Ana Sayfa > Üçüncü sektor > Bəzi məmurların işbazlar qarşısında çarəsizliyi

Bəzi məmurların işbazlar qarşısında çarəsizliyi


25-11-2015, 10:52. Yazar: admin
Bəzi məmurların işbazlar qarşısında çarəsizliyi
Paytaxtın avtomobil bazarında canlanma hiss edilir. Bu canlanma istər bazarlara üz tutan alıcıların sayında, istərsə də alqı-satqıdan sonra avtomobillərin qeydiyyata salındığı notariuslarda gözə çarpır. Son bir neçə həftədə bəzi avtomobillərin qiymətində də artım hiss olunur.

İstər alıcılar, istərsə də satıcılar da qiymətlərdə artımın olduğunu təsdiq ediblər. Avtomobil alqı-satqısı ilə məşğul olan Seyid Məmmədov deyir ki, qiymət artımı ən çox dəyəri 20 min manata qədər olan və daha çox işlənmiş avtomobillərə aiddir: "Məsələn son iki aya qədər 6-7 min manata olan 1997-1998-ci ilin "Merdeces" markalı avtomobillərin qiyməti indi 7 min 800- 8 min 500 manata qədər yüksəlib. Yaxud da 9 min manata qədər ucuzlaşan 2008-ci ilin "Hundai" markalı avtomobillər hazırda 10- 11 manat arasında dəyişir".
Satıcıların sözlərinə görə qiymət artımı ili 2005-ci ildən aşağı olan avtomobillərin taksi fəaliyyəti ilə məşğul ola biməyəcəyinə dair verilən qərarla bağlıdır. Hazırda bunu eşidən bütün taksi fəaliyyəti ilə məşğul olan şəxslər məcburdur ki, ili daha təzə olan maşınlar alsınlar. Bu bazarda canlanmaya səbəb olur.: "Digər bir məqam isə orta təbəqənin daha çox ili 2000-ə qədər olan avtomobillərə maraq göstərməsidir. Çünki orta təbəqəli insanların maddi durumu bu nəqliyyat vasitələrini almağa imkan verir. Hazırda isə ölkəyə ili 2005-dən aşağı olan avtomobillərin buraxılmaması da təbii ki, bazarda qıtlığa, nəticədə də qiymət artımına səbəb olur."
Bahalı avtomobillərdə də qiymət artımı müşahidə olunur. Satıcılar isə bu artımın çox cüzi olduğunu deyiblər. Ceyhun adlı şəxs deyib ki, maklerlərin avtomobil qiymətlərini qaldırdığını görərək o da öz avtomobilimin qiymətini müəyyən qədər artırıb: "Tək fərq odur ki, əvvəllər heç yaxınlaşıb soruşan yox idi, indi isə bəzi vətəndaşlar yaxınlaşıb qiymətlər ilə maraqlanırlar. Hətta əvvəlki qiyməti verən də oldu, ancaq mən razılaşmadım".
Qiymət artımının və avtomobil bazarında canlanmanın digər səbəbləri də var. “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri, ekspert Azər Allahverənov deyir ki, qiymət artımının və bazardaki canlanmanın əsas səbəbi son dövrlər bankların manatla olan kreditləri bərpa etməsidir. Bu da alıcılıq qabiliyyətinin artmasına təsir edən amillərdəndir: "Ancaq ola bilər ki, bu yüksəlmə müvəqqəti xarakter daşısın və bir müddət sonra avtomobil bazarında yenidən durğunluq yaransın. Hazırda bazara avtomobillər bir qrup şəxslər tərəfindən gətirilir. Bunlardan biri xaricdən şirkətlər vasitəsi ilə gətirilən maşınlardır ki, heç bir avtomobil gətirən şəxs razı olmaz ki, xarici ölkədən baha qiymətə aldığı nəqliyyat vasitəsini dəyərindən aşağı, yaxud aldığı qiymətə satsın. Bazarda tələb və təklifin artması təbii ki, bu şəxslərin də fəallaşmasına səbəb olur."
Avtomobil bazarında apardığımız müşahidələrdə onun da şahidi olduq ki, qiymət artımından xəbəri olmayan bəzi vətəndaşların aldadılması da labüddür ki, bunu da bəzi işbazlar həyata keçirir. Maşınını gətirib bazarda satmaq istəyən insanlara qiymətlərin düşdüyünü deyərək onları aldadırlar. Daha sonra isə həmin avtomobilləri ucuz qiymətə alaraq daha baha qiymətə satışa çıxarırlar. Nəticə etibarilə bazarda süni qiymət artımı baş verir. Nəticədə bu alqı-satqıdan qazanan yalnız işbazlar olur.
Belə işbazlara qarşı isə aidiyyatı qurumların hərəkətə keçməsi lazımdır. Amma biz onların maşın bazarında yaranmış özbaşına duruma hər hansı qanuni müdaxiləsinin şahidi olmuruq. Bunun səbəbləri isə şübhəsiz maraq doğurur.
Amma inanaq ki, məlum məsələ ictimailəşdikdən sonra müvafiq hökumət strukturları bu istiqamətdə hərəkətə keçəcək, qanunvericiliyin tələbləri çərçivəsində müəyyən işbazların vətəndaşları soymasını əngəlləməyə çalışacaqlar

Geri dön