Ana Sayfa > Üçüncü sektor > Taksi sürücüsü polis mayorundan şikayətçi düşüb

Taksi sürücüsü polis mayorundan şikayətçi düşüb


7-05-2015, 10:11. Yazar: admin
Taksi sürücüsü polis mayorundan şikayətçi düşüb
Mövcud qanunvericiliyə əsasən, polisin əsas vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq, törədilmiş cinayətləri açmaq, cinayətlərin qeydiyyatını və uçotunu aparmaq və digər məsələlərdən ibarətdir.

İnsaf naminə qeyd etmək lazımdır ki, ölkənin daxili işlər orqanlarında çalışan şəxslər ayıq-sayıqlığı əldən vermir, ictimai asayişin lazımi səviyyədə qorunması üçün zəruri tədbirlər görürlər.

Lakin bəzi hallarda polis əməkdaşları vəzifələrini unudaraq vətəndaşlara əlavə problemlər yaradırlar. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Bakı şəhəri, Nizami rayonu R.Rüstəmov küçəsi ev 66, mənzil 22-də yaşayan Cabbarlı Fəxri Zakir oğlu Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşı Kamal adlı şəxsin özbaşına əməllərindən narazı qaldığını bildirdi. Taksi fəaliyyəti ilə məşğul olan Fəxri Cabbarlı deyir ki, 28.04.2015-ci il tarixdə onun mobil telefonuna zəng gəlib: "Zəng edən 12-ci Polis Bölməsinin əməkdaşı Kamal adlı şəxs idi. O məni təcili olaraq bölməyə dəvət etdi. Şəhərdən kənarda olduğum üçün ona gələ bilməyəcəyimi dedim. Kamal isə qəzəbli şəkildə bildirdi ki, səndən şikayətçi var, əgər gəlməsən, arxanca polis maşını göndərib, səni bölməyə əli qandallı gətizdirəcəm. Bundan sonra evə gəlib vəziyyəti atama danışdım. Atamla birlikdə 12-ci Polis Bölməsinə gəldik. Atam ərizə ilə tanış olmaq istəyəndə polis mayoru əvvəlcə vermək istəmədi, sonra verdi və dedi ki, "102" xidmətinə də şikayət olub. Ərizə ilə tanışolanda məlum oldu ki, ərizəni yazan Ramana qəsəbəsi Şuşa şəhərciyi ev 45-də yaşaması göstərilən Nuriyeva Mələk Mürsəl qızıdır. Bildirmək istəyirəm ki, Mələk göstərdiyi ünvanda yox bizim qonşuluğumuzda yaşayır. O ərizədə göstərib ki, guya mən onu telefonda təhqir etmişəm. Halbuki, belə bir şey olmayıb. Məlumat üçün deyim ki, kreditə götürdüyüm maşınla taksi fəaliyyəti ilə məşğul oluram. Mələk isə rəfiqəsi Aytən adlı xanımla birlikdə mənim yaşadığım binanın qonşuluğunda kirayədə yaşayır. Hər iki xanıma Nizami rayonunda dəfələrlə taksi xidməti göstərmişəm. Hər dəfə pulumu veriblər. Aprel ayında yenə də onlara taksi xidməti göstərdim. Amma dedilər ki, bilirik maşını kreditə götürmüsən, sənin xidmət haqqını ayın axırında verəcəyik. Bu razılıq əsasında onlara 58 manatlıq taksi xidməti göstərdim. Ayın sonunda Mələk xanıma iki dəfə zəng vurdum ki, kreditin vaxtıdır, imkan varsa pulu verin. Aramızda heç bir narazılıq olmayıb. Nə mən onları təhqir etmişəm, nə də onlar pulu ödəməkdən imtina ediblər". Şikayətçi bildirdi ki, Mələyi məndən ərizə yazmağa Kamal adlı polis əməkdaşı vadar edir: "Aytən nə olursa Kamala çatdırır. Hər iki xanım kirayədə yaşadıqları halda, heç bir yerdə işləmirlər. 12-ci Polis Bölməsinə gələndə Kamal mənimlə elə davrandı ki, sanki mən qatı cinayətkaram, nəyəm. Məndən izahat alarkən onun kobudluğu atama pis təsir etdi və mənə izahatı yarımçıq qoymağı tapşırdı. Polis mayoruna bildirdi ki, Fəxrini telefonla yox, rəsmi məktubla çağırarsınız gəlib izahat verər. Belə insanların daxili işlər orqanlarında işləməsi təəssüfedici məqamdır. Sizin vasitənizlə daxili işlər naziri, hörmətli general-polkovnik Ramil Usubova müraciət edirəm. Ondan xahiş edirəm ki, 12-ci Polis Bölməsində mənə qarşı kobudluq edən, hüquqlarımı tapdalayan Kamal adlı şəxsin barəsində bir tədbir görsün. Bilmək istərdim ki, bu adam müstəntiq, təhqiqatçı olmadığı halda onun məndən izahat almağa səlahiyyəti varmı? Ərizənin 12-ci Polis Bölməsinə verilməsi də maraqlıdır. Onu da bildirirəm ki, Mələyin Ramana qəsəbəsində anası və qardaşı yaşayır. Mələk onlarla da yola getmir. Özünün dediyinə görə, qardaşından bu bölməyə dəfələrlə şikayət edib. Sizdən xahiş edirəm ki, şikayətimi aidiyyəti qurumlara çatdırasınız". Ümid edirik ki, DİN rəsmiləri, həmçinin 12-ci PB-nin rəhbərliyi vəzifə səlahiyyətlərini aşan polis işçisi ilə bağlı lazımi ölçü götürəcəklər.

Geri dön