Ana Sayfa > Üçüncü sektor > Heydər Əliyev adına liseydə nə baş verir?
Heydər Əliyev adına liseydə nə baş verir?14-10-2016, 07:36. Yazar: admin |
Dünən redaksiyamıza daxil olmuş məlumatda Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə nəhayət ki, “Umud Babaşov problemi”nin öz həllini tapdığı bildirilir. Mənbə göstərir ki, artıq bir neçə müddətdən bəri bu məktəbə rəhbərlik edən direktor əvəzi Umud Babaşov Təhsil Nazirliyinin əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Düzdür, açıqlamada həmçinin qeyd olunur ki, bu şəxs indiyədək tutduğu vəzifənin ona verdiyi imtiyazlardan sonadək bəhrələnmək üçün bülleten də açıdırıb. Lakin bu tədbir çətin ki, onun istədiyi nəticəni versin. Bununla belə, Heydər Əliyev adına liseydə Umud Babaşovun “idarəçiliyi” dövründə yaranmış bütün problemlərin həllindən danışmaq da hələ tezdir. Məsələ bundadır ki, keçmiş direktor əvəzi vaxtında müəyyən addımlar atmaqla, bu gün öz yerini yenə müvəqqəti də olsa, məhz özünün davamçısı olan Natavan Bədəlovaya təhvil verə bilmişdir. Xatırlayırsınızsa, mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda bu xanımın adı kifayət qədər hallanmışdı. O cümlədən Natavan Bədəlovanın öz hamisinə bir çox işlərdə, xüsusilə məktəbdə nurçuluğun təbliğində, eləcə də pul yığımlarının həyata keçirilməsində yaxından kömək etməsi və ilk növbədə məhz elə bu əsasla sonda müavin vəzifəsinə təyinat alması barədə həmin yazılarda ətraflı bəhs olunmuşdu. Bu barədə bizimdovr.az-a daxil olan açıqlamalarda deyilirdi: “Umud Babaşov hələ özü liseyin direktoru vəzifəsinə təsdiq olunmamış, artıq özünə yeni müavin təyin edib. Belə ki, direktor əvəzi bu yaxınlarda liseyin 1-ci siniflərinə qəbulla bağıl həyata keçirdiyi maxinasiyalara cəlb etdiyi və özünə xüsusi yaxınlığı ilə seçilən Natavan Bədəlovanın direktor müavini vəzifəsinə təyin olunması üçün Təhsil Nazirliyinə təqdimat verib. Halbuki, bu məsələ hətta heç pedaqoji şurada müzkirə də olunmayıb. Umud Babaşov bununla bir daha kollektivin rəyinə açıq-aşkar etinasızlığını nümayiş etdirib. Natavan Bədəlova isə, artıq liseydə direktor müavini səlahiyyətlərini icra etməyə başlayıb. Həm də bu zaman yeni müavin də öz rəhbərini təlqin edərək, pedaqoji kollektivə qarşı yolverilməz kobudluq nümayiş etdirir. Baxmayaraq ki, bir müddət əvvəl Təhsil naziri tərəfindən müəllimlərin etik davranış qaydalarına ciddi riayət olunmasına dair xüsusi təlimat da imzalanmışdır...” Bu gün isə, Natavan Bədəlova artıq öz əməllərini birbaşa direktor kabinetində oturmaqla davam etdirir. Aldığımız açıqlamalarda vurğulanır ki, yeni direktor əvəzi hətta öz sələfinin aqibətindən də nəticə çıxarmayaraq, məktəbin pedaqoji kollekivinə qarşı yolverilməz münasibət sərgiləməkdədir: “Natavan Bədəlova yaşlı pedaqoqları belə təhqir etməkdən çəkinmir. Söyüşlər, ədəbsiz ifadələr onun danışığının ayrılmaz tərkib hissəsi olub. Bununla belə, liseyimizin İngilis dili kafedrasında onu dəstəkləyən və hətta təlqin etməyə belə çalışan bəzi müəllimələr də var. Belə ki, 5 oktyabr müəllimlər günü ərəfəsində də bu “xanımlar” Natavan Bədəlovanı bütün kollektiv adından təbrik etmək üçün dəridən-qabıqdan çıxmışdılar. Onlardan biri, Sülhiyyə müəllimə isə, daha irəli gedərək hətta öz mobil telefonundan ismarıc göndərməklə, məktəbin müəllimlərinə Natavan Bədəlova üçün 50 manatdan pul yığmaq təklifi ilə müraciət də etmişdi. Digər təəssübkeşlər, Ayşən müəllimə və Nərgiz müəllimə də ona dəstək vermişdilər...” Qeyd edək ki, açıqlama verən mənbə Natavan Bədəlovanın 17 saylı məktəbin direktoru Bədəl Bədəlovun gəlini olduğunu da xəbər verir. Digər tərəfdən isə, aldığımız məlumatlarda Heydər Əliyev adına liseydə Umud Babaşovun rəhbərliyi dövründə yaranmış bəzi fəsadların hələ də davam etdiyi vurğulanır. Xüsusilə, mənbə bəzi yuxarı sinif şagirdlərinin Umud Babaşovun vəzifədən getməsilə narahatlıq keçirdiklərini vurğulayır: “Məktəbin bir çox yuxarı sinif şagirdləri dərslərə gəlməmək üçün keçmiş direktor əvəzinə xeyli pul ödəyiblər. İndi isə, həmin şagirdlər həyəcan keçirirlər. Həmçinin Umud Babaşov bəzi şagirdləri YÖS proqramı üzrə də hazırlaşdırırmış. Dəqiq məlumdur ki, keçmiş direktor əvəzi 11d və11e siniflərində təhsil alan Yusif, İsmayıl, Aydın, Fərid və Anar adlı şagirdlərdən hazırlıq məşğələləri üçün və dərslərə gəlməməyə görə 5000 (beş min) manat pul almışdır. Təbii ki, bu uşaqlar da Umud Babaşovun məktəbdən gedəcəyi təqdirdə verdikləri pulu kimdən və necə alacaqlarını düşünürlər...” Bundan başqa, aldığımız məlumatlarda Umud Babaşovun və Natavan Bədəlovanın səriştəsizlikləri və özbaşınalıqları səbəbindən Heydər Əliyev adına liseydə hazırda müəllimlərin məvacib problemi ilə üz-üzə qaldıqları da qeyd olunur. Növbəti satlarımızdan birində bu məsələdən də ətraflı bəhs edəcəyik. Geri dön |