Ana Sayfa > Üçüncü sektor > “Akkord” məhkəməyə verildi
“Akkord” məhkəməyə verildi14-04-2015, 10:07. Yazar: admin |
Son vaxtlar ölkə mətbuatı “AKKORD” şirkətində böyük ixtisarlardan, əmək haqlarının xeyli azaldılmasından, işçilərin öz hesabına əmək məzuniyyətinə buraxılmasından və s. yazır. Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) daxil olan iddia ərizəsi yazılanların həqiqət olduğunu göstərir. Ölkənin ən böyük şirkəti doğrudanmı 237 minlik borcunu bağlaya bilmir..? İddia ərizəsini olduğu kimi dərc edirik: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə İddiaçı: «İT Sollutions» MMC Ünvan: Bakı şəh, Z.Bünyadov pr, 86B Cavabdeh: «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC Ünvan: Bakı şəh, Nərimanov ray, Ağa Nemətulla küç, 1937 Akkord Plaza İ D D İ A Ə R İ Z Ə S İ ( p u l t ə l ə b i n ə d a i r) 21 sentyabr 2004-cü il tarixli Nizamnamə əsasında fəaliyyət göstərən «İT Solutions» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyəti arasında 24 may 2013-cü il tarixdə AX-538/0513 nömrəli və 28 iyun 2013-cü il tarixdə AX-705/0613 nömrəli texniki xidmət haqqında müqavilələr bağlanmışdır. 24 may 2013-cü il tarixli, AX-538/0513 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasəsən iddiaçı «İT Solutions» MMC cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nə məxsus texnikanın idarəedilməsi, texniki baxışı, və monitorinq sisteminin avtomatlaşdırılması xidmətlərini, o cümlədən bu müqavilədə və onun ayrılmaz tərkib hissəsi hesab olunan əlavələrində nəzərdə tutulan işləri yerinə yetirməyi, malları təmin etməyi, həyata keçirilən layihənin nəticəsi olaraq quraşdırılan sistemə təhvil verildiyi tarixdən 3 (üç) ay müddətində ödənişsiz, bu müddət bitdikdən sonra isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 2 saylı əlavəsində göstərilən şərtlərlə 1 il müddətinə texniki xidmət göstərməyi bunun müqabilində isə cavabdeh iddiaçıya bu Müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bu müqavilə ilə üzərinə götürdüyü bütün öhdəlikləri lazımi qaydada vaxtında yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçıya 01 aprel 2015-ci il tarixə 227.511,08 (iki yüz iyirmi yeddi min beş yüz on bir manat səkkiz qəpik) AZN borcu yaranmışdır. Həmçinin iddiaçı 28 iyun 2013-cü il tarixli, AX-705/0613 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış hər iki müqavilədə nəzərdə tutulan xidmətlərdən savayı Qələbə meydanında tikilən N1 və N2 saylı piyada keçidləri üçün əlavə video müşahidə sistemi avadanlıqlarının gətirilməsini və müvafiq keçidlərdə quraşdırılmasını, o cümlədən bu müqavilədə və onun ayrılmaz tərkib hissəsi hesab olunan əlavələrində nəzərdə tutulan işləri yerinə yetirməyi, malları təmin etməyi, həyata keçirilən layihənin nəticəsi olaraq quraşdırılan sistemin təhvil verildiyi tarixdən 1 (bir) il müddətində həmin sistemə ödənişsiz texniki xidmət göstərməyi, bunun müqabilində isə cavabdeh bu müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 28 iyun 2013-cü il tarixli, AX-705/0613 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV xaric 19.850 (on doqquz min səkkiz yüz əlli) AZN təşkil etmişdir. Müqavilənin 2.1.1-ci bəndinə uyğun olaraq cavabdeh həmin məbləğin 50%-ni iddiaçıya ödəmişdir. Beləliklə həmin müqavilə üzrə cavabdehin iddiaçıya 9.925,00 (doqquz min doqquz yüz iyirmi beş) AZN ödənilməmiş borcu qalmışdır. Hazırda hər iki müqavilələr üzrə cavabdehin iddiaçıya ümumilikdə 237.436,08 (iki yüz otuz yeddi min səkkiz qəpik) AZN borcu vardır. Göstərilən borcun ödənilməsi barədə dəfələrlə rəsmi qaydada cavabdehə xəbərdarlıq edilsə də bu günədək heç bir nəticəsi olmamışdır. 31 mart 2015-ci ildə sonuncu dəfə cavabdehə borcun ödənilməsi barədə 10 gün vaxt verilməklə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Lakin bu dəfə də cavabdeh etdiyimiz xəbərdarlığa məhəl qoymamış və borcu ödəməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edirik ki, cavabdehə qarşı irəli sürdüyümüz iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. AR MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən AR MPM-nin 4, 149, 250, 216 və 220-ci maddələrini rəhbər tutaraq məhkəmədən, X A H İ Ş E D İ R İ K: İddiaçı «İT Solutions» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 may 2013-cü il tarixli, AX-538/0513 nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 227.511,08 (iki yüz iyirmi yeddi min beş yüz on bir manat səkkiz qəpik) AZN borcun və 28 iyun 2013-cü il tarixli, AX-705/0613 nömrəli müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində yaranmış 9.925,00 (doqquz min doqquz yüz iyirmi beş) AZN məbləğində borcun, o cümlədən nümayəndənin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) AZN məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dən tutularaq iddiaçı «İT Solutions» MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. Geri dön |