Ana Sayfa > Üçüncü sektor > “Forbes”dən bölgədə böyük müharibə xəbərdarlığı: “Bunun axırı yaxşı qurtarmayacaq...”
“Forbes”dən bölgədə böyük müharibə xəbərdarlığı: “Bunun axırı yaxşı qurtarmayacaq...”26-02-2016, 09:03. Yazar: admin |
“Yeni ilə iki gün qalmış, amerikalı siyasətçilər bayrama hazırlaşarkən Rusiya bölgədəki hərbi qruplaşmasını gücləndirdi və Ermənistanla səssiz-səssiz hava hücumundan müdafiə birləşmiş regional sisteminin yaradılması haqda anlaşma imzaladı. Proses sakitcə getsə də, bu, daha çox onun güclü bir əlamətidir ki, Putin NATO sərhədləri yaxınlığında yeni satellit-dövlət yaradır və ABŞ-ın olduqca vacib müttəfiqini hədələyir”. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin sabiq müavini Adam Ereli “Forbes” üçün hazırladığı məqalədə yazır. Materialda daha sonda deyilir: “Ermənistanda Rusiyanın hərbi güc və vasitələrinin təmərküzləşməsinə Vaşinqtonda sükutlu yanaşma var - baxmayaraq ki, bu, özünün Suriya marioneti ilə birgə Putinin regionda dominantlıq etməyə yönəlik planının əsas tərkib hissəsidir. Vaşinqton möhkəmlənməkdə olan Rusiya-İran hərbi əlaqələri haqda da susur. Ən başlıcası odur ki, Ermənistan Türkiyə ilə - NATO üzvü və alyansın cənub cinahı ilə həmsərhəddir, bu sərhədin uzunluğu 265 km-ə çatır. Son ilyarımda, Rusiyanın Suriyada hərbi kampaniyası və Türkiyəyə təzyiqi gücləndikcə Ermənistana rus silahları və şəxsi heyətin axını artıb. Ermənistana bir çox şeylərdən əlavə, ən yeni “Navodçik 2" və ”Taxion" pilotsuz uçan aparatlar, “Mi-24" döyüş vertolyotları və ”İsgəndər M" ballistik raketlər ötürülüb. Keçən ilin iyulunda Putin Ermənistanda döyüş qabiliyyəti hazırlığının plandankənar yoxlanışını keçirməyi əmr edib - o məqsədlə ki, öz qruplaşmalarının Rusiyadan kənarda Rusiya maraqlarına təhlükələri dəf eləmək bacarığını yoslasın. Bu ayın əvvəlində isə müdafiə naziri Sergey Şoyqunun əmri ilə Rusiya Ermənistanın da yer aldığı “cənub-qərbi strateji istiqamətdə” geniş miqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərə cəlb olunmuş hərbi güc və vasitələrin ümumi sayı 8,5 min hərbi qulluqçu, 900 artilleriya qurğusu, 200 döyüş təyyarəsi və 50 hərbi gəmidən ibarət idi. “Kremlin Ermənistandakı hərbi mövcudluğu NATO-nun ürəyinə istiqamətlənmiş bıçaqdır” Rusiyanın Ermənistanda öz hərbi mövcudluğunu genişləndirməsi - narahatlıq doğuran tendensiyanın yalnız son təsdiqidir. Söhbət Putinin NATO və ABŞ-ın Avropadakı maraqları üçün yaratdığı təhlükədən gedir. Rus-erməni alyansı möhkəmlənir. Hazırda Ermənistanda Rusiyanın təxminən 5 min nəfərlik hərbi kontingenti və iki hərbi bazası mövcuddur. 2010-cu ildə tərəflər Rusiya hərbi bazasının qalma müddətini daha 24 il - 2044-cü ilədək uzatmaq barədə saziş imzalayıb. Ermənistan prezidenti Serj Sərkisyanın dediyi kimi, Moskva öz üzərinə respublikanın hərbi qüvvələrini “müasir silah növləri və xüsusi hərbi texnika” ilə təchiz eləmək öhdəliyi götürüb. Kremlin Ermənistanda ən böyük plasdarmı İrəvandan 120, Türkiyə ilə sərhəddən isə 10 km-dən də az məsafədə yerləşən Gümrüdəki 102 saylı bazadır. İstənilən başqa NATO üzvü dövlətinin sərhədi yaxınlığında Rusiya hərbi qüvvə və vasitələrinin bu cür dislokasiyası qəzəbli etirazlar doğurardı. O zaman nədən biz Türkiyəyə münasibətdə pis ört-basdır edilən təcavüz qarşısında susuruq? Və nədən Rusiya zərbə hissələrinə fəxri qəbul düzənləyən Ermənistanı ittiham eləmirik? Hər necə olmasa, Türkiyə İŞİD-ə qarşı qlobal müharibədə olduqca vacib tərəfdaşdır və ABŞ-ın başçılıq elədiyi koalisiyanın o azsaylı üzvlərindəndir ki, İŞİD-in strateji əhəmiyyətli dayaq məntəqələri yaxınlığında hərbi bazalara malikdir. 2015-ci ilin iyulunda ABŞ və Türkiyə Suriya və İraqda İŞİD-lə birgə mübarizə haqda yükün anlaşmanı qəbul elədi. Bu da Amerikaya imkan verdi ki, Türkiyənin cənubundakı İncirlik bazasından təyyarələri havaya qaldırıb, Suriyanın şimal rayonlarındakı terrorçuların mövqelərinə zərbələr endirsin. Məsələ ondadır ki, bizə təhlükə vəd edən hədəyə biz diqqət etmirik. Beynəlxalq diplomatiyada isə coğrafiya - hər şey deməkdir. Ermənistan ABŞ-ın üç mühüm müttəfiqi ilə həmsərhəddir - Gürcüstan, Azərbaycan və Türkiyə. Rusiya qüvvələri hazırda Gürcüstan ərazilərini işğal altında saxlayır. Azərbaycan daima Moskvanın şantajına məruz qalır və Rusiya enerjidaşıyıcılarının asılılığından Avropanı qurtarmaq üçün o, əsas elementdir. Səhvlər buraxmaq lazım deyil: Ermənistan-Rusiya alyansının güclənməsi fonunda Kremlin Ermənistandakı hərbi mövcudluğu - NATO-nun ürəyinə istiqamətlənmiş bıçaqdır. Di gəl, Moskva əlində silah oynadarkən Vaşinqton susqunluq göstərir. “Rusiya Türkiyəni düşmən dövlət qismində görür və geri çəkilmək fikrində deyil” Ötən ilin avqustunda “The Moscow Times” nəşri belə bir xəbər yaymışdı: prezident Vladimir Putin Moskvadakı türk səfirinə deyib: “Diktator-prezidentinizə çatdırın ki, o, özünün İŞİD terrorçuları ilə birgə cəhənnəmə düşə bilər və mənim Suriyanı (Ərdoğan üçün) böyük Stalinqrada çevirməkdən savayı yolum qalmır”. Situasiyanın bütün oynaqlığını kənara qoysaq, məram-niyyət tam aydındır: Rusiya Türkiyəni düşmən dövlət qismində görür və geri çəkilmək fikrində deyil. Yaranmış vəziyyət həyəcan doğurur: Ermənistan etibarsız, təhlükəli tərəfdaşa münasibətdə səhlənkarlıq edir. Rusiya isə Ermənistandan istifadə edərək bizim maraqlarımıza təhlükə yaradır. ABŞ güc mövqeyindən danışıqlar aparmalıdır. Biz isə bunun əvəzinə Putinin açıq güc nümayişi ilə barışırıq. XX əsrin tarixi göstərir ki, bunun axırı yaxşı qurtarmayacaq. Geri dön |