Ana Sayfa > Üçüncü sektor > Sultan Əliyev "Semaşko"ya gəldikdən sonra tibb ocağının qara günləri başlayıb
Sultan Əliyev "Semaşko"ya gəldikdən sonra tibb ocağının qara günləri başlayıb2-05-2015, 12:25. Yazar: admin |
Böyük kütlə arasında "Semaşko" kimi tanınan 1 saylı Şəhər Kliniki Xəstəxanasının tibb personalı adıçəkilən səhiyyə ocağının fəaliyyətindən və onun baş həkimi Sultan Əliyevin yol verdiyi nöqsanlardan şikayətçidirlər. Bu barədə əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, xəstəxananın baş həkimi "Semaşko"nu şəxsi mülkü kimi idarə edir. Məlumatlı şəxsin mövzu ilə əlaqədar dediklərindən məlum olur ki, Sultan Əliyev 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunduqdan sonra tibb müəssisəsində ümumi vəziyyət tamamilə dəyişib: "Buna misal olaraq "Semaşko"nun aparıcı mütəxəssislərinin müxtəlif yollarla xəstəxanadan uzaqlaşdırılmasını göstərmək olar. Dəfələrlə iclaslarda müxtəlif formalı təzyiqlərə məruz qalan 1 saylı Şəhər Kliniki Xəstəxanasının tibb personalı bu münasibətə dözə bilmədiklərindən çarəni tutduqları vəzifədən azad olunmalarında görüblər. Sultan Əliyev isə öz növbəsində, tibb personalının müraciətlərinə cavab olaraq, bildirib ki, əgər ondan yuxarılara şikayət etsələr, o zaman əlavə problemlərlə üzləşə bilərlər". Məhz Sultan Əliyevin gəlişindən sonra "Semaşko"da xəstələrin və onların yaxınlarının əlavə xərcə salınması hallarının daha geniş formada yayıldığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, vətəndaşlar əsasən xəstəxananın cərrahiyyə korpusunda, terapiya, həmçinin doğum və ginekologiya şöbələrində hökm sürən neqativ hallardan, xəstəxanaya gətirilən xəstələrin pul verməyəndə həkimlərin onlara baxmamasından gileylənirlər: "Dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olduğu halda, "Semaşko"da xəstəyə təmənnasız baxan yoxdur. Varsa da, bu çox nadir hallarda baş verir. Deyilənlərə görə, Sultan Əliyevin rəhbərlik etdiyi tibb müəssisəsində xəstənin dəqiq diaqnozu "check-up" müayinəsindən sonra aşkarlanır. Bu müayinə isə dövlət hesabına aparılmır. Hələ bu harasıdır. Qeyd etdiyim kimi, "Semaşko"nun tibb personalının böyük əksəriyyəti baş həkim Sultan Əliyevdən və onun özünəməxsus "qayda"larından narazıdır. Çünki məhz onun fəaliyyəti nəticəsində bu günün özündə də peşəkar mütəxəssislər tibb ocağını tərk edib digər xəstəxanalara üz tutmağı planlaşdırırlar". Bu arada, əldə etdiyimiz informasiyada o da qeyd olunur ki, müayinə və müalicə üçün 1 saylı Şəhər Kliniki Xəstəxanasına pənah gətirən xəstələrə dərmanları məhz yaxınlıqdakı apteklərdən almaq tapşırılır. Deyilənə görə, həmin aptekin sahibi Sultan Əliyevə yaxın şəxsdir və buna görə də xəstə yaxınlarına məhz ordan dərman almaq tapşırılır. Mənbə bildirir ki, "Semaşko"da bu ənənə sabiq səhiyyə naziri Əli İnsanovun zamanından qalıb: "Görünür, Sultan Əliyev sabiq səhiyyə nazirinə xüsusi simpatiya bəslədiyi kimi, bir sıra əməlləri ilə onun "ənənə"lərinə sadiq olduğunu da sübuta yetirir. Qeyd edim ki, 1 saylı Şəhər Kliniki Xəstəxanası ilə bağlı narahatlığa səbəb olan digər məsələ isə tibb personalının işlərinə məsuliyyətsiz yanaşması ilə bağlıdır. Belə ki, Sultan Əliyev "Semaşko"ya baş həkim təyin olunduqdan sonra həm tibb ocağının, həm də personalın qara günləri başlayıb: "Sultan Əliyevin bəzi davranışları həkimlərin, hətta məşhur cərrarların, tibb işçilərinin mövcud şəraitə dözməyərək xəstəxanadan getmələri ilə nəticələnib. Çünki o, heç bir idarəçilik təcrübəsi olmayan adamları 1 saylı Şəhər Kliniki Xəstəxanasında müxtəlif rəhbər vəzifələrə təyin edib. Odur ki, hazırda "Semaşko" qeyri-peşəkarların əlində əsir-yesir qalıb. Əgər aidiyyəti qurumlar tez bir zamanda məsələ ilə bağlı müvafiq tədbirlərə baş vurmasalar, o zaman nəinki paytaxtın, ölkənin ən məşhur tibb ocaqlarından biri olan "Semaşko"da vəziyyət idarəolunmaz həddə çata bilər…" Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri dön |