Ana Sayfa > Üçüncü sektor > İradə Musayevadan İlqar Fəhmiyə: “Biz Qərbə məhkumuq”
İradə Musayevadan İlqar Fəhmiyə: “Biz Qərbə məhkumuq”3-06-2016, 09:35. Yazar: admin |
Vertikal.az İradə Musayevanın “İlqar Fəhminin özü ilə söhbəti...” məqaləsini təqdim edir. Hamımız yazırıq və sanki hamımız ədəbi-estetik, ruhi-mənəvi, sosial-siyasi və s. bu kimi kateqoriyalardakı tənəzzül məqamımızın səbəblərini araşdırır, dərdini çəkirik. Çox zaman isə məlum fikirlərin silsiləvi təkrarı və gərəksiz inkarçılıq müəlliflərin özünü labrintə salır. Nəticədə iddiaçı yazar öz-özünə danışırmış kimi görünür, çünki oxucu onu yarı yolda (yarıyazıda) çoxdan tərk etmişdi… İlqar Fəhminin “Ədəbiyyat qəzeti”ndə çap olunan “Qapalı dairə və ya, bitmək istəməyən XX” silsilə yazısında ədəbi-estetik, fəlsəfi və mənəvi-psixoloji, hətta tarixlə bağlı yaddaşımızın ənənəvi problemləri, eyni zamanda da aktual olan, yəni bu günün cavabsız sualı kimi təhlil istəyən məsələlər var. Məsələn, “azadlıq və “mən”, “qorxulu azadlıq”, “ideyalar və əməllər”, “dəmir buxov”, “məfhumlar və dillər”, “təfəkkür partlayışı”, “mənəviyyat və etika”, “təşəkkül analogiyaları”, “tənəzzül analogiyaları”, “mif”, “anti-mif” .... Hiss olunur ki, bu sualların cavabını tapmaq istəyi ona bir ədəbiyyat adamı kimi rahatlıq vermir. Bu yaxşıdır, çünki sözün müsbət mənasında reaksiya doğuran yazıdır. Bəzən, həqiqətən də, onillərin, bəlkə də bir əsrin təkrarlanan problemi adamı bezdirir. Dördüncü yazıda: “qoy problemlərimiz də yeni və müasir olsun” - deyir və yazı boyu çox müxtəlif kateqoriyalı (fəlsəfə, tarix, incəsənət, siyasət və s.) məsələləri “müasir problem” kimi göstərməyə cəhd edir. Lakin ideoloji sualların əksəriyyəti Qərbə münasibətlə bağlıdır. Hətta bu sualların çoxunda müəllif bu günün yox, tarixinin uzaq dərinliklərindəki intibahı ilə öyünən tarixçi-palitoloq kimi görünür. Çox hallarda isə günahkar QƏRB olur. Avropa yanaşmasının bizim klassik düşüncəmizdə müxtəlif formaları var. Məsələn, “Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istyərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın...” (Ə.Hüseynzadə) Müasir dünyaya Qərb diktəsi, bizim münasibətimizdən asılı olmayaraq öz işini görür. Bütün sahələrdə coşqunluqla hökmü, sürəti ələ alan qərbin qarşısında susqunluğu və təslimçiliyi ilə ətalət halında olan Şərq suçlaması yersizdir. Bu sürətə qoşulmaq yox, sürətlə gedənin arxasınca daş atmağa bənzəyir. İ.Fəhminin münasibəti isə, belə demək mümkünsə, daha “müasir” və aqressivdir. Doğrudur, onun da dediyi kimi “Qərb sivilizasiyası bu saat bütün dünyaya hakim kimi görünür. Siyasi-iqtisadi rıçaqların çoxu onların əlindədir”, lakin İ.Fəhmi həm də deyir ki, dünya mədəniyyətində, ədəbiyyatında zövqləri onlar təyin edir, mənəvi prosesləri onlar tənzimləyir. (7-ci yazı) Ədəbiyyat ruh məsələsidir, siyasətdən, iqtisadiyyatdan fərqli olaraq... Ədəbi-estetik düşüncə və hisslər zövq və ruhla qəbul edilir, tənzimlənirsə burda necə zor işlətmək, diktə etmək olar? Xüsusilə də o ədəbiyyatı yaradan qərbli müəlliflərin əksəriyyəti şərqli, bəlkə də 99 faizi isə heç azərbaycanlı oxucunun psixologiyasını, zövq və intellektini bilmir. Təbii ki, burda sırf subyektiv yanaşma var məsələyə... “Əslində bu gün Qərb sivilizasiyası bütün əzəmətinə görə məhz bizə borcludur - bizə və bizim içimizdə, şüurlarımıza mismarlanmış “Böyük qərb mədəniyyəti” mifinə, “İnkişaf etmiş qərb sivilizasiyası” ideyasına... Miflər saf, təmiz, ideal insan sevgilərindən qidalanır. Qərbin özündə bu cür sevgi qalmayıb, çünki saf sevgi ideyalarını post- modernizm ideologiyası çoxdan məhv edib. Ona görə də bu saat onların mifləri bizim sevgilərimizlə qidalanır, bizim sevgilərimizin hesabına yaşayır, bizim beyin enerjimizi sovurur”. (7-ci yazı) Bu yanaşmada və müqayisədə isə qərbli yaradan, yaradıcı, şərqli, konkret desək, məsələn, azərbaycanlı isə aludə, məftun olan və sadəcə sevəndir, sevgisi ilə yaradıcını ilhamlandırandır. Əslində isə qəlbdə, könüldə yaranan bu sevginin “bizim beyin enerjimizlə” əlaqəsi yoxdur. İ.Fəhmi hətta çıxış yolunu da göstərir: ”... həmin məşum “mif”i dağıtmaq lazımdır – “Ən ali dərəcəli, ən yüksək səviyyəli “Qərb mədəniyyəti” mifini… Bəs niyə iqtisadiyyat, maliyyə, hərbi sahə yox, məhz mədəniyyəti önə çəkirik? Qəribə də səslənsə, əslində dünyanı miflər və ideyalar idarə edir. ...Ümumi əsarətdən çıxmağın başlanğıcı məhz mədəniyyətin əsarətindən çıxmaqdır. Qərb bütün dünyanı silah gücünə tabe eləməyib. Əksinə, az qala silah gücünə öz mədəniyyətini yayıb” (7-ci yazı). Doğrusu, adam razılaşmaq üçün əsas tapmır. Mədəniyyətin əsarəti... Adam əgər öz yaşantılarının ekvivalentini, bədii təzahürünü dünyanın o başındakı bir rəssamın, bəstəkarın, yazıçının əsərində tapırsa, onu necə “silah gücünə yayılan” mədəniyyət nümunəsi hesab etmək olar? “Son iki yüz il ərzində Qərb sivilizasiyası bütün dünyanı öz miflərinin əsarəti altına almağa çalışırdı. Çünki bilirdi ki, ictimai-siyasi, sosial problemlər bu sivilizasiyanı daxildən sarsıdan zaman onların dünya hakimiyyətini məhz bu miflər hifz edəcək… Məgər indi eyni halı müşahidə etmirikmi? (7-ci yazı). Müəllif doğrudanmı o fikirdədir ki, qərbin intibahı və ya tənəzzülü məhz şərq adamı kimi bizim laqeydliyimiz və ya məftunluğumuzdan asılıdır. Axı bu təcrübə-laqeydlik, hətta qərbə ittiham və nifrət (!) sovet zamanında -ən azı 70 il sınaqdan keçirildi. Amma məsələn, yazarların bir qismi, əli dünyaya çatanlar gizlincə o ədəbiyyat nümunələrini oxuyurdu. İntibahın və mədəniyyətin, ümumiyyətlə, bəşəriyyətin sivilizasiya tarixi haqqında necə tərəf tutmaq, “qərb, yoxsa, şərq?” dilemması ilə ayrıseçkilik yaratmaq olar? Tənəzzül və deqradasiyaların səbəbini qərbdə axtaranda sovet qapalılığı zamanındakı “qərb nifrəti aşılamaq” təbliğatını unutmaq olmaz. Siyasətə baxmayın, axı mədəniyyət, ədəbiyyat şərq, qərb tanımır. Siyasətçilər və hərbçilər mövqeyini, ölkəsini dəyişəndə satqın, xəyanətkar olur. Yazıçı haqq söz uğrunda bunu edəndə isə qəhrəman... Məsələn, Soljenitsın və başqaları kimi... Biz qərb sivilizasiyasına belə demək mümkünsə, nə qədər acıq etsək də, o öz yolu ilə getməkdədir. Öz keçmiş inkişafımız isə bizə hər şeyi vermək gücündə deyil. Məsələn, rus ziyalısı və rejissoru N.Mixalkov mühazirələrinin birində tələbəsinə belə bir tövsiyə edir. O deyir ki, dünya ədəbiyyatını, mədəniyyətini öyrənin, oxuyun, durmadan oxuyun. Amma bu böyük çalışqanlığa gücünüz çatmasa, eybi yoxdur, təkcə rus ədəbiyyatını oxuyun, ona da imkan olmasa, Çexovu, Tolstoyu, lap elə təkcə Puşkini oxuyun. Orda hər şey var... Bu yanaşma bizdə özünü doğrultmur. Bizim yaxın tariximizdə Puşkin və Tolstoy yoxdur. Nizami Gəncəvi isə uzaqdadır. Doğrudur, M.F.Axundov, C.Məmmədquluzadə, H.Cavid ünvanı var bizim də tələbə oxucularımız üçün. Lakin Mixalkovdan fərqli olaraq İ.Fəhmi dünyanı tanımaq, qərbə, onun mədəniyyətinə bələdlik istəyi aşılamır, əksinə, “böyük qurtuluş” yolunu “boğazımızdakı ilanlara iynə batırmaq”da görür: “İyirminci əsri demək olar ki, bütün dünya “Qərb mədəniyyəti” mifinin əsarətində yaşadı. Əsr hələ bitməyib, daha doğrusu, bitmək istəmir, çünki bu mif ortadan çəkilmək fikrində deyil… Məqsədi isə özüylə bərabər bütün dünyanı uçurumun dibinə aparmaqdır. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” məsəli məncə, bu saat çox yerinə düşür. Və biz o cəhənnəmə getmək istəmiriksə, ilk olaraq bu mifin və onun yaratdığı ideyaların əsarətindən çıxmalı - boğazımıza dolaşıb öz quyruğunu yeməkdə olan bu gözəgörünməz, mistik ilanları kəsib kənara atmalıyıq… Yazının bundan sonrakı hissəsi isə dediyimiz təhlükəli miflərdən qurtulmağa yönələn cəhdləri özündə əks etdirəcək. Bəlkə də uğursuz cəhd olacaq. Lakin boğazımızdakı ilanlara təslim olmaqdansa, son nəfəsdə heç olmasa onlara bir iynə batıra bilsək, bunun özünü də “böyük qurtuluş”a doğru atılan bir addım kimi dəyərləndirmək olar…” (7-ci yazı) Amma silsilə boyu məlum olur ki, müəllif də çox zaman labirintə düşür. Bəlkə də problemi sadələşdirib açmaq əvəzinə bir az da mürəkkəbləşdirir, ona görə həmin anlayışlar absurdlaşır, müəmmalaşır və çox hallarda cavabsızlaşır... Roma haqqında uzun-uzadı mülahizələr, 1700 il əvvəlki vəziyyətlə indi arasında paralellər aparmaq… Düşüncəsindəki, onun öz ifadəsi ilə desək, “nizamsızlıq” bəzən oxucunu darıxdırır, çaşdırır. Yazır: ”Bütün bu qarışıq fikirlərin özü də məhz bitmək istəməyən iyirminci əsrin nəticəsidir. Çünki mən də həmin əsrin yetirməsiyəm. Və içimdəki nizamsızlıq da haqqında danışdığım şüalanmanın nəticəsidir… Ona görə də yazıdakı bu xaosa görə oxuculardan üzr istəyirəm və xahiş edirəm ki, birlikdə bütün bu fikirləri nizama salmağa çalışaq ki, yazının ardını davam etmək mümkün olsun…” Axı bu bədii mətn deyil ki, problemi oxucu təxəyyülünün ümidinə buraxır, kütlə yozumunda, mətndən “öz istədiyi mənanı çıxaran” insanların izahında, qənaətində müəllifin mülahizə və ideyaları tərsinə də yozula bilir. “Bəli, “bərabərlik”, “azadlıq”, “proqres”, “inkişaf” və sair kimi ideyalar da, daimi deyil, çünki bu, dialektika qanunlarına ziddir. (3-cü yazı) Düzdür, həmişə “bərabər”, “azad” olmaq olmur, amma “İnkişaf” deyilən bir hərəkətdə, fəaliyyətdə “daimilik” mahiyyətini inkar edir. Məncə “inkişaf” yalnız ilkin assosiasiyasında olduğu kimi iri addımlı bir irəliləyiş demək deyil həmişə, İ.Fəhminin təsəvvüründəki kimi donuq və təkrarlardan ibarət bir proses, bəlkə də prosesləşməyən qapalı dairə də deyil... “Rusların məşhur ifadəsi var - belka v kolese… Dələni sadə qəfəsdə saxlamaq olmur, ona görə onun üçün məxsusi olaraq dairəvi formalı və yerində fırlanan bir qəfəs forması fikirləşiblər… Dələ orada daim aktivdir hərəkətdədi, dayanmadan qaçır. Lakin həqiqətdə qəfəs yerindən tərpənmir…” (6-cı yazı) Aydındır ki, bu “yumru” dünyada düzxətli inkişaf üçün çıxıntı yoxdur, hər şey bu və ya digər şəkildə təkrarlanır, amma dəyişərək və zamanının tələbinə uyğun olaraq. İ.Fəhminin “donmuş inkişaf” anlamındakı şərhi bir az başqa cür anlaşılır. Məsələn, belə çıxır ki, bu günün müəllifi bu günün problemindən elə M.P.Vaqif və ya Q.Zakir kimi (həcvlərlə, müxəmməslərlə, klassik ifadə tərzində) yazmaqda davam edə bilər. Zaman isə janr seçimini də özü edir. Məsələn, bu gün qəzəl yazanlar zamanın sözünü deyə bilmir, sanki bu janrı saxlamaq xatirinə yazırlar. Halbuki, bu günün ictimai-siyasi, sosial-mədəni və mənəvi-psixoloji durumundan elə bu günün ədəbi-estetik zövqü və sosial-siyasi düşüncəsi aspektində danışmaq lazımdır. Bu zövq hətta qərb yazarının üslubuna və metoduna bənzəsə belə... Çünki bizim həyatımızın qərbləşən siması məhz belə tələb edir. Məsələn, ola bilər ki, elə postmodern ifadə tərzində, ya da başqa bir modern estetika çərçivəsində... İ.Fəhmi yazının bir çox məqamlarında nihillistləri, aqressiya ilə yozum verən və inkarçı olanları tənqid edir. Lakin çox hallarda iddiaçının özünü də həmin durumda görürük. Məsələn, silsilənin 5-ci hissəsində ədəbi cərəyanları “intibah mutasiyasının metastaz verən fəsadı” kimi qələmə verir. “İzm”lərdən danışdıq... Bəli, dediklərimizdən belə çıxır ki, bu saat bütün bəşər mədəniyyətini, fəlsəfi təfəkkürün (elə bizim özümüzü də) hörümçək toru kimi əhatəsinə almış realizm, romantizm, modernizm, postmodernizm və sairlər İntibah mutasiyasının bəşər orqanizmində verdiyi metastazlardan başqa bir şey deyil. Və bu metastazların ən böyüyü və ən qorxulusu qəribə də görünsə, məhz realizmdir ki, öz ziyanlı təsirini İntibahın ilk illərindən başlayaraq bugünkü günümüzə qədər göstərməkdədir” Realizm ilə postmodernizm arasında böyük fərqlər var. O isə hər iki qütbü, yəni, “anti” lərin hər ikisini tənqid edir. Bu inkarçılığın hansı çeşididir? Postmodernizm haqqında isə deyir: “Bəli, iyirmi birinci əsrin - yeni minilliyin yeni təfəkkür tərzinin rüşeymləri iyirminci əsrin sonlarında atılmalı idi. Amma postmodernizm bu rüşeymlərin düşdüyü torpağı zəhərlədi. O vaxt dünya bunun fərqində deyildi. Yalnız indi görürük ki, torpaqda heç nə bitmir… Məhz buna görə də yeni minillik təfəkkür baxımından hələ ortaya yeni heç nə qoya bilməyib… Postmodernizmlə şüalanmış bəşər düşüncəsi bu saat Çernobıl ətrafındakı yüksək radiasiyalı ölü düzənlikləri xatırladır… və Avropada, yaxud oradan kənarda yaşamasından asılı olmayaraq, hamımız bu şüalanmanın təsirinə məruz qalmışıq… Fərq isə sadəcə radiasiyanın miqdarındadı…” Burda obrazlı təsvir və bənzətmə var postmodernizmlə bağlı. Halbuki bu bir elmi-nəzəri konsepsiya, “izm” və cərəyandır. Elmi açıqlamaya ehtiyac var... amma başqa bir məqamda fikrini məhz postmodern nəzəriyyə məntiqi ilə sübut etməyə cəhd edir: “Əlbəttə, postmodernizmin “dünya mətndir” tezisi də əbəs yerə yaranmayıb. Həqiqətən də dünya bir kitabdır, əfsus ki, hamı onu eyni cür oxumur...” və s. “Bir çox nifrət, aqressiya dolu yazılara diqqət yetirəndə, bütün bu komplekslər az qala sətirlərin arasından sızır, cümlələrin kontekstindən süzülür… Bizdə hər şey pisdi, bizdə bir dənə də işıq yoxdu, bizdə hər şey qaranlıqdı…” (4-cü yazı). Müəllif isə bu yazının özündə həmin istehzalı aqressiyanı hiss edirmi, yəni bunun fərqindədirmi? Hətta elə qərbi tənqid etdiyi intonasiya ilə də bəzi qadınların inciyə biləcəyi bir müqayisə aparır: “Nədənsə evdə qalıb qarımış qızların, yaxud ailə həyatı uğursuz olmuş qadınların həyata münasibəti canlanır göz önündə - hər şey pisdir, qaranlıqdır, işıq ucu yoxdur…” (4-cü yazı), halbuki özü deyir ki, əqrəb başqa heyvanı zəhərləməsə, zəhəri öz içinə yayılıb özünü öldürər… “...köhnəni müdafiə edənlərin təfəkkürü çərçivədədir, klişelər içindədir, yenini təbliğ edənlər isə bu qəlibləri, çərçivələri, klişeləri sındırmağa çalışır, deməli, azadlıq arzusundadırlar. Əsl insanın mahiyyəti isə yalnız bu azadlığa doğru cəsur hərəkətdə özünü göstərir. Məhz bu azadlıq yollarında insanın qarşısını kəsən hər bir maneə dağıdılmalıdır. Təbii ki, ilk olaraq dağılmağa məhkum olan “ali ilahi varlıq” ideyasıdır. Çünki insanların həmin mütləq azadlığa doğru inkişaf etməsinin, yenilənməsinin qarşısını kəsən maneədir…” (3-cü yazı) “Ali ilahi varlıq” dedikdə yəqin ki, Allahı nəzərdə tutur. Belə çıxır ki, Allahın mövcudluğu və tək hökm sahibi olmaq mütləqliyi insanın azadlığa doğru hərəkət etməsinə maneədir (!-İ.M) Bütün dini kitabların tarixi və ilahi məntiqi isə İnsanın azad yaradılmasını təsdiqləyir. Yəni insan azadlığını öz iradəsilə sonradan itirir. Bəlkə bu “könüllü” imtinanın bədəlini ödəməkdir, azadlığın yolundakı Sizif məşəqqəti? “Yəni təkallahlılıq o vaxt üçün inkişafın, proqresin təzahürü idi. Lakin yüzilliklər sonra inkişafın qarşısını alan buxova çevrildi”. Maraqlıdır, təkallahlılıq hansı inkişafın qarşısını aldı, axı İ.Fəhmi “inkişaf” anlayışını yazının müxtəlif hissələrində müxtəlif cür izah edir... Məsələn, “bumeranq”(atan adamın üstünə qayıdan, özünə dönən bir alət) ifadəsindən tez-tez istifadə edir. Belə çıxır ki, yenə hər şey geri dönür və təkrarlanır, dairələşir, labrintləşir. Axı bumeranqın bir növü də var ki, orda qaliblik və uğur, irəliyə addım var: üz-üzə döyüşlərdə silah olaraq geri dönməyən bumeranqlar... Yəni, geri dönən, “dairə inkişafı” yox, irəli addım inkişafı... “Bəs niyə bizdə, ən müasir düşüncəli qələm sahiblərimiz, əsasən də gənclər özlərindən onilliklər əvvəl yaşamış avropalı, amerikalı yazarların əsərlərinə valeh olur, onları bütləşdirir? Əgər Qərbdə hər şey ən ali səviyyədədirsə, onda heç olmasa onların indiki böyük dahiləri barəsində yazaq, oxuyaq… Axı əvvəlki vaxtlar deyil ki, arada informasiya problemi olsun... Tutalım ötən əsrin doxsanıncı illərində biz əlli il əvvəlki Avropa modernizmi ilə çox gec tanış olmağımızı onunla əsaslandırırdıq ki, sovet dönəmində bu əsərlər bizə gəlib çatmırdı... Bəs indi? İndi ki, elə bir problem yoxdur? Bəs niyə öz müasirliyini əldə bayraq edən elitar qələm adamlarımız Avropanın, Amerikanın məhz indiki, müasir yazarları və filosofları barədə demək olar ki heç nə bilmir?” Axı biz təkcə ədəbiyyat məsələsində deyil, elə ictimai-siyasi sosial durum baxımından da dünya ilə eyni gecikmə fərqini yaşamaqdayıq. Əvvəla bu günün dünya yazarları da oxunur, az-az da olsa tərcümə olunur və s... amma bizim üçün tam Folkner, Нemenquey zamanıdır. Ümumiyyətlə, bəşəri dəyərlərin ədəbiyyatı zamansızdır və İ.Fəhminin də dediyi kimi “yeni”dir, heç də arxivləşəcək “köhnə” deyil. Bizim ədəbi-estetik düşüncəmiz məsələn, Kamyu və Ekzüperi, Corc Oruell mərhələsini keçməlidir, onu mənimsəyəndən sonra (və ya onunla paralel) qanunauyğun davamı –XXI əsrin ədəbiyyatını sıraya gətirməlidir. Bizi dünya zamanından ən azı 70 il ayırır. Bu 70 ili boşluq kimi ötürməməliyik, əksinə həmin 70 illik xəbərsizliyi, dünya ədəbi-estetik və fəlsəfi düşüncəsindən təcrid olunmanı bərpa etmək və mənimsəmək lazımdır. Əgər klassik gecikməni (fars dilli və şərq üslublu, şərq ənənəli ədəbiyyat çeşidinin də əsrlərlə “öz oxu ətrafında fırlanmasını”) nəzərə almasaq, elə Axundovdan sonrakı və sovet dövrünə qədərki ədəbiyyat mərhələsinin bitdiyi nöqtənin davamını düşünək. Bu artıq olur 1 əsrlik gecikmə... Bizi dünya ədəbiyyatından 1 əsr zaman fərqi ayırır. 1920-ci ildən işğal olunan ədəbi-intellektual və sosial-psixoloji düşüncə azadlığını 2015-ci ildə bərpa etmək istəyiriksə, “qanunauyğun geriyə qayıtma” prosesinin zəruriliyini nəzərə almalıyıq. İ.Fəhminin mülahizələrinizdə bəzən özünüinkar nüansları da diqqəti cəlb edir. Məsələn, əvvəlcə Azərbaycan oxucusunu dünya zamanının ritmini tutmamaqda qınayır, onun hələ də XX əsrin 60-cı illərinin oxucusu olduğunu vurğulayır, sonrakı hissələrdə isə bu fikri təkzib edir müxtəlif misallarla... “...Nobel komitəsi hələ indiyəcən iyirminci əsr yazarlarına mükafatlar verməklə məşğuldur və hələ də o dövrün yazarları daha çox təbliğ olunur... İyirmi birinci əsrdən tanıdıqlarımız isə daha çox kütləvi ədəbiyyatın nümayəndələridir ki, hətta əsərləri yayılsa da, onlara çox ciddi yanaşmırıq, müvəqqəti meyillər hesab edirik. Bu əsərlər iyirminci əsr dünya ədəbiyyatındakı vulkan püskürməsinə heç yaxın gəlmir...” Deməli, hələ Nobel komitəsi özü də XX əsr yazarları ilə məşğuldursa Azərbaycanlı oxucusu elə bu Nobel komitəsi ilə paralel gedirsə bu da bir uğur, inkişaf, irəliləyişdir... Və yenə özünə cavab: “...nə fəlsəfədə, nə ədəbiyyatda, nə də mədəniyyətin başqa sahələrində iyirminci əsr hələ bitməyib. Hələ də “müasirlik” deyəndə iyirminci əsrin düşüncə tərzindən gələn istiqamətlər nəzərdə tutulur... Həm bizdə, həm… elə orada….. Bəlkə maariflənmək sadəcə illüzor inkişafdır? Nə qədər kitab oxusa da, nə qədər dünyəvi elmlərə sahib olsa da, insan kütləsi elə həmişə kütləliyində qalır və sürü qanunlarıyla yaşayır? Təfəkkürünün imkanları məhdud, düşüncəsinin həcmi dar, idrak sürəti kiçik olan kütlə…” (3-cü yazı) Absurd bir mülahizə! Bu 3 cümlənin semantik məntiqi 3 dəfə pozulur, yəni 3 dəfə özü-özünü inkar edir. “maariflənmiş”, “dünyəvi elmlərə sahib olmuş” insan necə ola bilər ki, yenə “sürü qanunları ilə yaşayan kütlənin tərkibində qalsın və ya belə bir təbəqə kütlə “statusundan” çıxmasın? “Hamımız bu hissin əsiriyik... Və bu halı təbii qəbul edirik. Çünki bizə elə gəlir ki, böyük yaradıcılıq üçün böyük stimullar, böyük iddialar lazımdı... Bu böyük iddia əslində içi boş illüziyadırsa, onda necə? Məgər indi dünyanı başına götürmüş mənəvi krizislərin səbəbi bu cür illüzor iddialar və onların təmin olunmasına yönələn səylər deyilmi?” (3-cü yazı) “Təfəkkür partlayışı”nı fəsad törədən bir proses kimi şərh edir. Halbuki təfəkkürdəki partlayış düşüncənin inqilabi halıdır, yenilənmə və daha geniş təsirlilikdir. Bəli, böyük yaradıcılıq üçün elə məhz böyük ideyalar və böyük stimullar lazımdır, bu bizə elə gəlmir, elə belədir. Hətta böyük, tarixi, epoxal hadisələr də bu yaradıcılıq ideyası və stimuluna daxildir. Məsələn, müharibələr, inqilablar, sivilizasiyalar və s. Tarixdə Napoleon müharibəsi olmasaydı, ədəbiyyatda “Hərb və sülh” kimi “təfəkkür partlayışı” olmazdı. Və yenə ziddiyyətli bir cümlə: “Bu böyük iddia əslində içi boş illüziyadırsa, onda necə?” Böyük iddia heç vaxt illüziyaya əsaslanmaz. Ümumiyyətlə, “içi boş illüziya” anlayışı düzgün ifadə deyil. İllüziya özü bir boşluq, ilğımdır, ona “içi boş” təyinini artırmaq mənasızlığa gətirib çıxarır. “Axı niyə vaxtıyla Robespyerlərin, Maratların ideyaları dünyanı silkələyən partlayışlar yarada bilirdi, cəmiyyətin altını üstünə çevirirdi, amma bizdə alınmır. Axı bizim nəyimiz onlardan əskikdir? Bu uğursuzluqların günahlarını isə əlbəttə ki, heç kim özündə, yaxud tutduğu yolda görmür. Yenə də günah millətin boynuna yıxılır - bu millət o qədər geridə qalmış, cahil, avamdır ki, ən güclü qığılcımlar da, «təfəkkür partlayışları»na gətirib çıxartmır... Əlbəttə ki, yenə Qərb modelini önə çəkə bilərik. Çünki «müasir dünya təfəkkürü» o modeldən başqa ortaya bir şey qoymayıb… Həm ailədə, həm qadın-kişi münasibətlərində, həm ictimai əlaqələrdə yalnız və yalnız Qərb…” (4-cü yazı) Qərb suçlanır, amma bu gün elə təkcə ədəbi-estetik və ya sırf ədəbiyyat sahəsində doğrudan da örnək ola biləcək qütb daha çox qərbdir. Ən azından, İ.Fəhminin də dediyi “ailə, kişi qadın münasibətləri və ictimai əlaqələrdəki” deformasiya və deqradasiyaları sənətkarcasına və mütəfəkkircəsinə ifadə edə bilir... Doğrudur, ədəbiyyat yalnız mənəviyyat məsələsi, bədii-estetik kateqoriya olmayıb, həm də ideoloji məsələdir. İnqilablar, çevrilişlər və intibahi proseslərə təsir bir çox hallarda cəmiyyətə ədəbiyyatdan-mədəniyyətdən yönəlib. Bizdə isə bütün mənəvi dağıntıların üstündə masa qoyub təxəyyüllə macara yaradanlar ordusu formalaşmaqdadır. Bu məqamda qərb daha yaxşı örnək deyilmi? “Birinci, dərin məzmunlu mətnlər dildən-dilə çevrilərkən transformasiyaya uğrayır və qeyri-ixtiyari cəmiyyət üçün təhlükə mənbəyinə çevrilir. İkincisi, ümumiyyətlə, dərin məzmunlu mətnlər geniş təbəqələr üçün əlçatan olma malıdır. Çünki yenə də, eyni təhlükə mənbəyinə çevrilmə ehtimalı var... Təkrar edirəm ki, bəşər tarixində bir çox faciələrin, kataklizmlərin və başqa mənəvi qəzaların səbəbi eyni mətnlərin (ələlxüsus da dini və fəlsəfi mətnlərin) müxtəlif cür şərh olunmasından yaranıb. “...dərin məzmunlu mətnlər geniş təbəqələr üçün əlçatan olmamalıdır”. (4-cü yazı) - tezisini dəstəkləyir və ya öz subyektiv ideyası kimi irəli sürür. Bu nə dərəcədə xeyirlidir? Cəmiyyət (İ.Fəhmi buna “geniş təbəqə” deyir) ona Allah tərəfindən göndərilən dini və ya mütəfəkkirlərin onlar üçün yazdığı məsələn, fəlsəfi kitabın məzmunundan xəbərsiz olmalı, ya da, ümumiyyətlə, “dərin məzmunlu mətn sənlik deyil!”- itələməsi ilə bütün maarifləndirici, düşündürücü vasitələrdən üz çevirib, küsüb getməlidirmi? Onda mənəvi, zehni və intellektual uçurum yaranmazmı insanlar arasında, axı müəllif bu insanları artıq dünyagörüş baxımından da təbəqələşdirir, özü də belə demək mümkünsə, qəddarcasına. Bir gün əlindən kitab aldığımız bir insan əlində kitab özü-özünə oxumaqdan havalanmış o biri insanı heyvani instiktlə parçalasa təəccüblənməməliyik. Axı ona icazə vermədik dostunun, həmcinsinin ya da Allahının kitabındakı ağıllı, müdrik və ibrətli mətləblərdən hali olsun... Çünki müəllif yazır ki, bu geniş təbəqə - yəni xalq dərin məzmunlu məsələləri bilməsə yaxşıdır, sonra təhlükə olar. Yanlış yozumlar cəmiyyətdə partlayış yaradar və s. “(Misalçün, müasir Avropa tarixçilərindən biri qeyd edirdi ki, Orta əsrlərdə baş verən qanlı savaşların yarısından çoxunun səbəbi Bibliyanı müxtəlif cür anlamaq problemi olub...)” sonra da misal çəkir ki, dünya bir kitabdır, hamı onu eyni cür oxumur. Bütün kitablar eyni cür dərk edilmir. Halbuki dini kitabların təbliği və yayımı, oxudulması, öyrədilməsi işinə qadağalar isə intibaha, əmin-amanlığa yox, susqun kütlə üzərində mütləqi-hakim olmaq ideyasına xidmət edən dinsizlikdən başqa bir şey deyil... 6-cı yazıda “Bir qalanın sirri” filminin ideyasını “xalqa azadlıq da vermək olmaz. İştahası böyüyəcək və suyun mənbəyini dağıdacaqlar...” – tezisi ilə şərqdə həmin məntiqin izləri görünməkdədir... Bu məqamda Belinskinin Qoqola məşhur məktubundakı bir fikri yadıma düşdü: “…siz öz kitabınızda böyük və qəti bir həqiqət kimi iddia edirsiniz ki, savadlanmağın avam camaata nəinki faydası yoxdur, hətta çox zərəri vardır. Bunun üçün sizə nə desəm yaxşıdır. Əgər siz bu Bizans fikirlərinizi qələmə alarkən nə yazdığınızı özünüz də bilməmişsinizsə, Bizans allahınız sizə rəhm eləsin”... 5-ci yazıda maraqlı bənzətmə var: “Qaranlıq Orta əsrlər” - bu termin sonrakı Avropa filosoflarına məxsusdur. Sonradan onları təqlid edən Şərq tarixçiləri öz keçmişlərini də bu cür adlandırdılar. İlk baxışdan həqiqətən də insana elə gəlir ki, həmin dövrlərdə Günəş olmayıb. Hər yer qaranlıq olub, insanlar vəhşi kimi yaşayıb, hamı cahil nadan olub, kilsənin də işi-gücü inkvizisiyanın vasitəsilə şəhərlərdə tonqallar qalayıb adamları yandırmaq olub... (Əfsuslar olsun ki, indi biz də öz tarixi keçmişimizi məhz bu cür təsəvvür edirik - radikal dindarlıq, ruhanilərin insanlar üzərində hakimiyyəti, mənəvi qaranlıq, cəmiyyətdəki zülmət, nadanlıq, cəhalət və sair)”. Doğrudan da lap orta məktəb dərsliklərindən başlamış bu günün monoqrafiyalarına qədər zamanın “orta əsrlər”i adətən belə “Günəşsiz” təsvir edilir. Sufizm fəlsəfəsindən başqa nəyimiz var orta əsrlərdə, şərq intibahını başqa nə ilə səciyyələndirmək olar? “Avropa İntibah hadisəsi “bəşər təfəkkürünün təntənəsi”, “insani gözəlliklərin ali səviyyəyə qaldırılması”, “reallığın irreallıq üzərində qələbəsi”, “cəhalətdən qurtuluşa doğru atılan ilk addım”, “insan iradəsinin mövhumat zəncirlərini qırıb Azadlığa çıxması” (5-ci yazı) kimi səciyyələndirilir və deyir ki, Avropa təfəkkürü bütün dünyadan ”siz də bizim kimi olmalısınız !” eyniyyətini, yamsılamasını tələb edir. Bəs şərq intibahı nələr etdi, daha doğrusu nələr etmədi ki, süquta dirəndi... İ.Fəhmi bu sualın cavabını açmalı idi. Çünki silsilənin ana ideyası bu suala cavab tapmaqdan ibarət idi məncə... “Kütləviləşmə... Kütlələşmə... Beş yüz il ərzində bəşər təfəkkürünü öz ardıyca aparan ən böyük mif, nağıl - kütləvi yüksəliş illüziyaları... Kütlə heç vaxt inkişaf edə bilməz. Çoxluq heç vaxt ali düşüncəyə sahib ola bilməz. Və insanların bəsirət gözü kütləvi şəkildə açıla bilməz...” (5-ci yazı) Amma inkişaf etmiş, sivil və daha düşüncəli, dünyagörüşlü cəmiyyətlər var, məsələn, alman, ingilis, fransız cəmiyyətləri kimi... kütlədən cəmiyyətə keçməyin yolu bəlkə elə inkişafın özüdür... Yazının sonrakı fraqmentlərində də bu tendensiya davam edir. Yəni, İ.Fəhmi qərbə nifrət aşılaya-aşılaya özü də bilmədən qərb mütəfəkkirlərinin, filosof və yazarlarının fikirlərini, ideyalarını təbliğ edir, onların öz məntiqləri, öz fikir və konsepsiyaları ilə özlərinə hökm oxuyur. Bütün sitatlar qərblilərdəndir... Belə çıxır ki, müasir şərq çox hallarda nəinki oxuyub düşünmək, zövq almaq, hətta mübahisə etmək, polemika aparmaq üçün belə arqumentliliyini itirməkdədir... (ardı var) Geri dön |