Ana Sayfa > Üçüncü sektor > Salyan yolundakı maye-qaz yanacaqdoldurma məntəqəsi real təhlükə mənbəyidir

Salyan yolundakı maye-qaz yanacaqdoldurma məntəqəsi real təhlükə mənbəyidir


23-04-2015, 10:39. Yazar: admin
Salyan yolundakı maye-qaz yanacaqdoldurma məntəqəsi real təhlükə mənbəyidir
Bu gün həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən elə yanacaqdoldurma məntəqələri var ki, onlar yaşayış binalarının bir neçə addımlığında yerləşirlər. Bu isə ciddi təhlükədən xəbər verir.

Halbuki, müvafiq qaydalara əsasən yanacaqdoldurma məntəqələri uşaq bağçalarından, orta məktəblərdən, universitetlərdən, xəstəxanalardan, yaşayış yerlərindən, dükan və mağazalardan, istirahət məkanlarından, yeraltı və yerüstü magistral qaz kəmərlərindən aralıda yerləşməlidir. Əfsus, Salyan rayonunun mərkəzindəki dairədə fəaliyyət göstərən maye-qaz yanacaqdoldurma məntəqəsi qeyd olunan qaydalara məhəl qoymur.

Sözügedən yanacaqdoldurma məntəqəsinin sahibinin Rahil Həsənov adlı şəxsin olduğunu vurğulayan mənbə iddia edir ki, onun rəhbərlik etdiyi obyekt qanunsuz əməlləri ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) təlimatına belə saymazyana yanaşdığını sərgiləyir: "Hələ bir neçə il öncə Fövqəladə Hallar Nazirliyi yanacaqdoldurma məntəqələrində yanğın və partlayışların qarşısını almaq üçün zəruri olan tədbirlərlə bağlı təlimatını açıqlamışdı. Nazirlik qeyd edib ki, yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi ən təhlükəli obyektlər siyahısına daxildir. Odur ki, yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırmalar aparmalıdır. Yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40 faizdən çox olmayan yerlərdə salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10 min metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmir yol keçidlərinə 250 metr, körpü keçidlərinə isə 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədəuyğun hesab olunur.Yeraltı maye yanacaq saxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı, 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur. Təlimatda o da bildirilir ki, partlayış, yanğın təhlükəli yüklər daşıyan avtomobillərin yüklə birlikdə yanacaqdoldurma məntəqələrinə daxil olması yolverilməzdir. Qığılcımsöndürən qurğuları olmayan traktorların yanacaqdoldurma məntəqələrində yanacaqla təmin olunması da qadağandır.Yanacaqdoldurma məntəqələrinə daxil olan və buradan çıxan avtomobillərin yolları bir-biri ilə kəsişməməli, hərəkətin sürəti 20 km/saatı keçməməlidir. Lakin Salyan rayonunun mərkəzindəki dairədə fəaliyyət göstərən və Rahil Həsənovun sahibi olduğu maye-qaz yanacaqdoldurma məntəqəsi bu təlimata məhəl qoymur". Sözügedən obyektin müvafiq sənədlərinin olmadığını deyən məlumatlı şəxs bildirir ki, Rahil Həsənov himayəsinə arxalandığı vəzifə sahiblərinin sayəsində öz bildiyini etməkdədir: "Onun sahib olduğu yanacaqdoldurma məntəqəsi yaşayış evlərinə yaxın yerləşir. Maraqlı məqam isə ondadır ki, həmin "zapravka" şəhid ailələrinə verilmiş evlərin yanında fəaliyyət göstərir. Məgər müvafiq qurumlar bunu görmürlər? Təbii buna inanmaq sadəlövhlük olardı. Çünki Salyan yolunda hər kəsin məlumatı var ki, Rahil Həsənov yanacaqdoldurma məntəqəsini müvafiq sənəd olmadan işlədir. Hələ bu azmış kimi həmin obyekt yaşayış evlərinin yaxınlığındadır. Bu isə əhalini ciddi şəkildə narahat edir. Çünki kiçik bir partlayış sonda ağır faciəyə səbəb ola bilər. Baş verə biləcək bu cür hadisələrdən isə heç kəs sığortalanmayıb. Halbuki, sovet dövründə yanacaqdoldurma məntəqələri nəinki yaşayış evlərinin, hətta inzibati binaların yaxınlığında da inşa edilə bilməzdi".

Yaxınlıqdakı insanların məhz bu yanacaqdoldurma məntəqəsi ucbatından daim qorxu içində yaşadıqlarını diqqətə çatdıran məlumatlı şəxsin sözlərinə görə, Rahil Həsənov Vergilər Nazirliyinin Feyzi adlı əməkdaşının, eləcə də Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin yetkilisi Əhməd müəllimin himayəsinə arxalanır: "Elə buna görə də Rahil Həsənov dara düşən kimi onların adını çəkməklə özünü mümkün təhlükədən sığortalamağa müvəffəq olur. Odur ki, gərək aidiyyəti qurumlar tez bir zamanda sözügedən yanacaqdoldurma məntəqəsi ilə bağlı müvafiq tədbirlərə baş vursunlar. Əgər burada lap kiçik də olsa partlayış baş verərsə, yaşayış evləri çox yaxın olduğundan böyük insan tələfatı ola bilər. Odur ki, əhalinin təhlükəsizliyi baxımından bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir".

Geri dön