biz haqlı olduğumuzu sübut edəcəyik”.

Bu, həm də bir anonsdur ki, Rusiyadan yeni kontur-addımlar gözləyin. Bu addımlar ən müxtəlif xarakterli olmaqla, fərqli geosiyasi istiqamətləri, o sırada Güney Qafqazı ehtiva edə bilər. Bir şeyə şəkk-şübhə yox ki, Moskva ən əvvəl nəzər-diqqətini öz “yan-yörəsinə”, “Yaxın xaric” ölkələrinə, yəni postsovet məkanına yönəldəcək, dayaqlarını ilk növbədə məhz bu məkanda möhkəmlətməyə, siyasi-iqtisadi gücünü məhz burada artırmağa, Qərbin iqtisadi və digər dayaqlarına ən əvvəl bu məkanda zərbə vurmağa çalışacaq.

Söhbət həmçinin, TANAP, TAP (“Transxəzər”) qaz layihələrinə yeni əngəllərin yaradılmasından, “Türk axını” (“Cənub axını”) kəməri uğrunda rəqabətin daha da sərtləşməsindən gedir. İstisna deyil ki, qəzəbli Rusiya xüsusən də bu günədək xarici siyasət oriyentirlərini hələ də dəqiqləşdirməmiş Azərbaycan kimi ölkələr qarşısında konkret şərt-tələb qoysun, onlardan “ya Rusiya, ya da Qərb” seçimini tezləşdirməyi istəsin.

Bu mənada rəsmi Bakının son vaxtlar ABŞ və Avropa Birliyi arasında münasibətlərində müşahidə edilən soyuqluq onu şimal qonşumuzun tələblərinə daha həssas edib. Ancaq bu yerdə sual ortaya çıxır ki, tədricən zəiflədilən və sıradan çıxarılan bir dövlətə “yol yoldaşı” olmaq Azərbaycanın maraqlarına cavab verirmi? Hətta əgər işğalçı Ermənistan da son zamanlar Rusiyadan qopmaq və uzaqlaşmaq üçün altdan-altdan fürsətlər axtarırsa, Bakının Kremlin siyasi-hərbi çətiri altına keçməsi Azərbaycana dividend gətirə bilərmi?

Bir şey dəqiqdir ki, Putin 50 milyardlıq YUKOS zərbəsini elə-belə həzm etməyəcək və onun qarşılığı olacaq. Necə? Bunu zaman göstərəcək. Lakin zərbənin əks-sədası kifayət qədər uzaqlarda, ilk öncə də postsovet məkanında, o cümlədən Azərbaycanda eşidilə bilər. Hələ zərbə təzə-təzə vurulub.

Geri dön