Ana Sayfa > Üçüncü sektor > Məleykə Abbaszadə: "Test sistemi dəyişməyəcək, qalacaq"

Məleykə Abbaszadə: "Test sistemi dəyişməyəcək, qalacaq"


3-03-2016, 12:58. Yazar: admin
Məleykə Abbaszadə: "Test sistemi dəyişməyəcək, qalacaq"
Modern.az saytı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Trend-ə müsahibəsini təqdim edir:

- Son zamanlar test sistemi ilə bağlı tənqidi fikirlər səslənir. Sizcə, bu gün daha çox tənqid hədəfi olan qəbul imtahanları ilə bağlı hansısa islahatların aparılmasına ehtiyac var?

- Biz həmişə imtahanın mahiyyətini, məzmununu, formasını elmi müstəvidə müzakirə edirik. Həmin müzakirələrin keçirildiyi seminarlarda iştirak açıqdır. Bu seminarlarda müzakirə edilən məsələlər daha sonra bu sahədə müəyyən qərarverici funksiyaları olan qurumlar arasında hüquqi müstəvidə müzakirə edilir. Yalnız bu müzakirələrdən sonra həmin qərarlar Ədliyyə Nazirliyində (ƏN) hüquqi sənəd kimi qeydiyyatdan keçir və biz buna riayət etməyə başlayırıq. Məsələn, bu ilki qəbul qaydaları Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra ƏN-də qeydiyyatdan keçib.

Düzdür, dərsliklər dəyişdirilir, biz onların əsasında hansısa mövzuları ya qəbul proqramlarından çıxarırıq, ya oraya daxil edirik. Amma qəbul imtahanları ilə bağlı əsas istiqamətdə hansısa islahatların aparılmasına ehtiyac yoxdur. Düzdür, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsinə dair Fəaliyyət planında 12 - illik təhsil sisteminə keçid nəzərdə tutulub, lakin keçid mexanizmi hələlik hazırlanmayıb. Məktəblərdə şagirdlərə eyni metodika tədris olunur, onlara eyni proqram üzrə dərs keçirlər. Biz bunu dəyişdirə bilmərik. Hər bir dövlət qurumunun öz işi var, hər kəs də öz işini görür.

- Bəs, hansı dövr üçün qəbul imtahanı ilə bağlı ciddi islahatların aparılmasına ehtiyac olmayacaq?

- Ən azı, 3 il ərzində. 2008-ci ildə Nazirlər Kabineti tərəfindən yeni kurrikulum və qiymətləndirmə standartları təsdiqlənib. Artıq 8 ildir ki, orta məktəblərdə yeni kurrikulumla tədris aparılır. Biz özümüz hələ 2012-ci ildə məsələ qaldırmışdıq ki, həmin şagirdlər üçün qəbul imtahanı yalnız test əsasında aparılmalı deyil, onlar üçün ayrı növ imtahanlar da olmalıdır. Buna hazır olmaq üçün müvafiq işlər görülməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı ilə TQDK-ya monitorinq imtahanlarının keçirilməsi həvalə olundu və Komissiya 2013-cü ildən 5-11-ci siniflərdə monitorinq imtahanlarının keçirilməsinə başladı. Monitorinq imtahanlarında 2013-cü ildə 23052, 2014-cü ildə - 41675, 2015-ci ildə 42945 şagird iştirak edib.

- Başqa növ imtahanlar hansı formada ola bilər?

- Biz indi bunun necə ola biləcəyini müzakirə etməmişdən əvvəl gərək orta məktəblərdə şagirdlər üçün keçirilən monitorinq imtahanlarının elmi nəticələrini müzakirə edək. Başqa növ imtahanları da aparmaq üçün biz gərək bu uşaqların biliyini elmi nöqteyi-nəzərdən 5-6-7-ci siniflərdə yoxlayaraq müəyyənləşdirək ki, onlar proqramı nə qədər mənimsəyirlər və dövlət tərəfindən qəbul olunan həmin o qiymətləndirmə standartları necə işləyir? Tərəzi işləkdir, yoxsa yox? Çünki o təhsil standartlarını biz dəyişdirə bilmərik, onlar qəbul olunub, dövlət sənədidir. Onlara əsasən də dərsliklər yazılıb.

"Kütləvi imtahanlar indi necə təşkil olunursa – şəffaf, insan faktorundan azad, elə də təşkil olunacaq, buna zəmanət veririk"

- Artıq 3 ildir ki, monitorinq imtahanları keçirilir və müəyyən elmi nəticələr əldə edilib. Monitorinq imtahanlarının nəticələri gələcəkdə abituriyentlər üçün qəbul imtahanının hansı formada keçirilə bilməsinə imkan verir?

- Onlar üçün də mərkəzləşdirilmiş imtahanlar keçiriləcək. Təbii ki, gələcəkdə hər abituriyentə aid olan individual kitabça olacaq. Kitabçadakı sualların bir hissəsi testlər olacaq, abituriyentlər onların cavablarını “Cavab kartı”nda qeyd edə biləcəklər. Kitabcanın qalan hissəsində isə esse formasında olan tapşırıq, müxtəlif növ açıq suallar, bacarıq və kompetensiyaları ölçməyə imkan verən tapşırıqlar olacaq. Bunun insan faktoru olmadan yoxlanılması texnologiyasını artıq biz işləmişik və monitorinq imtahanı zamanı onu tətbiq edirik. İkinci bir məsələ yazı işlərini yoxlamaq üçün müəllimlərin-markerlərin hazırlanması ilə bağlıdır. Biz 2012-ci ildən bunu da edirik. Artıq ölkə üzrə təxminən 2000 müəllim buna hazırdır. TQDK-ya isə hər bir fəndən 3 min, cəmi isə minimum 10-15 min hazırlanmış müəllim lazımdır. Digər tərəfdən, markerlər bizdə hələ ki, iki fənn - “Ana dili” və “Riyaziyyat” üzrə hazırlanıb. Növbəti mərhələdə hansı fənn üzrə markerlərin hazırlanacağı 9-cu sinif üzrə buraxılış imtahanında 3-cü fənn kimi hansı fənnin təsdiq olunacağından asılı olacaq. Amma mənə elə gəlir ki, Təhsil Nazirliyi buraxılış imtahanlarının fənlərinin sayını çoxaltmağa elə də meyilli deyil. Buna görə də biz 9-cu siniflər üçün hələ iki fənn üzrə buraxılış imtahanı keçiririk. İstəyirəm ki, ictimaiyyət yadına salsın ki, şagirdlərin 8 fənn üzrə buraxılış imtahanı verdikləri vaxtlar da olub. Onun nə ilə nəticələndiyini yenidən təkrar demək istəmirəm. O imtahanlar (o imtahanları biz keçirmirdik) faktiki olaraq, bilik səviyyəsini müəyyənləşdirmirdi. 2012-ci ildən Prezident İlham Əliyevin fərmanına əsasən, buraxılış imtahanlarının keçirilməsi TQDK-ya tapşırıldı. Biz buraxılış imtahanlarını iki fəndən keçirməyə başladıq, mükəmməl də imtahan keçirildi, bu gün də keçirilir. Buraxılış imtahanlarının nəticələrinin qəbul imtahanlarının nəticələri ilə yüksək korrelyasiyası mövcuddur. Lakin onların çətinlik dərəcəsi fərqlidir. Buraxılış imtahanlarında yaxşı uşaqları seçmək istəyiriksə, onların çətinlik dərəcəsini bir az artırmalıyıq. Amma məktəblərimiz buna hələ hazır deyil. Mənə elə gəlir ki, bu, yalnız 3 ildən sonra – kurrikulumla təhsil alanlar 11-ci sinfi bitirdikdən sonra mümkün ola biləcək. Güman edirəm ki, o vaxtadək 12 - illik təhsil sisteminə keçidlə bağlı məsələlər də müəyyənləşəcək.

- Onda belə çıxır ki, gələcək üçün də test sisteminin ləğvi nəzərdə tutulmur?

- Mərkəzləşdirilmiş imtahanlar indi necə təşkil olunursa - şəffaf, insan faktorundan azad - elə də təşkil olunacaq, insan faktoru yoxlamanın nəticələrinə təsir göstərməyəcək. Biz buna zəmanət veririk. Azərbaycanda kütləvi test imtahanları şəffaf, əsl biliyi qiymətləndirən bir üsuldur. Hazırda bu sistemlə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişikliyin aparılması müzakirə mövzusu deyil. Bu sistem qalacaq. Tapşırıqların forması, məzmunu isə proqramlardan və dövlət tərəfindən qəbul olunan normativ sənədlərdən asılıdır. Biz hələ o sənədlərlə işləyirik ki, onlar indiki proqrama aiddir. 3 ildən sonra isə biz yeni standartlara uyğun yeni növ imtahanları aparmağa hazırıq. Mən ona da söz verirəm ki, yazı işlərinin, açıq testlərin olmasına baxmayaraq, o imtahanların nəticələrinə heç zaman insan faktoru təsir göstərməyəcək. Belə texnologiya da bizdə hazırdır, monitorinq imtahanlarında istifadə olunaraq sınaqdan keçirilib.

“Hər şeyi test imtahanının üstünə atmaq olmaz”

- Təhsil naziri Mikayıl Cabbarov hesab edir ki, qəbul imtahanlarının hazırkı forması əmək bazarı üçün müasir, uğurlu məzunun seçilməsinə imkan vermir...

- Birincisi, ali təhsilli gənclər əmək bazarına bakalavr səviyyəsini başa vurduqdan sonra buraxılırlar. Demək, əmək bazarına tələb olunan həmin xüsusiyyətləri universitetlərdə formalaşdırmaq mümkündür. İndi bu istiqamətdə çox miqyaslı işlər aparılır, SABAH proqramı icra edilir. Amma SABAH proqramı əsasında oxuyan tələbələr bütün tələbələrin az faizini təşkil edir. Nə üçün? Çünki hamını bu proqrama cəlb etmək kifayət qədər çox vəsait tələb edir. İkincisi, 9-cu sinfi bitirəndən sonra şagirdlərin 20%-i əmək bazarına heç bir qəbul imtahanı vermədən qoşulur. Onlar həmin əmək bazarının tələbinə uyğun deyillər, bu xüsusiyyətlər şagirdlərdə 9-cu sinfədək formalaşsaydı, onlar məktəbdən çıxmazdılar. 11-ci sinif üzrə buraxılış imtahanında 2-3 qiyməti alanlar da ali məktəbə sənəd vermirlər. 11-ci sinfi bitirən məzunların 23%-i ali məktəbə sənəd vermir, amma əmək bazarına qoşulur. Demək, hər il 1-ci sinfə gedənlərin ən azı - 43% heç qəbul imtahanlarına qədər gəlib çatmır. Onlar da əmək bazarını formalaşdırırlar. Onların kompetensiyalarını məktəb formalaşdırmalıdır. Bizim qəbul imtahanlarına gəlib çatanların 18%-i aşağı bal toplayaraq ali məktəbə qəbul olunmur, onlar da əmək bazarına qatılır. Hər il birinci sinfə gedənlərin yalnız 26%-i 11 ildən sonra ali məktəbə qəbul olunur. İndi deyin, hansı rəqəm daha çoxdur – 61% yoxsa 26%? (qalan 10% - peşə liseylərinə və kolleclərə qəbul olanlar, 3% - 9-cu sinfə gəlib çatmayanlar təşkil edir.) Cavab göz qabağındadır. Ona görə də burada hər şeyi test imtahanının üstünə atmaq olmaz. Əsas məsələ odur ki, orta məktəbin 9-ci sinfini bitirən və ya 11-ci sinfi bitirərək ali məktəbə sənəd verən insanlar müvafiq tələblərə uyğun olaraq, savadlı olsunlar, müasir informasiya texnologiyalarını mənimsəsinlər, indiki dövrün tələblərinə uyğun kompetensiyalara sahib olsunlar. Dövlətimiz bunun üçün hər bir şərait yaradıb, mühüm təhsil layihələri həyata keçirilir, müasir standartlara cavab verən məktəb binaları inşa olunur, məktəblərin İT texnologiyaları ilə təminatı üçün çox böyük vəsait xərclənir, yeni dərsliklər istifadəyə verilir, mütəmadi olaraq müəllimlərin treninqləri keçirilir və s.

- İradlardan biri də budur ki, test imtahanının çatışmazlığı məzunun taleyinin 3 saatda həll edilməsidir. Siz bunu çatışmazlıq hesab edirsiniz?

- Mən bu iradı yaxşı başa düşürəm. Kimsə bir gün xəstə ola bilər və onun həmin günki nəticəsi real nəticəsindən fərqli ola bilər. Yaxşı olardı ki, qəbul imtahanlarını ildə heç olmasa, 2-3 dəfə keçirmək imkanımız olsun və beləliklə, hər kəs öz vaxtını özü seçsin. Hazırda əvvəlki və bu ilki ilin məzunları üçün qəbul imtahanları ayrı-ayrı vaxtlarda keçirilir. Aydın məsələdir ki, bu ilki məzunlar ancaq proqramı tam keçdikdən sonra imtahanda iştirak edə bilərlər. Ancaq hər bir uşağa bir ildə 2-3 dəfə imtahanda iştirak etməyə və onun ən yaxşı nəticəsinin nəzərə alınmasına imkan vermək çoxlu maliyyə vəsaiti tələb edəcək. SAT imtahanları ildə 3-4 dəfə keçirilir, amma hər bir iştirakçı bir imtahanda iştirak etmək üçün 80-90 dollar ödəyir. Türkiyədə qəbul imtahanlarının ayrı-ayrı mərhələləri ödənişli olmaqla ümumilikdə təxminən 40-50 dollar təşkil edir. Bizim imtahanlarda iştirak üçün isə rüsum 2 manatdır. Bir abituriyentin imtahan verməsi dövlətə təxminən 20 manata başa gəlir. Buna görə də rüsumlar imtahanların xərcinin cüzi hissəsini təşkil edir. Abituriyentlər üçün il ərzində bir necə dəfə imtahan keçirmək üçün bizim xərclərimiz artmalıdır.

- Əgər abituriyentin sağlamlıq durumu ilə bağlı müəyyən istisna hallar nəzərə alınmazsa, 3 saat abituriyentin özünün bilik səviyyəsini göstərməsinə kifayət edirmi?

- 3 saat abituriyentin öz biliyini göstərməsi üçün tam normaldır. İmtahan 3 - 3,5 saatdan çox ola bilməz. Əsas odur ki, sualların sayı fənlər üzrə 25-30-dan az olmamalı, suallar proqramı əhatə etməlidir. Belə halda bizim abituriyentləri bir-birindən fərqləndirmək imkanımız olur. Test imtahanı uşaqların biliyini müəyyənləşdirmək, onları bilik səviyyəsinə görə sıralamaq üçün kifayət qədər standartlaşdırılmış, şəffaf imtahandır. Burada ayrı söhbət ola bilməz. Biz testdən fərqli- ayrı üsulla da imtahan keçiririk. Müəyyən sahələrdə yazı işləri tətbiq edirik, müəyyən sahələrdə - qabiliyyət imtahanlarında şifahi imtahanlar olur. Amma kütləvi şəkildə keçirilən imtahanlarda (ən kütləvi imtahanlar da buraxılış və qəbul imtahanlarıdır) daha dəqiq üsula o zaman keçmək lazım ola bilər ki, ilkin seçim, yəni testlə keçirilən imtahan zamanı iştirak edən 100 min abituriyentin 80 mini 400 baldan yuxarı nəticə göstərsin. İndi vəziyyət belə deyil. Ancaq əgər belə olarsa, onda həmin abituriyentlərin bilik səviyyəsi təqribən eyni olduğundan onlar arasında başqa - müxtəlif ixtisaslar üzrə lazım olan fərqli xüsusiyyətlərə əsasən ayrı bir imtahan da keçirməyə ehtiyac duyardıq. Ancaq keçən il dövlət ali məktəbləri üzrə plan yerlərinin 12%, özəl ali məktəblər üzrə plan yerlərinin 50%-i faizi vakant qalmışdı. Buna görə də 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyent həmin plan yerlərinə daxil ola bilərdi.

- Bu gün testin məzmununu yararlı hesab etməyən mütəxəssislər var. Təhsil naziri də bu fikirdədir ki, test imtahanlarında nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini özündə əks etdirən sualların olması daha yaxşı olardı. Sizcə, belə bir dəyişikliklərin edilməsinin vaxtı çatmayıb?

- Biz artıq 3 ildir ki, kurrikulum üzrə yeni qiymətləndirmə tapşırıqlarını nəşr edərək istifadəyə vermişik. Həmin tapşırıqlar məhz tənqidi təfəkkür, yazı vərdişləri, yaradıcı yanaşma bacarıqlarını yoxlayırlar. Əgər bununla tanış olsalar, görərlər ki, şagirdlərə monitorinq imtahanlarında testlə yanaşı, açıq suallar, yazı işləri, mətn üzrə işlər, təfəkkürü formalaşdıran tapşırıqlar da verilir. Amma bu tapşırıqları monitorinq imtahanlarında istifadə etdiyimiz zaman əldə olunan statistikaya baxın. Biz gərək əvvəlcə bunu elmi müstəvidə müzakirə edək. Artıq bizim tərəfimizdən bu işlər aparılır. 2014-cü ilə dair nəticələr ictimaiyyətə təqdim olunub və saytımızda (http://tqdk.gov.az/activities/monitorinq-exam/) yerləşdirilib. Bu material daha geniş şəkildə Təhsil Nazirliyinə təqdim edilib. 2015-ci ilə aid olan materiallr da bu yaxınlarda ictimaiyyətin diqqətinə çatdırılacaq. Biz yeniliklər edirik, ancaq bunu görmək istəmirlər, bizə məsləhət görürlər ki, bunu dəyişmək lazımdır. Bir misal gətirim: Biz 2005-ci ildə ilk dəfə magistraturaya qəbul imtahanını tamamilə yeni formada keçirəndə - bakalavrların məntiqi təfəkkürünü yoxlayanda bizə çox saylı iradlar tutuldu ki, bu, lazım deyil. İndi isə müəyyən olunub ki, nəinki magistr olmaq istəyən bakalavrların, hətta bakalavr olmaq istəyən abituriyentlərin də məntiqi təfəkkürünü yoxlamaq lazımdır. Bu fikirlər indi səslənilir. Bunu tətbiq etmək üçün şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək lazımdır. Kurrikulum islahatı da elə buna yönəlmişdi. Ancaq bu, nə dərəcədə özünü təsdiq edə bilib? Mən təklif edərdim ki, mütəxəssislər 6-7-ci sinif şagirdləri arasında Azərbaycan bölməsi üzrə “Ana dili”, rus bölməsi üzrə “Rus dili” və “Riyaziyyat” fənni üzrə monitorinq imtahanlarının nəticələri ilə tanış olsunlar və fikirlərini bildirsinlər. Sözün düzü, monitorinq imtahanlarının elmi nəticələrinin açıqlanmasından sonra bu məsələnin elmi müstəvidə geniş müzakirə olunacağını gözləyirdim. Amma bizə bu materialla əlaqədar sual ünvanlanmadı. Bu məsələləri bizimlə müzakirə etmək istəyənlər 2015-ci ildə keçirilmiş monitorinq imtahanlarının 400 səhifəlik nəticəsini oxumalıdırlar. Biz bütün mütəxəssisləri müzakirələrə dəvət edirik.

Geri dön