Ana Sayfa > Üçüncü sektor > Aqroservis filialından “qara bazar”a gedən yol
Aqroservis filialından “qara bazar”a gedən yol16-06-2015, 10:54. Yazar: admin |
Son vaxtlar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə dair, xüsusilə respublikamızın müxtəlif bölgələrindən gələn şikayətlər əsasında hazırlanmış tənqidi materiallara ölkə mətbuatında tez-tez rast gəlmək olur. Məlum olduğu kimi ASC ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatının yenidən dirçəldilməsi məqsədilə həyata keçirilən dövlət tədbirlərinin tərkib hissəsi kimi, Azərbaycan Respublikasının Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Bu gün ASC-nin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. Həmçinin 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Lakin, təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin bir çox rayon filiallarının fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Redaksiyamıza daxil olan məlumatlarda o cümlədən İsmayıllı filialının rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Mövzuya dair ötən saylarımızda dərc olunmuş tənqidi materiallarda da göstərildiyi kimi, aldığımız məlumatlarda bildirilir ki, filialın direktoru Əlağa Həsənov texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır. Mənbələr xəbər verir ki, rayonda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə rüşvət vermək məcburiyyətində qalırlar. Bu vəziyyət isə təbii ki, kənd təsərrüfatının inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin təminatına yönəldilmiş dövlət tədbirlərinin reallaşmasını əngəlləyən amillərin yaranmasına gətirib çıxarır. Həmçinin bir çox digər istiqamətlərdə də filialının fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Məlumatlarda bildirilir ki, filialın fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə və pestisidlərlə təchizat xüsusundadır. Belə ki, görə İsmayıllı “Aqroservis” filialında məsələn, azot gübrəsinin hər 50 kq-lıq kisəsinə görə əlavə 2 manat tələb olunur ki, bu da 1 tonda 40 manat təşkil edir. Digər tərəfdən də gübrə məhsullarının “qara bazara” çıxarılması məqsədilə fermerlər tərəfindən bu məhsulların alınması məqsədyönlü şəkildə əngəllənir. Bundan sonra isə Əlağa Həsənov bəzi yerli işbazlarla korrupsiya əlaqələrinə girərək, “qənaət olunmuş” azot gübrəsinin 1 tonunu onlara 280 manata satır və hər tona görə 88 manat təmiz qazanc götürür. Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə “qara bazar”a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə etmək məcburiyyətində qalırlar. Bununla belə, aldığımız məlumatlarda “Aqrolizinq” ASC-nin İsmayıllı rayon filialı müdirinin artıq növbəti karyera yüksəlişi barədə ciddi düşündüyü də xəbər verilir. Bildirilir ki, Əlağa Həsənov bu yaxınlarda Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə keçməyə hazırlaşır. Maraqlıdır, görəsən hazırda tutduğu vəzifədə həyata keçirdiyi maxinasiyalar sahəsində əldə etdiyi zəngin təcrübəni bu məmur iddialı olduğu yeni vəzifədə necə tətbiq etməyi planlaşdırır? Geri dön |