Ana Sayfa > Üçüncü sektor > Qar bütün problemləri üzə çıxardı

Qar bütün problemləri üzə çıxardı


27-01-2016, 09:59. Yazar: admin
Qar bütün problemləri üzə çıxardı
Yanvarın 25-dən etibarən yağan qar Bakıda hərəkəti az qala iflic edib. Paytaxtla yanaşı respublikanın digər yerlərində yollar buz bağlayıb. Yollara qum və duz səpilmədiyindən, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Belə ki, bir neçə zəncirvari avtomobil qəzası baş verib.

Vertikal.az xəbər verir ki, “Bizim Yol” qəzetinin mövzu ilə bağlı hazırladığı materialda bildirilir ki, ölkənin müxtəlif bölgələrindən daxil olan xəbərlərə görə, qarlı hava şəraiti ilə əlaqədar bir sıra yerlərdə elektrik enerjisi kəsilib.

Sosial şəbəkə istifadəçiləri yolların qardan və buzdan təmizlənməsi üçün texnikadan deyil, Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərindən istifadə olunmasını müzakirə ediblər. Bu vəziyyəti özündə əks etdirən görüntülər durmadan paylaşılıb. Görüntülərdən məlum olur ki, nəqliyyat yollarının və səkilərin qardan təmizlənməsində yaşlı qadınların əməyindən istifadə olunur.

Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti və "Azəryolservis" ASC nümayəndələri yolların qardan təmizlənməsi üçün ayrılan texnika ilə bağlı məlumatlar veriblər. Belə ki, "Azəryolservis" təkcə Bakıda yolların təmizlənməsi üçün 382 ədəd texnikanın cəlb olunduğu, 1500 ton texniki duzun alınması üçün də müqavilənin imzalandığını qeyd edirdi. Bu texnikanı paytaxtın yollarında görməyən vətəndaşlar müvafiq dövlət qurumlarını sərt tənqid ediblər.

Buz bağlamış yollara qum və duz səpilmədiyindən Binəqədi rayonunun Hüseynbala Əliyev və Eldar Babayev küçələrinin kəsişməsindəki "dörd yol"da avtoqəzalar baş verib. Avtomobillərə zərər dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

"Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, qurumun balansında olduğu yolların qardan təmizlənməsi üçün kifayət qədər texnikası və kişi işçisi var.

8 qəza: 1 ölü, 13 yaralı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Azvision"a açıqlamasında bildirib ki, baş verən qəzalarda 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Respublika ərazisində buz bağlayan yollarla bağlı APA-ya məlumat verən K.Əliyev deyib ki, Bakı-Şamaxı yolunun 66-cı kilometrliyindən 133-cü kilometrliyinədək hissəsini artıq buz bağlayıb. Gecə saatlarında bu məsafənin daha da uzanacağı ehtimalı var. Bundan başqa, Bakı-Quba yolunun bəzi ərazilərində də buzlaşma müşahidə edilir. Buz bağlayan yollara qum və duz səpilir.

K.Əliyev həmçinin bildirib ki, sürücülərdən magistral yollardakı vəziyyəti nəzərə alaraq iki aparıcı oxu olan nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.

"Bizim Yol"a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, dekabrın 25-dən 26-sı səhər saatlarına qədər paytaxtda 5 yol qəza hadisəsi qeydə alınıb: "Qəzalar zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi zərər dəyib. Qəzaların baş verməməsi üçün sürücüləri qarlı hava şəraitində sürət həddi minimuma endirilməsinə və ara məsafəsini normadan artıq saxlanmasına çağırış edirik. Bu günlərdə yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir".

V.Əsədov bildirdi ki, buzlaşma halları paytaxtın enişli-yoxuşlu yollarında da müşahidə olunur: "Hazırda Yasamal rayonu və Yeni Günəşli qəsəbəsi ərazilərində yollar buz bağlayıb. Bu ərazilərdə gecə saatlarında buzlaşmanın daha da artacağı gözlənilir.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından açıqlamasında isə bildirilir ki, yanvarın 25-i və 26-da stansiyada 1 800 çağırış qeydə alınıb. Müraciət edənlərin əksəriyyəti Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda müayinə olunublar.

Qarlı hava şəraiti sakinləri qaranlıqda qoydu

İki gündür yağan qar nəticəsində paytaxtın Maştağa və Əmircan qəsəbələrinin sakinləri bir sutka qaranlıqda qalıblar. Belə ki, qarlı hava ilə əlaqədar sözügedən qəsəbələrdə elektrik xətləri sıradan çıxıb. "Azərişıq" ASC-nin yaydığı məlumata görə, "Şimal-Qərb" RETSİ -nin xidməti ərazisində olan rayonlarda 24.01.2016-cı tarixdən etibarən qeyri-sabit hava şəraitində güclü qar yağması nəticəsində yanvarın 25-dən 26-na keçən gecə saat 3-4 radələrindən başlayaraq 35-10 kV-luq EVX-də açılmalar olub. Dünən axşam saatlarına qədər 2 ədəd 35 kV-luq və 18 ədəd 10 kV-luq EVX-i bağlanıb.

O cümlədən, hazırda Şamaxı, Qax və İsmayıllı EŞ-nin ərazisində normal elektrik enerjisi verilişi bərpa edilib. Zaqatalada - 6 , Balakəndə - 9, Şəkidə - 2, Oğuzda - 2, Qəbələdə - 7 ədəd 10 kV EVX-də təmir bərpa işləri aparılır. Axşam saatlarına qədər bütün xətlərdə elektrik enerjisinin ötürülməsi bərpa ediləcək.

Bundan başqa, "Cənub" RETSİ-nin xidməti ərazisinə daxil olan 110 kv-luq 1-ci Lənkəran y/st-dan çıxan Lerik rayonunu qidalandıran 35 kv-luq Hamarat hava xəttində güclü buzlaşma nəticəsində naqil qırılıb və yerlə əlaqə olduğuna görə xətt qəzadan açılıb. Xətt keçən ərazi çətin relyef və qalın qar örtüyü olduğuna görə təmir bərpa briqadasının işini çətinləşdirir. Hal-hazırda Hamarat hava xəttinin bərpası ilə əlaqədar təmir bərpa briqadası iş aparır.

110 kv-luq Masallı yarımstansiyasından qidalanan 35 kv-luq I Yardımlı və II Yardımlı 2 dövrəli hava xəttinin buzlaşma nəticəsində dayağı sıradan çıxıb. Həmin hava xəttinin dayağının bərpası ilə təmir bərpa briqadası maşın-mexanizm ilə şəbəkə rəhbərliyi məşğuldur. Hər iki rayonun arasında dairəvi sxem mövcud olduğuna görə iki xətdən biri bərpa olunan kimi hər iki rayona gərginlik veriləcək.

Qarlı və şaxtalı hava şəraiti davam edəcək

Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova qeyri-sabit hava şəraitinin yanvarın 27-dək davam edəcəyini bildirdi: "Şimaldan hərəkət edən soyuq hava cərəyanlarının təsiri nəticəsində yanvar ayının 24-dən başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişməsi müşahidə olundu. Yanvarın 25-də isə hava şəraiti bir qədər də kəskinləşdi. Güclü şimal-qərb küləyi əsir. Arada yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar əksər rayonlarda sulu qar və qar şəklindədir. Ayrı-ayrı rayonlarda isə yağıntılar gecə xarakterli olub. Bu cür hava şəraitinin yanvarın 27-si gündüz saatlarından başlayaraq, tədricən mülayimləşməsi gözlənilir. Belə ki, müşahidə etdiyimiz güclü şimal-qərb küləyi yanvarın 27-si gündüz saatlarından başlayaraq, mülayimləşəcək və yağıntılar tədricən kəsiləcək.

Havanın temperaturu paytaxtda gecə saatlarında 1-6 dərəcə şaxta, gündüz saatlarında isə 1-4 dərəcəyədək isti müşahidə olunacaq. Yanvarın 28-də isə artıq paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir və mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu yanvarın 28-də bu günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksək olacaq. Bölgələrdə də yanvarın 27-dən başlayaraq yağıntılar tədricən kəsiləcək. Yanvarın 28-də əsasən yağmursuz hava şəraiti olacaq. Bölgələrdə ayın 28-də bu günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək. Yanvarın 2-də bölgələrdə gecə saatlarında 4-8 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti müşahidə olunacaq. Dağlıq ərazilərdə havanın temperaturu gecə saatlarında 7-10 dərəcə şaxta, gündüz saatlarında 3-8 dərəcə şaxta müşahidə olunacaq. Yanvarın 28-dən isə havanın temperaturu bu günlərə nisbətən yüksələrək Mərkəzi Aran rayonlarında 6 dərəcəyədək isti gözlənilir".

Geri dön