Ana Sayfa > Üçüncü sektor > Azərbaycanın son 2 ayı - "MTN işi", yanğın, devalvasiya...
Azərbaycanın son 2 ayı - "MTN işi", yanğın, devalvasiya...25-12-2015, 09:58. Yazar: admin |
Azərbaycan cəmiyyəti son iki aydır demək olar ki, hər gün gərginlik içərisindədir. Öncə MTN-də baş verən hadisələr üzə çıxdı. Bunun ardınca isə cəmiyyət Nardaran hadisələri, daha sonra “Günəşli” yatağında baş verən faciəvi yanğından sarsıldı. Bu hadisələr sonrası insanlar yenicə toparlanıb Yeni ilə hazırlaşarkən isə gecə ilə manatın kəskin devalvasiyası baş verdi və əhali bir gecədə gəlirlərinin 50 faizini itirdi. Bu cür sensasion gəlişmələrin cəmiyyətə hansı təsirləri ola bilər? Məsələ ilə bağlı musavat.com-a danışan psixoloq Dəyanət Rzayev bildirib ki, ölkədə cinayət hadisələrinin sayı artacaq: "“Psixoprofilaktika” deyilən bir anlayış var. Misal üçün, cinayət baş verməzdən öncə onun qarşısını almaq tədbirləri görülməlidir. Öncə məsələyə bu cür yanaşaq ki, evdə uşaq hansısa bir ərköyünlük edən zaman onun qarşısını öncədən alarsaq, gələcəkdə onun davranışında bu proses daha da dərinləşməz. Cəmiyyətdə də eyni ilə belədir. Ümumi götürdükdə, Azərbaycanda son 70 gündə baş verən hadisələr, əhalinin psixologiyasına olduqca böyük zərbə vurub. Hələ ki bunu bir o qədər də hiss etmirik. Çünki proseslər yeni başlayıb. Fəsadlar daha sonra hiss olunacaq. Üç fakt var ki, bu cəmiyyətləri uçuruma aparır: ümidsizlik, qorxu və qeyri-müəyyənlik. Azərbaycan xalqı bu gün sadaladığım faktların üçünü də yaşayır. Bütün hər kəsdə bu dəqiqə qorxu var. Deyirlər, görəsən, hadisələr necə inkişaf edəcək, başımıza nə gələcək? Elə bu sualdan da qeyri-müəyyənlik yaranır. Başlarına nəyin gələcəyini bilmirlər. Nəyinsə də yaxşıya doğru dəyişəcəyinə ümid etmirlər. Buna görə də ümidsizdirlər". Psixoloq bildirib ki, hətta müharibə olan zaman belə, insanlarda heç olmasa, sabaha ümid olur: “Ümid edirlər ki, qələbə çalacaqlar və hər şey düzələcək. Azərbaycan cəmiyyətinin indiki duruma düşməsinin başlıca səbəblərindən biri də aldanmasıdır. Hər kəs düşünürdü ki, MTN təmiz strukturdur. Orada heç bir qayda pozuntusu, korrupsiya faktoru ola bilməz. Ancaq yaşananlar bunun əksini göstərdi. Devalvasiya zamanı da həmçinin Mərkəzi Bankın sədri televiziya vasitəsilə bildirdi ki, manat ucuzlaşmayacaq, ancaq ucuzlaşdı. Tutalım insanlar bir günə 10 manat qazanmışdılarsa, səhər yuxudan dururlar ki, bu pul 5 manat olub. Bu da əlavə gərginliklər yaradır. Hazırda cəmiyyətin həyatında bir problem də budur ki, savadlı təbəqənin bir çoxu xaricə köçür. Bunun özü də cəmiyyətin gələcəyi üçün mənfi haldır. Baş verən hadisələrdən sonra ölkədə cinayətlərin sayı artacaq. İnsanlar düşünürlər ki, tutulsaq həbsxanada hazır yemək yeyəcəyik. Bax bunun özü artıq faciədən xəbər verir”. Sosioloq Əhməd Qəşəmoğlu musavat.com-a açıqlamasında bildirib ki, ölkədə hazırda bir o qədər də sosial gərginlik hiss olunmur: “Sadəcə, insanlarda bir ruh düşkünlüyü var. Bunun nəticəsində isə insanların səhhətində problemlər olacaq. Hazırda hökumət də bu problemlərin qarşısını almaq üçün təcili stimullaşdırıcı tədbirlər keçirməlidir. Ən qorxulu şey ümidə dəyən ziyandır. Hiss olunur ki, dövlət də bu istiqamət üzrə hansısa proqramların üzərində işləyi”. Bu proseslərə mətbuat nümayəndələri bir qədər fərqli yanaşırlar. Mətbuatın işi cəmiyyətlərdə baş verən hadisələrdən yarandığı üçün sensasion gəlişmələr zamanı mətbuat nümayəndələri həm də iş gərginliyi içərisində olurlar. Mövzu ilə bağlı hafta.az saytının redaktoru Səbinə Əvəzqızının fikirlərini aldıq. O, aşağıdakıları söylədi: “Bilirsiz, yadıma müxbir işlədiyim dövrlər düşdü. Bir ara siyasi kriminal xəbərlər üzrə materiallar hazırlayırdım. Hadisə baş verən kimi elə sevinə-sevinə gedirdim ki... Bir gün redaksiyadaydım, xəbər gəldi ki, parkda iki vəzifəli şəxsin uşaqları bir-birini bıçaqlayıb. Yerimdən od kimi götürülüb sevincək gedirdim ki, birdən dedilər ölüm yoxdur. Mən də dedim sevinmişdim ki, qətl olub. Sonra öz dediyimdən özüm də qorxdum. Biz media əhli təbii ki, hadisə, yenilik axtarırıq. Durğunluq heç işimizə gəlmir. Çünki hadisə olmayanda gərək gündəmi özümüz yaradaq. Bu da asan məsələ deyil. MTN hadisələri açılan zaman artıq cəmiyyət itirdikləri xəbərləri oxuyurdu. Yəni məlum oldu ki, onun ölkəsində sahibkarların, dolayısıyla onun iqtisadi durumunun başına hansı oyunlar gəlibmiş. Neftçilərin şoku isə hələ də davam edir. Bu sahədə həm cəmiyyət, həm insan olaraq itkilərimizi heç nə ilə müqayisə edə bilmərik. İnanmıram ki, hansısa media rəhbərini bu xəbərlərə görə tutduğu İP-lər sevindirsin. Bəlkə də var, heç kimin yerinə söz vermək istəməzdim". S.Əvəzqızı bildirib ki, devalvasiyaya gəldikdə, bu burulğan vətəndaşlarla birlikdə bizi də içinə çəkdi: “Təbii ki, yeni gündəm yaratdı, ortaya xeyli mövzu çıxdı. Məsələn, 2-3 gündür bizim müxbirlər devalvasiyaya məruz qalan yerlərdən reportaj hazırlayacaqlar deyə demək olar ki, ofisə gəlib çıxa bilmirlər. Həm işin, həm də şəxsi maddi çətinliklərimizin gərginliyi altındayıq. Bir sözlə, son 70 gündə işdə templər artan xətlə inkişaf edir. Cəmiyyətin nəsə qazandığını isə görmürəm. Yalnız Nardaran hadisələrində gələcəyə ümidlə baxıram. Təbii ki, orada itirdiyimiz 7 nəfəri öz ailəmdən itki kimi qəbul edərək içimi acıdır. Lakin ümidliyəm ki, bu proseslər daha böyük itkilərin qarşısını alıb”. Geri dön |