Ana Sayfa > Üçüncü sektor > Maradona azərbaycanlının etdiyi sürprizdən şoka düşüb

Maradona azərbaycanlının etdiyi sürprizdən şoka düşüb


24-01-2018, 06:17. Yazar: admin
Maradona azərbaycanlının etdiyi sürprizdən şoka düşüb
Azərbaycanlı rəssam Elnur Mahmudov bu günlərdə dünya şöhrətli argentinalı futbol ulduzu Dieqo Maradonaya onun portretini çəkərək hədiyyə edib. Rəssam Maradona ilə görüşü barədə Sputnik Azərbaycan-a müsahibəsində ətraflı danışıb.

— Elnur, özünüz barədə danışın, neçə ildir bu sənətdəsiniz?

— Özümü dərk edəndən çəkirəm. Uşaq yaşlarından şəkil çəkməyə başlamışam və zamanla başa düşmüşəm ki, öz yolumu yalnız bu sənətlə davam etdirə bilərəm. Bundan başqa skripka dərslərinə də getmişəm. Çünki atam çox istəyirdi ki, mən bu alətdə çalmağı öyrənim. Təəssüf ki, özümü musiqidə tapa bilmədim. Atam mənimlə bağlı narahatlıq keçirirdi ki, əgər rəssam olsam, həyatım çətin olacaq. Mən isə tamamilə əksini düşünürdüm. Beləliklə, hər şey alındı. Şadam ki, düzgün seçim etmişəm və rəssam olmuşam.

1998-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişəm. 2002-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasına daxil olmuşam və Rəssamlar İttifaqının Gənclər Birliyinin üzvü olmuşam. 2005-ci ildə Peşəkar Rəssamlar İttifaqına daxil olmuşam.

— Artıq sərginizi təşkil etmişiniz?

— İlk sərgim İstanbulda, sonra isə İran, Moskva və Londonda olub. Bütün bunlarla yanaşı tez-tez xarici ekspozisiyalarda iştirak edirəm. İldə bir neçə dəfə xaricdə keçirilən biennal və simpoziumlara dəvət göndərilir.

— Xaricdə sərgi təşkil etmək hər rəssama nəsib olmur. Siz bunu necə etmişiniz?

— Bütün bunlar tam təsadüfən olub. Sərgilərimi, əsasən, o insanlar təşkil edirlər ki, mənim işim onların xoşuna gəlir. Hansısa qalereyaçı, yaxud menecer mənimlə əməkdaşlığa başlamaq üçün işlərimlə şəxsən tanış olur. Təsadüflər müxtəlif olur. Əgər 2-3 dəfə sənin işlərin xaricdə nümayiş edilsə, onda səni tanıyır və dəvət etməyə başlayırlar.

Rəsmlərimin əksəriyyəti hiperrealizm janrındadır. Simpoziumlarda özünü bu istiqamətdə işləyən rəssam kimi təqdim etmək çox çətindir. Belə tədbirlərdə iştirak edən zaman həmişə təxəyyülümdə digər stillər doğulur. Misal üçün, indi mənim elə dövrümdür ki, ancaq portret çəkirəm. Bu ideya mənim ağlıma xaricdəki simpoziumların birində iştirakım zamanı gəlib. Bu janr mənim üçün maraqlı olmağa başlayıb və qərara gəlmişəm ki, Azərbaycana qayıdan kimi bu istiqamətdə işlərimi davam etdirim.

— Sizin ən məşhur portretiniz ümumdünya şöhrətli məşhur futbolçu Maradonanın portreti olub. Onu çəkmək ideyası haradan ağlınıza gəlib?

— Payızda İzmirdə keçirilən simpozium zamanı Dubayda həkim işləyən dostumla görüşdüm. O, yeni işlərimi görüb kiməsə göstərdi. Amma mən onun məhz kim olduğunu bilmədim, bunu mənə demədi. Mənim şəkillərim bu adamın çox xoşuna gəldi və o, mənə Maradonanın portretini sifariş etdi. Onda onlar məni portreti futbolçuya şəxsən verəcəyim barədə xəbərdar etməmişdilər. Düşündüm ki, standart sifarişdir, çəkəcəm və göndərəcəm.

— Portret üçün fotoşəkil əvvəlcədən seçilmişdi?

— Yox, o, bu seçimi mənim öhdəmə buraxmışdı. Mənə Maradonanın bir neçə fotosunu göndərmişdilər. Baxmayaraq ki, o, məşhur insandır, həmin dövr onun üçün ən çətin dövr idi — o, depressiyada idi. Buna görə də onun pozitiv fotosunu seçmək qərarına gəldim. O, həyatda ciddi insandır və mən onu digər tərəfdən — gülən və xoşbəxt tərəfdən göstərmək istəyirdim. Şəkil on gün müddətində ərsəyə gəldi.

— Siz özünüz Maradonanın fanatı idiniz?

— Düzü futbolla maraqlanmıram. Amma Maradonanı tanımamaq mümkün deyil. Onu bütün dünya tanıyır. Mən ona hörmət edirəm, Maradona adı brendə çevrilib. Uşaq olanda bir neçə dəfə onun iştirak etdiyi matça baxmışam.

— Çoxları bu əfsanəvi şəxslə şəxsən görüşməyi, əlaqə saxlamağı xəyal edir, amma bu şans hər kəsə nəsib olmur. Sizi şanslıların siyahısına daxil etmək olar?

— Bəli. Mən sifarişçiyə xəbər verəndə ki, portret artıq hazırdır, o, mənə sürpriz elədi. Dubayda mənim Maradona ilə görüşümü təşkil elədi ki, portreti ona şəxsən təqdim edim. Bu, mənim üçün gözlənilməz idi. Onun yaxınına düşmək praktiki olaraq mümkün deyildi. Onun hər dəqiqəsi puldur. Maradonaya qabaqcadan zəng edib bildirmişdilər ki, mən onun yanına gedəcəm. Futbolçunun gündəlik qrafiki saatlara bölünür və mənə 30 dəqiqə vaxt ayrıldı.

Sizə açığını deyim ki, Maradona ilə görüş əvvəlcə rəsmi səviyyədə keçirildi. Futbolçu üçün bu, adi görüşlərdən biri idi, hansı ki, kimsə onun yanına gəlir və tanış olmaq istəyir. Görüşdən 10 dəqiqə sonra mən getmək istədim, çünki özümü o mühitdə yad hiss elədim.

Biz getmək üçün ayağa qalxanda, meneceri Maradonaya xəbər verdi ki, ona sürpriz etmək istəyirəm. Futbolçunun gözü dərhal təəccübdən böyüdü. Mən şəkli açanda o, şokda idi. Mən bunu onun gözlərindən başa düşdüm.

Maradonanı hansısa bahalı hədiyyə ilə təəccübləndirmək olmaz, çünki onun hər şeyi var. O, portreti görəndən sonra məni qucaqlamağa başladı və uzun müddət məni buraxmadı. Şəkil onun çox xoşuna gəldi, çünki o, qeyri-adi texnika ilə çəkilmişdi. Bundan sonra mən qarşımda tamamilə başqa, mənimlə saatlarla danışmaq istəyən Maradonanı gördüm. O, mənimlə maraqlanmağa başladı ki, kiməm, haradan gəlmişəm. Biz, hətta onunla birlikdə evini dolaşdıq ki, portreti hansı divardan asaq. O, şad oldu və təəccübləndi ki, onun evində şəkillərdən başqa bir dənə də olsun rəsm yox idi. Maradonanın meneceri mənə dedi ki, çəkdiyim portret futbolçunun muzeyinə düşəcək.

— Ona özünüz haqqında nə dediniz?
— Onunla görüşə Kanadada yaşayan dostumla getmişdim. Ona görə də Maradona əvvəl elə başa düşdü ki, mən də Kanadadan gəlmişəm. Mən deyəndə ki, Azərbaycandan gəlmişəm, o bu ölkənin hara olduğunu başa düşmədi. Futbolçu, hətta buna görə utandı. Mən ona Azərbaycan haqqında ətraflı danışdım və fotoşəkillər göstərdim. Söhbətimizdən sonra Maradona məni qucaqladı və dedi ki, hansı millətdən olmağıma baxmayaraq, mənimlə tanış olmaq onun üçün xoşdur. Mən əminəm ki, o, bizə vaxt ayırdığına görə peşman olmadı. Hətta bizə daha çox vaxt ayıra bilmədiyi üçün bizdən üzr də istədi. O, mənə hədiyyə olaraq öz futbol köynəyini verdi və onu mənim üçün imzaladı. Onun meneceri bizə daha yaxından tanış olmaq üçün növbəti gün səhər gəlməyi təklif etdi, amma biz imtina etmək məcburiyyətində qaldıq. Çünki mən növbəti gün İzmirə getməli idim. O, mənə öz nömrəsini verib dedi ki, nə vaxt Dubayda olsam, ona yenidən zəng eləsin.

— Siz məşhurların portretlərini tez-tez çəkirsiniz?

— Olur. Amma onların adını çəkmək istəmirəm. Mənə xəyali insanları çəkmək daha asandır, çünki istənilən üz cizgilərini çəkə bilirsən.

— Gələcəklə bağlı hansı planlarınız var?

— İşimi davam etdirirəm, şəkillər çəkirəm. Mənə yayda İspaniyada keçiriləcək simpoziumda iştiraka dəvət gəlib və hazırda ona hazırlaşıram. Bununla yanaşı, xaricdən bir neçə təklif var.

— Rəssam olduğunuza görə təəssüflənmirsiniz ki?

— Yox. Mən təkcə qazanc barədə düşünən insanlardan deyiləm. Mənim üçün yaradıcılıq əsasdır, amma mən qazancımdan da razıyam.


Geri dön