Ana Sayfa > Region / Manşet > Lənkəranın Kərgəlan bələdiyyəsinin “veteranları”

Lənkəranın Kərgəlan bələdiyyəsinin “veteranları”


2-09-2015, 10:44. Yazar: admin
Lənkəranın Kərgəlan bələdiyyəsinin “veteranları”
Qəzetimizin 28.08.2015-ci il tarixli sayında “Lənkəranın Kərgəlan bələdiyyəsində maxinasiyalar” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yerli mənbələr tərəfindən təqdim olunmuş məlumatlar əsasında hazırladığımız həmin materialda biz göstərmişdik ki, Lənkəran rayonunun dörd kəndini – Kərgəlan, Lüvəsər, Darquba və Səbir kəndlərini əhatə edən Kərgəlan bələdiyyəsinin fəaliyyəti davamlı olaraq bir çox neqativ hallarla müşayiət olunmaqdadır. İlk növbədə aldığımız məlumatlarda qeyd olunur ki, 67 yaşlı bələdiyyə sədri Rəşid Bayramov, əslində elə təqaüdçülərə xas olan bir həyat tərzi keçirməklə, öz vəzifə səlahiyyətlərinin icrasına tam məsuliyyətsizliklə yanaşır. Belə ki, gününü daha çox çayxanalarda keçirən, nərd və domino oyunları ilə başını qatan bələdiyyə sədrini iş yerində tapmaq demək olar ki, mümkün deyil. Bununla belə açıqlamalarda bu da vurğulanır ki, bələdiyyənin ərazisində torpaq sahəsi almaq istəyən pullu müştəri ortaya çıxdığı zaman Rəşid Bayramov da, bələdiyyənin digər bir üzvü, 71 yaşlı Mərdan Nəsirov da öz yaşlarına uyğun olmayan işgüzarlıq və çeviklik nümayiş etdirirlər. Elə bu “işgüzarlığın” nəticəsidir ki, bu gün artıq Lənkərançayın Lüvəsar kəndi ərazisindən keçən hissəsinin sahilində, eləcə də bələdiyyənin digər ərazilərində demək olar ki, boş torpaq sahələri qalmamışdır. Artıq vəziyyət elə bir həddə çatıb ki, bu iki qocaman bələdiyyə “veteranları” hətta sakinlərin pay torpaqlarını da satmaqdan belə çəkinmirlər. Qeyd etmək lazımdır ki, Rəşid Bayramovun həyata keçirdiyi torpaq maxinasiyaları barədə əvvəllər də ölkə mətbuatına kifayət qədər məlumatlar əqdim olunub. Belə məlumatlardan birində Kərgəlan kənd sakini Rahim Axundov yazır: “Bildirirəm ki, anam Axundova Sərvər Rufulla qızı Lənkəran rayonunun Kərgəlan kəndində yaşayır. Kənddə yaşadığı evinin qabağında sovet dövründə keçmiş Kərgəlan kolxozunun (əvvəllər sovxozun) maşın və texnikasının qarajı fəaliyyət göstərib. Hazırda həmin ərazidə kəndin Məscidi tikilmişdir. Qarajın yerdə qalan ərazisi anam Sərvər xanımın yaşadığı həyətyanı torpaq sahəsinə bitişik olduğundan və həmin torpaq sahəsindən ehtiyaclarını ödəmək məqsədi ilə müxtəlif məqsədlər üçün istifadə etdiyindən, müvafiq qanunvericiliyə uyğun olaraq oranı almaq istəmiş və bu barədə dəfələrlə Kərgəlan kənd Bələdiyyəsinin sədri cənab Rəşid Bayramova müraciət etmiş, lakin müsbət cavab almamışdır. Bələdiyyə sədri bildirmişdir ki, həmin ərazi Kərgəlan bələdiyyəsinin ərazisinə daxil deyildir. İctimai ərazi olaraq qalır. Buna görə də indiki məqamda həmin ərazini Sərvər xanıma satmaq qeyri-mümkündür. Lakin 2014-cü ilin payızında məlum olmuşdur ki, həmin ərazi artıq 2011-ci ildə vətəndaş Məmmədov Hicrət Rafiq oğluna satılmışdır. Bununla da “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 16.3 və 16.4-cü maddələri pozulmuşdur. Çünki bu qanun qüvvəyə minənədək həmin torpaq sahəsindən anam müxtəlif məqsədlər üçün istifadə edirdi. Eyni zamanda sözügedən qanunun 9.7-ci maddəsinin tələblərinə görə Kərgəlan kənd bələdiyyəsinin sədri R.Bayramov həmin torpaq sahəsinin satışa çıxarılması, qiyməti, ölçüləri, olduğu yeri, təyinatı barədə əvvəlcədən kənd əhalisini məlumatlandırmamış, digər seçiciləri, o cümlədən seçici hüququna malik olan Sərvər xanım Axundovanı aldatmış və qabaqcadan əlbir olduğu şəxsə həmin torpaq sahəsini qanunsuz olaraq satmışdır...” Aldığımız digər bir məlumatda isə Rəşid Bayramovun həmçinin ali təhsilinin də olmadığı bildirilir. Mənbə qeyd edir ki, bələdiyyə sədri bu faktı heç inkar belə etmir və bu barədə ona verilən sualları belə cavablandırır: “Məni bura təyin edənləri mənim diplomum yox, aylıq “planı” vaxtlı-vaxtında çatdırmaq bacarığım maraqlandırır...”

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri dön