Ana Sayfa > Region / Manşet > Suraxanıda qanunsuz tikintilər vüsət alıb

Suraxanıda qanunsuz tikintilər vüsət alıb


9-10-2015, 11:59. Yazar: admin
Suraxanıda qanunsuz tikintilər vüsət alıb
Redaksiyamıza daxil olan məlumatlarda vurğulanır ki, bu gün Bakının Suraxanı rayonu ərazisində qnunsuz tikililərin inşası böyük vüsətlə davam edir. Rayon rəhbərliyinin bu xüsusda yol verdiyi qanun pozuntuları sakinlərin ciddi narahatlığına səbəb olur, vətəndaşların hüquq və imtiyazlarına xələl gətirir. Təqdim edilən açıqlamalarda RİH-nin başçısı İlqar Abbasovun yol verdiyi qanunsuz əməllərdən və məhz bu səbəbdən rayon ərazisində yaranmış hərc-mərclikdən bəhs olunur. Bildirilir ki, Suraxanı rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu ilə şəhərin digər rayonları arasındaözünəməxsus yer tutur. Digər tərəfdən də, qanunsuz torpaq satışlarının reallaşdırılması məqsədilə icra hakimiyyəti rəhbərliyinin rayon ərazisində mövcud olan yaşıllıq zolaqlarına qənim kəsilməsi mütəmadi olaraq böyük qalmaqallara səbəb olur. Həmçinin məlumatlarda qeyd olunur ki, rayon ərazisində olan torpaq sahələrinin qeyri-qanuni satışı, yeni tikintilər üçün qanunsuz sərəncamların verilməsi və digər bu kimi əməllər bir tərəfdən vətəndaşların hüquqlarını pozur, digər tərəfdən isə müxtəlif infrastruktur müəssisələrin normal fəaliyyətini əngəlləyir. Məlumatı təqdim edən mənbə bildirir ki, Suraxanı RİH-də qeyri-qanuni tikinti işlərinin aparılmasına icazə vermək səlahiyyətləri daha çox Rayon təsərrüfatı şöbəsinin müdiri Etibar Yolçuyevin və bu işdə ona yardımçı olan Vüsal və Rövşən adlı daha iki əməkdaşın əllərinində cəmləşdirilib. İddiaya görə, bu gün rayonun Hövsan qəsəbəsi və Binə südçülük sovxozu ərazilərində inşa olunmuş şəxsi evlərin əksəriyyətinin heç bir müvafiq sənədi yoxdur. Bunun müqabilində isə adları çəkilən məmurlar tərəfindən vətəndaşlardan hər bir evə görə 800 manatdan 1200 manatadək pul alınır. Mənbə bildirir ki, bu məmurlar ev tikən vətəndaşlardan pul yığımını xüsusi sxem əsasında həyata keçirirlər. Belə ki, bu və ya digər ərazidə tikinti işləri başladıqda, məmurlar əvvəlcə həmin evi sadəcə nəzarətə götürürlər. Tikilən evin sahəsi və mərtəbə sayı barədə məlumatlar əldə olunaraq, Etibar Yolçuyevə təqdim olunur. Etibar müəllim həmin məlumatlar əsasında vətəndaşdan alınacaq “rüsumun” məbləğini təyin edir. Bir neçə gün keçdikdən sonra isə, Rövşən əraziyə gələrək tikintini dayandırır. Bundan sonra ev sahibi Suraxanı rayonu Mədəniyyət evinin qarşısındakı çayxanada Vüsalla görüşür. Burada vətəndaşa verməli olacağı məbləğ açıqlanır. Növbəti görüşdə isə, əgər vətəndaş tələb olunan pulu ödəyərsə ona tikintini davam etməyə icazə verilir...

Mövzuya dair ötən yazılarımızda da biz artıq qeyd etmişik ki, bu gün respublikamızın bütün regionlarında, xüsusən də paytaxt Bakımızda aparılan yenidənqurma və abadlıq işlərinin fonunda, hələ də bu proseslərdən kənarda qalmağı və dövlət tərəfindən verilmiş səlahiyyətlərdən xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə yararlanması ilə Suraxanı RİH-nin rəhbərliyi xüsusilə diqqəti cəlb edir. Rayonda baş verənləri müşahidə etməklə də görmək olur ki, başçı İlqar Abbasovun səyləri heç də gözlənildiyi kimi sakinlərin problemlərinin həllinə yönəlməmişdir. Digər tərəfdən isə, redaksiyamıza daxil olan məlumatlarda İlqar Abbasov tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlara, müəsisə və təşkilat rəhbərlərinə, eləcə də sadə vətəndaşlara qarşı yolverilməz təzyiq üsullarından istifadə edildiyinə dair açıqlamalar təqdim olunmaqdadır. Təsadüfi deyil ki, bu gün yerli sakinlərə qarşı rüşvət tələbi irəli sürərək, onların əmlakını, ev-eşiklərini bir göz qırpımında viran etməyə hər zaman hazır olan qurumlardan biri kimi də məhz Suraxanı Rayon İcra Hakimiyyətinin adı tez-tez hallanmaqdadır...

Geri dön